Yaponiyanın səfiri Mingəçevirdə səfərdə oldu.
Martın 10-da Yaponiyanın Azərbaycandakı fövalədə və səlahiyyətli səfiri cənab Vada Cüniçi Mingəçevir şəhərində olmuşdur. Hörmətli qonağı qəbul edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov cənab Vadanı salamlayaraq ona şəhərimiz haqqında ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, qədim yaşayış məskəni kimi tanınan Mingəçevir 1948-ci il noyabrın 11-də şəhər statusu almışdır. Əhalisi 106,591 nəfər, ərazisi 130 kv-klometr olan şəhərdə 20 mindən artıq məcburi köçkün məskunlaşmışdır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Mingəçevir şəhəri də inkişaf edərək yeni mərhələyə qədəm qoymuş, onun infrastrukturu yenilənmişdir. Bu gün şəhərimizdə Heydər Əliyev mərkəzi, Gənclər evi, Dövlət Rəmzləri muzeyi, bir çox park və xiyabanlar inşa edilərək sakinlərin istifadəsinə verilmişdir. O cümlədən keçmiş ittifaq tabelində olan müəssisələr yenilənərək məhsul istehsalı sahəsində öz töhfələrini verməkdədir. Bunlardan 14,8 hektar sahədə yaradılan Mingəçevir Tekstil sənaye parkını, Yüksək Texnologiyalar parkını, Asan Həyat kompleksini, eləcə də Mingəçevir Su Elektrik Stansiyası və Azərbaycan İES MMC-ləri nümunə göstərmək olar. Bu müəssisələrdə iş ahəngdarlığı pozulmadan istehsal davam etməkdədir.
İcra Hakimiyyətinin başçısı eyni zamanda qeyd etdi ki, son illərdə “Azneftemaş” ASC-nin, “Akkord Mingəçevir Maşınqayırma Zavodu” ASC-nin, “Mingəçevir İzolit” ASC-nin, “İnterenerji Elektrik Beton Dayaqları İstehsalı” MMC-nin fəaliyyətini təqdirəlayiq hesab etmək olar. Şəhərdə Kür Olimpia Tədris İdman Mərkəzinin, 5100 tamaşaçı yeri olan şəhər stadionunun, 4 ulduzlu otellərin fəaliyyəti inkişafımıza öz töhfəsini verir.
Hörmətli qonağa şəhər haqqında məlumat verən İcra Hakimiyyətinin başçısı şəhərin mədəniyyət, təhsil, tibb ocaqları və turizm məkanları ilə bağlı çoxsaylı imkanları da bölüşdü. Bildirdi ki, bu imkanlar şəhər əhalisinin təhsil almaları, tibbi xidmətdən istifadə etmələri və istirahətlərini yaxşı təşkil etmək üçün şərait yaradır. Yaponiyanın iş adamları və işgüzar dairələri ilə əlaqələrin genişlənməsi bu xidmət sahələrindən istifadənin artırılmasına təkan verə bilər. Çox istərdim ki, yaxın gələcəkdə Yaponiyanın hər hansı bir şəhəri ilə Mingəçevirin qardaşlıq əlaqələrinin yaranmasına dəstək durasınız. Bu iqtisadi və mədəni əlaqələrimizin inkişafında mühüm rol oynayar.
Yaponiyanın Azərbaycandakı fövalədə və səlahiyyətli səfiri cənab Vada Cüniçi səmimi qarşılandığına görə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova təşəkkürünü bildirdi. Mingəçevirdə ilk dəfə olduğunu xatırladan hörmətli qonaq şəhər haqqındakı ətraflı məlumatı dinlədikdən sonra öz təəssüratlarını bölüşdü. Mingəçevirlə dostluq əlaqələrinin genişləndirilməsi üçün lazımi tədbirlərin görülməsinə hazır olduğunu diqqətə çatdırdı. Yaponiya ilə Azərbaycan arasındakı dostluq əlaqələrinin 30 illik tarixi olduğunu qeyd edən cənab Vada Cüniçi respublikamızla möhkəm ticari-iqtisadi əlaqələrin olduğunu və bunun timsalında Mingəçevirlə daha yaxından tanışlıq edərək əlaqələrin artırılmasının vacibliyini vurğuladı. Bu əlaqələrin əsasən 3 istiqamətdə həyata keçirilməsinin mümkünlüyünü dilə gətirdi. Onlardan ən vacibini - insanlar arasında mübadilə ilə bağladı. Dedi ki, daha çox gediş-gəliş, turizm əlaqələrinin genişlənməsi, yaponiyalı iş adamlarının bu şəhərlə biznes qrumuna cəlb olunmasına imkan yaradar. Eyni zamanda mədəni tədbirlərin keçirilməsi vacib hesab olundu. Mingəçevir haqqında təəssüratlarını bölüşən Yaponiyanın Azərbaycandakı fövalədə və səlahiyyətli səfiri cənab Vada Cüniçi şəhərimizin gözəlliyinə vurğunluğunu gizlətmədi, şəhərlə bağlı xoş təəssüratları olduğunu dilə gətirdi.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Yaponiya mədəniyyət xadimlərinin və biznesmenlərinin tez-tez gəlməsini, burada tədbirlərin keçirilməsini vacib hesab edərək səfirdən bu işlərə dəstək durmasını istədi. Sonra Yaponiyanın Azərbaycandakı fövalədə və səlahiyyətli səfiri cənab Vada Cüniçiyə Mingəçevir haqqında hazırlanmış suvinirləri təqdim etdi. Qarşılıqlı əlaqə nəticəsində yaponiyalı səfir şəhər İcra Hakimiyyətinin başçısına da suvinir təqdim etdi, xatirə şəkilləri çəkdirildi.
Həmin gün hörmətli qonaq Azərbaycan İES və Mingəçevir SES MMC-lərdə oldu. Xoş təəssüratlarla şəhərdən ayrıldı.