Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə səyyar görüşü oldu.

03 mart 2022 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə ilk səyyari görüşü martın 3-də 13 nömrəli tam orta məktəbin akt zalında keçirildi. Görüşə 2 nömrəli Mənzil İstismar Sahəsinin ərazisindəki 111-ci məhəllənin sakinləri gəlmişdilər. Bu məhəlləni Puşkin küçəsindəki 10/1, 10/2, 10/3, 14/1, 14/2, 14/3 yaşayış binalarının sakinləri təmsil edirdilər. Əvvəlcədən qeyd edək ki, bu məhəllədə böyük abadlıq-quruculuq işləri həyata keçirilmiş, binaların fasad hissələri, girişləri təmirdən çıxarılmış, dəhlizlərə pəncərələr və seyf qapıları qoyulmuşdur. Hazırda bəzi binalarda son tamamlama işləri aparılır.
     Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüş iştirakçılarını salamladıqdan sonra pandemiya ilə əlaqədar olaraq uzun müddət səyyari görüşün keçirilməməsinin səbəblərini açıqladı. Bildirdi ki, artıq bu həftədən başlayaraq hər həftə şəhərin müxtəlif ərazilərində bu cür səyyari görüşlər təşkil olunacaq, insanları maraqlandıran məsələlərə aydınlıq gətirilərək onların tələb və təklifləri diqqət mərkəzində saxlanılacaq. Elə bu baxımdan bugünki görüşə gələn sakinləri dinləməyi, onların suallarına aydınlıq gətirməyi məqsədəuyğun hesab etdi.
     Görüşdə məhəllə sakinlərindən və eləcə də şəhərin digər ərazilərindən görüşə gələn sakinlərin müraciətləri dinlənildi. Fərman Qasımov, Allahverdi Allahverdiyev, Akif Ömərov, Şahnaz Məcidova, Xumarə Tanrıverdiyeva, Qətibə Cəfərova, Nusaməddin Əliyev, Anar Məmmədov və başqaları çıxış edərək qarşıya çıxan problem və çətinliklər haqqında İcra Hakimiyyətinin başçısına müraciət etdilər. Müraciətlərin əsas məğzini yaşadıqları binaların zirzəmilərində kanalizasiya sisteminin qeyri-normal işləməsi nəticəsində zirzəmilərdən üfunət iyinin gəlməsi və bu səbəbdən anti-sanitariya vəziyyəti, yaşadıqları binaların dam örtüyündən yağış sularının axması, məhəllədə təmir işlərinin aparılmasının davam etdirilməsi, şəhərdə idman qurğularının sayının artırılmasına qayğı göstərilməsi, işsizlik kimi məsələlər təşkil edirdi.
     İcra Hakimiyyətinin başçısı qaldırılan hər bir məsələyə həssaslıqla yanaşaraq, görüşə dəvət olunmuş idarə, müəssisə və təşkilat rəhbərlərinə göstərişlər verdi, nöqsanların yerindəcə baxılıb həll edilməsini tapşırdı. Eyni zamanda şəhərdə aparılan abadlıq-quruculuq işlərinin davamı kimi qaldırılan məsələlərin həllinin vacibliyini bildirdi.
       Görüşdə şəxsi məsələlər ilə bağlı müraciətlər də dinlənildi. İ.İsmayılov bununla əlaqədar İcra Hakimiyyəti başçısı aparatının məsul şəxslərinə məsələlərin yerindəcə araşdırılması ilə bağlı göstərişlər verdi.
       Müraciətlər dinlənildikdən sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşə yekun vuraraq qeyd etdi ki, bu il şəhərimizdə böyük abadlıq-quruculuq işləri nəzərdə tutulur. Azərbaycan İES ərazisində bir, şəhərin Sağ Sahil yaşayış massivində iki, eləcə də Sol Sahil yaşayış massivində dörd məhəllədə abadlıq-quruculuq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu məhəllələrdə bütün tədbirləri həyata keçirilməklə sakinlərin məmnunluq hissləri təmin olunacaq, burada yeni işıqlanma sistemləri qurulacaq, kanalizasiya sistemləri tam qaydaya salınacaq. Yaşayış binalarının fasad hissələri, giriş qapıları, dəhlizləri yenilənəcəkdir. O cümlədən şəhərdə paralel olaraq yeni parkların salınması, insanların arzu və istəklərinə uyğun olaraq idman qurğuları və uşaq əyləncə meydançalarının yaradılması planlaşdırılır.
       Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərdən görülən işlərə həssaslıqla yanaşıb, səliqəni qorumağı, təmizliyə riayət etməyi, o cümlədən pandemiya qaydalarına əməl etməyi xahiş etdi.

Keçidlər