Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi.
Fevralın 25-də Heydər Əliyev Mərkəzində Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir öncəsi Heydər Əliyev mərkəzində Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş Uşaq Gənclər İnkişaf Mərkəzi məktəblilərinin əl işlərindən ibarət “Xocalı notları” adlı sərgiyə baxış keçirildi. Tədbir iştirakçıları sərgi ilə yaxından tanış oldular. Tədbiri giriş sözü ilə şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov açaraq qeyd edib ki, Xalqımızın qan yaddaşına ən ağır faciə kimi yazılan Xocalı soyqırımından artıq 30 il keçir. Xalqımıza bu faciəyə görə başsağlığı verir və Xocalıda şəhid olmuş insanların, habelə bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edirəm.
Allah rəhmət eləsin.
Məlum olduğu kimi, Xocalı faciəsinə ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən 1 Mart 1994-cü il tarixdə siyasi qiymət verilmiş və dünya ictimaiyyətinin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması istiqamətində xeyli işlər görülmüş, Ulu öndərin tapşırığı ilə Xocalı faciəsinin Beynəlxalq təşkilatlar tərəfindən soyqırım kimi tanınması üçün əməli tədbirlər həyata keçirilmişdir. Ümummilli Lider müdrikcəsinə demişdir: «Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir. Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.» Bizə aydındır ki, ölkəmizin ağır günlərində Ulu Öndər Heydər Əliyev Respublika rəhbərliyində olsa idi, nəinki Xocalı faciəsinin, eləcə də bundan əvvəl baş vermiş 20 Yanvar faciəsinin, torpaqlarımızın iyirmi faizinin itirilməsi, xalqımızın başına zaman-zaman gətirilmiş digər faciələrin də qarşısı alınmış olardı.
Milli Məclis tərəfindən verilmiş qərarla 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” kimi elan edilmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalılara və bütün məcburi köçkünlərə diqqət və qayğı göstərir. Xocalıdan olan bacı və qardaşlarımızdan 93 ailə 360 nəfəri köçkünlük həyatını Mingəçevir şəhərində keçirir. Biz çalışırıq ki, imkan dairəsində onları hər cür qayğı və diqqətlə əhatə edək.
Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Zahir Usubov, YAP Şəhər Təşkilatının sədri Cavanşir Yusubov, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, Qarabağ Müharibəsi əlilləri, Veteranları, Şəhid ailələri İB şəhər şöbəsinin sədri Əlağa Bəndəliyev çıxış edərək Xocalı hadisələri ilə bağlı fikirlərini bölüşdülər.
Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov tədbirin işinə yekun vuraraq bildirdi ki, Xocalı faciəsinin ildönümü ilə əlaqədar bütün dünyada tədbirlər təşkil edilir, Xocalı qurbanlarının xatirəsi anılır. Mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşilikləri barədə məlumatlar dünya ölkələrinə çatdırılır. Heydər Əliyev Fondunun rəhbərliyi ilə ayrı-ayrı ölkələrdə Xocalı faciəsi ilə bağlı tədbirlər həyata keçirilir. Artıq dünyanın bir çox ölkələrində Xocalı soyqırımının tanınması barədə qətnamələr qəbul edilmişdir.
Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kompaniyası dünyanın 50-dən çox ölkəsində uğurla həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız Şanlı ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 44 gün davam edən müharibədə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonları, Xocavənd və Xocalı rayonlarının bir hissəsi azad olundu. Xocalı, Xankəndi şəhərləri, Xocavənd və Ağdərə rayonlarının bir hissəsi hazırda sülhməramlı qüvvələrin nəzarətindədir. Orada vaxtilə yaşayan soydaşlarımızın həmin ərazilərə qaytarılması üçün işlər gedir. Əminəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı diplomatik danışıqlar nəticəsində soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. Bu günlər uzaqda deyil.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm.
Sonda Xocalı şəhid ailələrinə ərzaq bağlamaları verildi.