Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının yaranmasının 29-cu ildönümü keçirilib.
14 fevral 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının yaranmasının 29-cu ildönümü ilə bağlı şəhər təşkilatının akt zalında yığıncaq keçirilib. Yığıncaqda şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da iştirak edib.
Əvvəlcə Şəhər İcra Hakimiyyətinin başçısı və YAP Mingəçevir şəhər təşkilatı aparatının nümayəndələri Yeni Azərbaycan Partiyasının yaradıcısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq ehtiramlarını bildirmişlər.
Yığıncağı giriş sözü ilə açan YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalq, dövlət qarşısında göstərdiyi böyük xidmətlərdən danışaraq qeyd edib ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin ölkənin siyasi, iqtisadi, ictimai və mədəni həyatının bütün sahələrində gördüyü işlər Azərbaycanı inkişaf yoluna çəkib.
Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu deyən C.Yusubov diqqəti ölkəmizin əldə etdiyi uğurlara, qazanılan nailiyyətlərə və qələbələrə çəkərək bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət-güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Bu gün Azərbaycan xalqının böyük coşqu ilə qeyd etdiyi Qələbəmizin baş qəhrəmanı məhz müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
Sonda C.Yusubov təşkilatın ötən dövr ərzindəki fəaliyyəti haqqında da qısa məlumat verərək qeyd edib ki, YAP Mingəçevir şəhər təşkilatı ölkədə qabaqcıl yaranan təşkilatlardandır. Yarandığı vaxtdan da öz işini partiyanın proqram və nizamnaməsinə, partiya rəhbərliyinin əmr və sərəncamlarına uyğun qurub. Təşkilat üzvləri daima şəhərin ictimai-siyasi proseslərində fəal iştirak edirlər.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi bir gün olduğunu və həmin gündən yenicə dövlət müstəqilliyini qazanmış və böyük faciələrlə üzləşmiş Azərbaycan Respublikasının məhv olunmaqdan qurtulmasının əsası qoyulduğunu bildirdi. 1992-93-cü illərdə AXC-Müsavat cütlüyü ölkənin dərin böhrana düşməsi üçün əlindən gələni etmişdi. İnsanlar birmənalı şəkildə dərk edirdilər ki, Azərbaycanı xilas etməyin yeganə yolu Heydər Əliyevin hakimiyyətə gəlməsidir. Ulu öndərin hakimiyyətə sivil yolla gəlməsinin forması kimi Yeni Azərbaycan Partiyası yarandı. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkəmiz üzləşdiyi bəlalardan xilas oldu, xaos, anarxiya, iqtisadiyyatda tənəzzül aradan qaldırıldı, böyük islahatlar həyata keçirildi, erməni təcavüzünün qarşısı alındı, separatizm yerində boğuldu və Azərbaycanın bugünkü inkişafa gəlib çatması üçün əlverişli mühit yarandı. Heydər Əliyev ideologiyasının layiqli davamçısı , Prezidentimiz İlham Əliyevin sayəsində dövlətimiz bu gün dünya reytinqlərində ən yüksək yerlərdə durur. Bu gün insanlarımız sabit, sürətlə inkişaf edən ölkədə yaşamaqdan qürur duyurlar. Azərbaycan vətəndaşlarının böyük hissəsi də dərindən inanır ki, bundan sonra da uzun illər Azərbaycanın uğurları Yeni Azərbaycan Partiyasının iqtidarı ilə bağlı olacaqdır. Bunu deməyə əsas verən xalqımızın Prezident İlham Əliyevə dərin inamıdır. Bu inamı isə sentyabr ayının 27-dən başlayan, tariximizə qızıl hərflərlə yazılacaq İkinci Qarabağ müharibəsində cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi Böyük Qələbə daha da bərkitdi və əbədi etdi. Bu Qələbənin tarixdə mühüm yeri təkcə 30 il sonra torpaqlarımızın işğaldan azad edilməsi deyil, həm də milli qürurumuzun qaytarılmasıdır.
Sonda İ.İsmayılov şəhərimizin ictimai-siyasi həyatında şəhər təşkilatının üzvlərinin fəal iştirak etdiklərini vurğulayaraq, təşkilatın yaranmasının 29-cu ildönümü ilə bağlı partiya üzvlərini təbrik edərək, uğurlar arzuladı.
Yekunda YAP şəhər təşkilatının yaranmasının 29-cu ildönümü və şəhər partiya təşkilatının işində fəal iştirak etdiklərinə görə 4 nəfər partiya fəalına – Əsgərova Nurcamal Nurəddin qızı, Quliyeva Ədalət Abid qızı, Yusifov Rahib Rizvan oğlu və İbrahimov Rüstəm Müşviq oğlu Fəxri Fərmanla təltif olundular.