Şriftin ölçüsü :

Saytın rəngi :

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Yolka ətrafında bayram şənliyi keçirildi

30 dekabr 2021 | 16:00

Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə dekabrın 30-da “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il münasibətilə bayram şənliyi keçirilib. Tədbirdə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edirdilər.
     İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirdə çıxış edərək mingəçevirliləri və şəhərimizin qonaqlarını “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibətilə təbrik etdi, onlara ən xoş arzularını bildirdi. Şəhər rəhbəri Vətən müharibəsində şəhid olmuş döyüşçülərin xatirəsini yad etməklə yanaşı, şəhər qazilərini salamlayaraq onlara cansağlığı, tezliklə sağlamlıqlarına qovuşmalarını arzuladı.
     2021-ci ilin bütövlükdə Respublikamız və şəhərimiz üçün uğurlu il olduğunu dilə gətirən İlham İsmayılov, bildirdi ki, il ərzində şəhərdə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmiş, yeni park və xiyabanlar tikilərək istifadəyə verilmişdir. Sakinlərin arzu və istəkləri nəzərə alınaraq məhəllələrdə nümunəvi istirahət guşələri yaradılmışdır. İcra başçısının sözlərinə görə, genişmiqyaslı abadlıq və quruculuq işləri 2022-ci ildə də daha yüksək səviyyədə davam etdiriləcək.
Bayram şənliyi açıq hava şəraitində musiqili proqramla davam etdi. Şəhər sakinləri incəsənət nümayəndələrinin ifasında səsləndirilən ecazkar mahnıların sədaları altında rəqs etdilər. Şaxta baba və Qar qızın şənliyə qatılması xüsusilə azyaşlı iştirakçıların böyük sevincinə səbəb oldu. Musiqi sədaları altında fidan balalar rəqs edərək öz bacarıqlarını nümayiş etdirirdilər, xatirə şəkilləri çəkdirdilər.
    Tədbirdə ən yaddaqalan məqamlarından biri isə ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə Vətən müharibəsində göstərdikləri rəşadətə görə ordenlərlə təltif olunmuş şəhidlərimizin valideyinlərinə bu ordenlərin təqdim edilməsi oldu. Ordenləri şəhid ailələrinin üzvlərinə təqdim edən İcra hakimiyyətinin başçısı İlham İsmayılov torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş igidlərimizin göstərdikləri şücayətin heç bir zaman unudulmayacağını və dövlət rəhbərinin təltiflərinin bunu bir daha sübut etdiyini vurğuladı.
      Daha sonra İcra başçısı tədbirə dəvət olunmuş şəhid və qazı övladlarını bir-bir bağrına basaraq onlara Yeni il hədiyyələri təqdim etdi, uşaqlarla birlikdə şəkil çəkdirdi. İcra başçısının göstərişinə uyğun olaraq tədbirə gələ bilməyən şəhid və qazi övladlarının hədiyyələri onların evlərinə göndərilib.
   

 

   Şəhər rəhbəri eyni zamanda Uşaq Sağlamlıq Mərkəzdə müalicə olunan fiziki məhdudiyyətli uşaqları təbrik etməyi də unutmadı. İlham İsmayılov Mərkəzə gələrək onların bayramını təbrik etdi, uşaqlara hədiyyələri şəxsən verdi. Şaxta baba və Qar qızın da təbrikə gəlmələri uşaqların ikiqat sevincinə səbəb oldu.

Keçidlər