Mingəçevirin şəhər statusu almasından 73 il keçir
Respublikanın ən gözəl gənclik şəhərlərindən biri kimi tanınan Mingəçevirin şəhər statusu almasından 73 il keçir. Şəhərlilər bu günü böyük təntənə ilə qeyd etdilər. Mingəçevir şəhər İcra Hakimiyyətinin hazırladığı tədbirlər planına müvafiq olaraq Heydər Əliyev mərkəzinin önündə ucaldılmış ulu öndərin abidəsi qarşısına gül dəstələri qoymaqla başlanan tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, şəhərin əmək və müharibə veteranları, mətbuat təmsilçiləri iştirak edirdilər. Tədbir İcra Hakimiyyətinin müşavirə zalında davam etdirildi. Şəhər ictimaiyyəti nümayəndələrini və əmək veteranlarını salamlayan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov öncə şəhər günü münasibətilə iştirakçılara təbriklərini bildirdi. Şəhərin quruculuğunda fəal iştirakları olan dünyalarını dəyişmiş insanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Mingəçevirin yaranma tarixindən, burada xüsusi xidmətləri olan insanların fəaliyyətindən bəhs edən İcra başçısı qeyd etdi ki, Mingəçevir SES-in, eləcə də Mingəçevir İES-in tikintisində və inkişafında xüsusi xidmətləri olan ulu öndərimiz Heydər Əliyevin şəhər sakinlərinə böyük töhfələr bəxş etmişdir. Bu gün Mingəçevir SES, eləcə də İstilik Elektrik Stansiyası Mingəçeviri Respublikanın Energetika paytaxtı kimi tanıdır. Burada yüzlərlə mingəçevirli çalışaraq öz əməkləri ilə həyatımıza işıq saçırlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hər iki enerji müəssisəsində əsaslı şəkildə yenidənqurma işləri aparılmış və enerji hasilatı əvvəlki illərə nisbətən xeyli artırılmışdır. Bununla yanaşı Mingəçevir turizm şəhəri kimi də diqqəti cəlb edir. Burada faəliyyət göstərən idarə, müəssisə və təşkilatlar şəhərin inkişafında, yüksəlişində yaxından iştirak edirlər. Qeyd etmək istəyirəm ki, bu il Mingəçevirdə 30 küçə əsaslı təmirdən çıxarılmış, 9 məhəllədə yenidən işıqlanma sistemi qurulmuş, 39 binanın əsaslı təmir işləri isə uğurla davam etdirilir. Şəhərdə yeni parklar salınır, xiyabanlar yaradılır, küçələr yeni asfalt örtükləri ilə bəzədilir. Tarix muzeyinin qarşısında, eləcə də Qələbə meydanında yeni fantanların quraşdırılması, şəhərin Gəncə şossesi tərəfdən giriş hissəsinin müasir formaya salınması şəhərin gözəlliyini daha da artırır. Ötən il 50-yə yaxın binanın fasadı və dam örtüyü yeniləndiyindən bu il bu istiqamətdə işlərə də diqqəti artırmışıq. Xüsusilə şəhərin bütün məhəllə və küçələrində işıqlanma sistemlərinin müasir formada quraşdırılması, bağ massivlərində 19 küçəyə asfalt örtüyünün salınması, şəhərdə ağacların suvarılması sisteminin qaydaya salınması sakinlərin böyük razılığına səbəb olmuşdur. Buna görə də biz bu işləri ilin sonuna qədər davam etdirərək, yeni xiyabanlar salmaq fikrindəyik. Bu məqsədlə yeni salınmış Nizami parkının daha da genişlənməsini, 20 Yanvar küçəsindən Nəsimi parkına kimi olan ərazidəki yaşıllıqların sayının artırılmasını nəzərdə tutmuşuq.
İcra Hakimiyyətinin başçısı şəhərdə işsizliyin aradan qaldırılması məsələlərinə də toxundu. Bildirdi ki, keçmiş sovet dövründən qalmış müəssisələrdə yenidənqurma işləri apararaq iş ahənginin bərpa olunmasına, burada sənaye parklarının sayının artırılmasına çalışırıq. Xüsusilə Mingəçevir Sənaye parkı ərazisində yeni fabrikin inşa olunması, Regenerat zavodu ərazisində müasir tələblərə cavab verən sənaye parkının salınması diqqət mərkəzindədir. Artıq bu istiqamətdə müəyyən hazırlıq işləri görülür.
İcra Hakimiyyətinin başçısı bir sıra aktual məsələlərə də toxundu.
Tədbirdə əmək veteranlarından Nəriman İsrafilov, Pənah Qurbanzadə çıxış edərək bir sıra təkliflər söylədilər.
İcra Hakimiyyətinin başçısı əmək veteranlarına Mingəçevirin bu günündən və gözəlliyindən bəhs edən foto bukletlər və digər suvenirlərdən ibarət həiyyələri təqdim etdi.
Sonra Mingəçevirdə aparılan abadlıq-quruculuq işləri ilə yerində tanış olmaq üçün əmək veteranlarını şəhərin gəzintisinə dəvət etdi. Bilavasitə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə həyata keçirilən gəzinti Gəncə şossesi tərəfindən Mingəçevirə giriş qapılarının müasir formaya salınmasına baxışla başladı. Sonra Azərbaycan İES yaşayış massivindəki Abdulla Şaiq küçəsinin 5-11 nömrəli yaşayış binalarının önündə salınmış nümunəvi məhəlləyə baxış keçirildi. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdı. Yeni ağaclar əkilmiş, söhbətgahlar quraşdırılmış, oturacaqlar qoyulmuş məhəllə ətrafdakı binaların əsaslı təmiri ilə də diqqəti cəlb edirdi. Binaların fasadları qaydaya salınmış, Giriş hissələrinə seyf qapıları qoyulmuş, plastik pəncərələrlə girişlər formaya salınmışdır. Əmək veteranları və ictimaiyyət nümayəndələri buradan Sahil parkında aparılan yenidənqurma işləri ilə tanışlığa dəvət olundu. Tanışlıq zamanı veteranlar həm də idmançılarının Kür çayı üzərində Avarçəkmə yarışlarının şahidi oldular. Şahi İsmayıl Xətai küçəsi ərazisindəki 135-ci məhəllədə aparılan quruculuq işləri də xüsusi zövqlə həyata keçirilmişdi. Burada sakinlərin arzusunu nəzərə alaraq asfaltlanma işləri, müasir səkilərin qaydaya salınması, bordürlərin yenilənməsi zövqlə görülmüşdür. Məhəllə ərazisi boyunca yeni söhbətgahların, oturacaqların qoyulması sakinlərin ürəyindən idi. Ona görə də şəhər rəhbərliyinin və iştirakçıların qarşısına çıxan sakinlər şəhər rəhbərliyinə görülən işlərə görə dərin təşəkkürlərini bildirdilər.
Vaxtilə Respublikanın tanınmış inşaatçısı İslam İslamzadənin rəhbərliyi ilə ərsəyə gətirilən Mingəçevir şəhəri bu gün beləcə inkişaf edir, tərəqqiyə doğru irəliləyir, 73 yaşını qeyd edir. Bayramın mübarək doğma şəhərim!
Həmin gün teatr meydanında Mingəçevirin şəhər statusu almasının 73-cü ildönümünə alınmış bayram konserti oldu.