Mingəçevir Rəsm Qalereyasında
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbənin, Zəfər bayramının birinci ildönümü ilə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına əsasən şəhərimizin bütün idarə və müəssisələrində, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində xatirə tədbirləri keçirilir. Mingəçevir şəhər Rəsm qalereyasında keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbirdə şəhidlərimizin xatirəsinə ehtiram əlamətinin bir təzahürü idi. Azərbaycanın Əməkdar rəssamı, Mingəçevir Dövlət Dram Teatrının rəssamı Rafael Haşımovun və Mingəçevir şəhər uşaq gənclər və inkişaf Mərkəzinin rəssamı Abdulla Məmmədovun qrafika janrında işlədikləri əsərlərin, Azərbaycanın birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində həlak olan şəhidlərimizin portretlərindən ibarət sərginin açılışına Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, ictimaiyyət nümayəndələri, informasiya təmsilçiləri qatılmışdılar. Vətən torpaqlarının müdafiə olunmasında, işğaldan azad olunmasında, yurdumuzun suverenliyinin qorunmasında əvəzsiz xidmətləri olan rəşadət göstərərək həlak olan, şəhidlik zirvəsinə ucalan şəhidlərimizin portretlərinə baxan hər bir tamaşaçı ehtiramını ifadə edirdi. Şəhidlərimizin xartirəsi umnudulmayacaq, onların keçdiyi şərəfli mübarizlik yoilu yeni nəsil üçün hər zaman örnək olacaq.
Sərgiyə baxışdan sonra çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirdi ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması naminə dövlətimizin başçısı İlham Əliyev cənabları həmsədr dövlətlərin iştirakı ilə 17 ilə yaxın bir müddətdə danışıqlar aparsa da, heç bir nəticə əldə olunmurdu. Erməni millətçiləri Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad olunması ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnaməni də yerinə yetirməkdən imtina edirdi. Vəziyyətin dözülməzliyi, üstəgəl sərhəd bölgələrimizə düşmənin hər gün etdiyi silahlı hücumlar, günahsız insanların öldürülməsi xalqımızı hiddətə gətirirdi. 2020-ci ilin 27 sentyabrında düşmənin növbəti dəfə Azərbaycan torpaqlarını atəşə tutmasına Azərbaycan Ordusu adekvat cavab verməklə onları susdurdu. 44 gün davam edən Vətən müharibəsində igid əsgərlərimiz, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın Milli Ordusunun fədakar döyüşçüləri hər gün yeni-yeni kəndləri, qəsəbələri, yüksəklikləri, rayonları azad etməklə 30 illik həsrətə son qoyurdular. Prezidentimizin efir vasitəsi ilə xalqa müraciətləri, müjdəli xəbərləri hər bir Azərbaycan vətəndaşını fərəhləndirir, döyüşçülərimizə isə əlavə güc verirdi, Azərbaycanın vətənpərvər övladları 44 günlük müharibədə əsrin qələbəsini qazandılar. 2020-ci il noyabr ayının 9-dan 10-na keçən gecə müharibənin başa çatması ilə bağlı üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycan öz qələbəsini, Ermənistan isə məğlubiyyətini, kapitulyasiyaya uğradığını etiraf etdi. 2908 vətən övladı döyüşlərdə şəhidlik zirvəsinə ucaldılar. Biz, vətənimizin hər bir sakini şəhidlərimizə sonsuz ehtiram bəsləyir, Şəhidlər Xiyabanını ziyarət edir, ehtiramımızı ifadə edirik. Eyni zamanda Vətən müharibəsində fədakarlıq göstərən qazilərimizin, veteranlarımızın rəşadətləri unudulmur. Dövlətimiz bütün qəhrəmanlarıın ailələrinə, veteranlara, qazilərə diqqət və qayğı ilə yanaşır.
Zəfər bayramı münasibəti ilə dövlətimizin başçısını, xalqımızı, dünya azərbaycanlılarını təbrik edən şəhər rəhbəri xoş arzularını dilə gətirdi.