Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə "Zəfər Günü " qeyd edildi

08 noyabr 2021 | 16:00

Mingəçevir şəhərində 8 noyabr Zəfər Gününün qeyd olunması səhər saatlarında Vətən müharibəsi qaziləri və şəhər sakinlərinin şəhid şəkilləri əks olunmuş plakatları başları üzərinə qaldıraraq Şəhidlər Xiyabanına yürüşləri ilə başladı. Yüzlərlə qazinin iştirak etdiyi yürüşdə iştirakçılar bir ağızdan “Şəhidlər ölməz, vətən bölünməz”, “Qarabağ bizimdir”, “Vətən sənə canım fəda” şüarlarını səsləndirdilər.
     Şəhidlər Xiyabanındakı məzar daşlarına simaları həkk olunmuş qəhrəman şəhidlərimizin mübarək çöhrələrində sanki təbəssüm yaranmışdı bu gün. Və sanki onlar da həmyerliləri ilə bərabər qələbəmizin sevincini yaşayırdılar. Qanları və canları bahasına bizə ərməğan etdikləri müqəddəs qələbə günündə göylərdən yerə enmiş, zəfər sevincini yaşayan insanların arasına qarışmışdılar elə bil. Şəhidlərimizin şəkli olan bəyaz şarların göyə buraxılmasıyla isə, yenidən bir mələk təkin Tanrının dərgahına qayıtdılar.
     Zəfər Gününün rəsmi hissəsi Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin deputatı Aydın Mirzəzadə, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri və digər rəsmi şəxslərin ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoymaları ilə start götürdü. Bundan sonra  İcra başçısı ilə parlamentin vitse-spikeri  və onları müşayət edən rəsmi şəxslər Şəhidlər Xiyabanına yollandılar. Onlar ehtiram əlaməti olaraq hər bir şəhidin məzarı önündə baş əyərək gül qoydular.
     Şəhidlər yad edildikdən sonra, xiyabanın ərazisində ağacəkmə aksiyası keçirildi. Rəsmi şəxsləriun hər biri şəhidlərin ruhuna hörmət əlaməti olaraq bir fidan basdırdılar. Zəfər Günündə ümumilikdə Şəhidlər Xiyabanında uyuyan 362 nəfər şəhidimizin sayı qədər ağac əkildi. Paralel olaraq şəhərin müxtəlif yerlərində də, eyni vaxtda ağacəkmə aksiyaları keçirilirdi və Zəfər Günündə  şəhər üzrə 2 mindən çox ağac əkildi.
     Zəfər Günü münasibətilə Mingəçevirin Teatr Meydanında möhtəşəm konsert təşkil olunmuş, eyni zamanda gənc istedadların əl işləri və rəsm əsərlərinin sərgisi təşkil olunmuşdu. İcra Hakimiyyətinin başçısı, qonaqlar və digər rəsmi şəxslərlə birlikdə bayram tədbirində iştirak etmək üçün bu meydana yollandılar. Teatr meydanı Azərbaycanın şanlı zəfər bayrağı ilə başdan-başa bəzədilmişdi. Müstəqillik tarixinin ilk qələbəsini qeyd edən Azərbaycan xalqının bir parçası olan Mingəçevir sakinlərinin zəfər sevinci sanki havanı da mülayimləşdirmiş və payız çağında şəhərə bahar təravəti gətirmişdi. Qələbənin rəmzi olan yaxalardakı xarıbülbül nişanları gerçək çiçəyə dönmüş və hər bir sakinin qəlbinin ortasında açmışdılar sanki.
     Şəhər rəhbəri İlham İsmayılovun təbrik çıxışının başlanması meydana toplananların diqqətini bir anda Mingəçevir Dövlət Dram Teatrının qarşısında quraşdırılmış tribunaya yönəltdi.
İlham İsmayılov ölkə prezidenti cənab İlham Əliyevin qələləbənin əldə olunması üçün apardığı uğurlu siyasi xəttindən ətraflı bəhs etdi, ordu quruculuğu sahəsində əldə olunan uğurlardan danışdı. Azərbaycanın tarixi zəfərinin Ali baş komandan İlham Əliyevin dəmir yumruğu ətrafında xalmızın birləşməsi və düşmənə sarsıdıcı zərbə endirməsi ilə qazandığını deyən İlham İsmayılov şəhər sakinlərini Zəfər Günü münasibətilə təbrik etdi. Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Mingəçevir şəhərindən də yüzlərlə qəhrəman igidimizin vətənin azadlığı uğrunda döyüşlərdə iştirak etdiyini deyən İcra başçısı torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda şəhid olanların ruhları qarşısında baş əydiyi dilə gətirdi.
İcra başçısının çıxışından sonra bayram konserti davam etdi. Mingəçevirin incəsənət xadimlərinin ifasında səslənən qələbə əhval ruhiyyəli, vətənpərvərlik nidalı mahnı və rəqslər insanların zəfər sevincinə sevinc qatdı. Bayram tədbirləri Heydər Əliyev Meydanında möhtəşəm atəşfəşanlıqla başa çatdı.

 

 

Keçidlər