Şəhid ailələri ziyarət olundu
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhidlərin ildönümü ərəfəsində növbəti üç şəhidimizin ailəsini ziyarət edib. Ziyarətə İcra Hakimiyyətinin başçısı ilə yanaşı şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri və digər rəsmi şəxslər də qatılıblar. Hər bir şəhid ailəsinə İcra Hakimiyyəti adından ərzaq sovqatları təqdim olunub.
İcra başçısı şəhid ailələrinin evlərini ziyarət edərkən hər birinin xatirəsinə ehtiram əlaməti olaraq güşələrinə baxış keçirib, ruhlarına rəhmət diləyib. Şəhidlərimizin əziz xatirəsinin əbədiyyən xalqımızın yaddaşına həkk olunduğunu vurğulayan İlham İsmayılov ölkə prezidenti İlham Əliyevin hər zaman şəhid və qazilərimizin qələbəmizin təmin olunmasındakı fədakarlıqlarını ən yüksək səviyyədə dəyərləndirdiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın gənc kursant və hərbçilərlə bərabər şəhidlərimizin fotolarının əks olunduğu plakatları qaldıraraq Anım Günündə təşkil edilmiş yürüşdə iştirak etmələri xalqın birliyinin daimi və sarsılmaz olduğunu, vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdirdi.
Görüş zamanı hər bir şəhid ailəsinin üzvü diqqətlə dinlənilib onların qarşılaşdığı problem, yaxud müraciətlərinin həlli ilə bağlı yerindəcə müvafiq tədbirlər görülüb.
Şəhid Eylasov Cəfərin anası Buluş xanım qızının işlə təmin olunmasına görə öz təşəkkürünü bildirməklə yanaşı, özünün də uşaq bağçalarından birində işlə təmin olunmaq istədiyini bildirib. Eyni zamanda, şəhid anası evlə təmin olunmasına köməklik göstərilməsini xahiş etdi. İcra başçısı artıq onların evlə təmin olunmaq üçün qeydiyyata alındıqlarını, yaxın vaxtlarda şəhərdə şəhid ailələri üçün binaların tikintisinin başlayacağını bildirməklə yanaşı, bağçalarda vakant iş yeri yaranan kimi birinci növbədə şəhid anasının işlə təmin ediləcəyinə söz verdi.
İcra başçısı şəhid Alim İbrahimovun Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunduğu “Suqovuşanın azad olunmasına görə” medalını onun atası Səhrab İbrahimova təqdim edərkən bildirdi ki, “Siz fəxr edə bilərsiniz ki Alim kimi övladın atasısınız. Onun qəhrəmanlıqları daim yaddaşlarda yaşayacaq.”
Şəhid atası digər oğlu Aydın İbrahimovun işlə təmin olunmasına köməklik göstərilməsi xahişinə cavab olaraq İlham İsmayılov dərhal əlaqədar təşkilat rəhbəri ilə əlaqə saxlayıb. Onun xahişinə cavab olaraq şəhid qardaşı işlə təmin olunub.
Şəhid Əzim Həsənovun ailəsi ilə görüşdə ailə üzvləri övladlarının adının əbədləşdirilməsi, onların adına məktəb yaxıd küçə adlarının verilməsini arzuladıqlarını söylədilər. Ümumiyyətlə bu məsələ demək olar bütün görüşlərdə şəhid ailələrinin üzvləri tərəfindən qaldırılırdı.
İcra başçısı buna cavab olaraq Nazirlər Kabinetinin şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı təsdiq etdiyi qaydaları xatırladaraq bu prosesin mövcud normativlərə uyğun həyata keçirildiyini bildirməklə yanaşı hazırda Milli Məclisdə məsələ ilə əlaqədar yeni qanun ətrafında müzakirələrin aparıldığını bildirdi. Onun sözlərinə görə yeni qanun qüvvəyə mindikdən sonra şəhidlərin adlarının küçə, meydan və ayrı-ayrı müəssisələrə verilməsi məsələsinə yenidən baxılacaq. Bundan başqa İlham İsmayılov şəhid adlarının əbədiləşdirilməsi üçün Mingəçevirdə mövcud olan “Şəhidlər Muzeyi”nin yenidən qurulacağını və bu muzeydə birinci Qarabağ müharibəsi ilə yanaşı 44 günlük müharibədə şəhid olan qahrəmanlarımızın xatirəsinin əbədiləşdiriləcəyini söylədi.