Şəhid ailələrinə medallar təqdim olundu
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhidlərin ildönümü ərəfəsində şəhid ailələrini ziyarəti davam edir. Növbəti belə ziyarət oktyabrın 20-də şəhidlərimiz Əliyev Elman Rakif oğlu və Qulamlı Ülvi Şahin oğlunun ailələrinə edilib. İlham İsmayılovla yanaşı şəhərin hüquq-mühafizə orqanlarının rəhbərlərii və İcra Hakimiyyətinin rəsmi şəxsləri də şəhid ailələrinin ziyarətində iştirak edirlər. Ziyarət zamanı şəhid ailələrinə İcra Hakimiyyəti adından ərzaq sovqatları təqdim olunub.
Budəfəki ziyarətdə ən yaddaqalan məqam, hər iki şəhidimizin ailə üzvlərinə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən layiq görüldükləri medalların təqdim edilməsi oldu. Şəhid Əliyev Elman Rakif oğlu “Suqovuşanın azad olunmasına görə”, şəhid Qulamlı Ülvi Şahin oğlu isə “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdilər. İcra başçısı hər iki medalı şəhid ailələrinin üzvlərinə təqdim edərkən “Hər birimiz fəxr edirik ki, belə oğullarımız var. Onların qəhrəmanlıqları, şücaətləri və canlarını fəda etmələri hesabına torpaqlarımız azad olundu. ” - deyə vurğulayıb.
Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğısından söz açan İlham İsmayılov, əlavə olaraq qeyd edib ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində bundan sonra da geniş tədbirlər görüləcək. Şəhid ailələrinin üzvləri göstərilən diqqətdən məmnun olduqlarını dilə gətirməklə yanaşı, buna görə dövlət başçısı prezident İlham Əliyevə təşəkkür ediblər.