Bilik günü qeyd edildi
Mingəçevirin ümumtəhsil məktəblərində Bilik günü qeyd edilib. Məktəblərdə şagirdlərin sevincinin həddi hududu yox idi. Ən çox da bu gün sevinən birincilər idi. Onların valideyinləri də övladlarının sevincinə şərik idilər. Bilik günü 10 saylı tam orta məktəbdə daha coşqu ilə qeyd edildi. Qeyd edək ki, 10 saylı məktəb əsaslı təmir olunaraq şagird və müəllimlərin ixtiyarına verilib. Mərasimə qatılmış məktəbin məzunu olmuş, millət vəkili Aydın Mirzəzadə, Mingəçevir icra hakimiyyətinin başçısı Niyazi Bayramov, icra başçısının müavini Ramiz Əliyev, şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov əsaslı təmirdən sonra məktəbdə yaradılan şəraitə baxış keçiriblər. Qonaqları şeir və gül dəstələri ilə qarşılayan balaca fidanlar onlara yaradılan bu gözəlliyə görə Prezidentimizə və şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Məktəbin direktoru mərasimdə çıxış edərək əvvəlcə ötən dərs ilində əldə olunan uğurlardan söz açıb. Diqqətə çatdırıb ki, məktəbdə müəllim-valideyin münasibətləri nə qədər sıx və mütamadi olsa balalarımıza o qədər effektli təhsil verə bilərik. Direktor xüsusilə birinciləri salamlayıb onlara yeni addımlarında uğurlar arzulayıb. Daha sonra millət vəkili Aydın Mirzəzadə, icra başçısı Niyazi Bayramov çıxış edərək hər bir şagirdə xoş arzularını çatdırıblar. Bilik günü şagirdlərin ifasında maraqlı rəqs nömrələri, şeirlər və kompazisiyalarla başa çatıb.