Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə növbəti məhəllə kompleks şəkildə abadlaşdırılacaq

12 oktyabr 2021 | 16:00

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısının  təsdiq etdiyi iş planına əsasən yaşayış məhəllərinin ardıcıllıqla kompleks şəkildə abadlaşdırılma işləri davam etdirilir. Abadlaşdırılması nəzərdə tutulan növbəti məhəllədə abadlıq və qruculuq işlərinin başlanmasına oktyabrın 12-də İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun iştirakıyla start verildi.

Qeyd edək ki, N.Nərimanov, Ş.İ.Xətai və A. Məmmədov küçələrinin əhatəsində yerləşən abadlaşdırılması nəzərdə tutulmuş 135-ci məhəllədə ümumilikdə 16 yaşayış binası yerləşir və 3 min nəfərdan artıq əhali yaşayır. Abadlıq işləri İcra Hakimiyyətinin Mematlıq və Tikinti şöbəsi tərəfindən hazırlanmış vahid plan əsasında texnoloji ardıcıllıq gözlənilməklə həyata keçiriləcək. İlkin mərhələdə kommunal xidmət təşkilarları öz sahələrinə aid təmirə ehtiyacı olan naqil və boruları müəyyən edərək yenilənməsini təmin edəcək, paralel olaraq isə məhəllədəki idman qurğuları, söhbətgahlar, xeyir-şər mağarları əsaslı şəkildə təmir olunacaq. Bunun ardınca səkilər asfaltlanacaq  və yaşıllıqlar salınacaq. Sonrakı mərhələdə, binaların fasadları və giriş hissələrinin təmiri nəzərdə tutulub.
Məhəllə sakinləri qarşısında çıxış edən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov prezident cənab İlham Əliyevin göstərişinə əsasən respublikanın bütün rayon və şəhərlərində olduğu kimi Mingəçevir şəhərində də əhalinin yaşayış səviyyəsinin daha da yüksəldilməsi məqsədilə geniş abadlıq quruculuq işlərinin davam etdiyini vətəndaşların diqqətinə çatdırdı. Mingəçevirdə bütün məhəllələrin kompleks şəkildə abadlaşdırılacağını bildirən icra başçısı əlavə etdi ki, “Əvvəllər bir neçə belə məhəlləmiz var idi. Bu məhəllələri nümunə göstərirdik və “Nümunəvi məhəllə” adlandırırdıq. Ancaq artıq bu proses genişləndi və kütləvi xarakter alıb. Mərhələli şəkildə Mingəçevirdəki bütün məhəllələr abadlaşdırılaraq nümunəvi hala gətiriləcək.” Daha sonra, İcra başçısı görüləcək işlərlə bağlı yerindəcə əlaqədar təşkilat rəhbərlərinə müvafiq göstərişlər verdi.
Eyni zamanda sakinlərlə görüş keçirən İcra başçısı onların qarşılaşdıqları problemlərlə maraqlandı. Demək olar ki, sakinlərin əksər hissəsi binalarda kanalizasiya sisteminin vəziyyətinin heç də ürəkaçan olmaması ilə bağlı şikayətlərini dilə gətirdilər. İlham İsmayılov Mingəçevirdə kanalizasiya sisteminin yenidən qurulma  işlərinin “Azərsu” ASC tərəfindən həyata keçirildiyini və işlərin artıq 50 faizinin başa çatdığını bildirərək, əlavə etdi ki, işlər tam yekunlaşmadığı üçün bir sıra hallarda əhalinin haqlı narazılıqları ortaya çıxır. Odur ki, İcra Hakimiyyətinin başçısı Mingəçevir Sukanal İdarəsinin rəhbərliyinə tapşırdı ki, sakinlərin müraciətlərinə diqqətlə yanaşılsın və kanalizasiya sahəsində həlli vacib məsələlər imkan daxilində həll edilsin.
Bundan əlavə İcra Hakimiyyətinin başçısı əsaslı şəkildə təmir olunacaq Ş.İ.Xətai küçəsində işlərin gedişatı ilə tanış oldu, təşkilat rəhbərlərinə öz göstəriş və tapşırıqlarını verdi.
Qeyd edək ki, təsdiq olunmuş yenidənqurma planına əsasən Ş.İ.Xətai küçəsində bütün yeraltı kommunikasiya xətləri yenidən qurulacaq, yol və səkilər təmir edilərək asfaltlanacaq, yeni qazon və yaşıllıq zolaqları salınmaqla yanaşı ağaclar əkiləcək və yeni işıqlandırma sitemi quraşdırılacaq.

Bundan əlavə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Qələbə meydanının yenidən qurulması işləri çərçivəsində əsaslı təmir olunmuş fəvvarəyə baxış keçirmişdir. Görülən işlərlə tanış olan icra başçısı meydanda aparılacaq yenidənqurma işləri ilə bağlı iş icraçılarına öz tövsiyələrini vermişdir.  Eyni zamanda parkda istirahət edən şəhər sakinləri ilə görüşən İlham İsmayılov görüləcək işlər ilə bağlı onları məlumatlandırmış, həmçinin, yenidənqurma işlərində şəhər sakinlərinin də fikirlərinin nəzərə alınacağını bildirmişdir. 

 

 

Keçidlər