Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirim-doğma şəhərim mənim!

07 oktyabr 2021 | 16:00


“Hər kəsə öz doğması əzizdir.” Bu deyim doğulduğun, yaşadığın, işlədiyin  kəndə, rayona, şəhərə də aiddir. Bəzən hər gün ayaq basdığın, nəfəs aldığın, gündəlik qayğılarınla məşğul olduğun yurdun, oban sənin üçün sanki adiləşir. Yaşadığın məkanın gözəlliyi, füsunkarlığı gözündə sadələşir. Amma elə ki, şəhərindən 3-5 gün aralandın, harasa ezamiyyətə, istirahətə getdin, darıxmağa başlıyırsan, doğma yurduna qayıtmağa can atırsan. Şəhərin giriş qapısından şəhərə daxil olanda sanki birinci dəfə görürmüş kimi, sağa-sola boylanır, gözəllikdən həzz alıb, rahatlanırsan.
Mən keçmiş işimlə  bağlı bir çox ölkələrin şəhərlərində olmuşam. Olduğum şəhərlərin bəzisi qədimliyi ilə, bəzisi isə müasirliyi ilə məni valeh edib. Oralarda yaşayıb işləmək üçün mənim üçün hər cür şərait yaradılmışdır. Lakin doğma Mingəçevirimin həsrəti məni bir an da rahat buraxmırdı. Şəhərimizin bağı-bağatı, parkları, küçələri, hətta ağacları üçün, necə deyərlər, “burnumun ucu göynəyirdi”. Məhz bu səbəbdən bir neçə dəfə əmək müqaviləmə könüllü xitam verib şəhərimizə qayıtmışam. Yəqin ki, mənim bu vəziyyətimi - hisslərimi, duyğularımı başqaları da yaşayıb.
Bunları yazmaqda məqsədim  sakinlərə yaşadığı şəhərin gözəlliyini duymağı, qədr-qiymətini bilməyi, onu qorumağı aşılamaqdır.
Bəs bu şəhər birdən-birəmi belə füsunkar olub? 2013-cü ildə Türkiyənin Qars bələdiyyəsindən Mingəçevirə nümayəndə heyəti gəlmişdi. Onlara bələdçilik edənlərin arasında mən də var idim.  Qonaqlara şəhərimizin görməli, görkəmli yerlərini göstərdikcə, qeydlər aparırdılar. Bələdiyyə başçısı məndən soruşdu ki, şəhəriniz nə vaxt qurulub?  Dedim ki, 65 ildir. Çox təəccübləndi. “Az vaxta belə bir şəhər salmaq əsl igidlikdir” dedi. Görəsən, o başkan indi gəlsəydi, nə deyərdi? O vaxtdan inkişafa doğru çox dəyişikliklər olub, axı!
Burada yaşayan sakinlər istər sovet dönəmində, istərsə də müstəqillik dövründə şəhərə rəhbərlik etmiş şəxslərin sayəsində quruculuq, abadlıq, yaşıllaşdırma işləri ilə məşğul olmaqla şəhəri tikib, boya-başa çatdırıblar. Hər bir rəhbərin müəyyən şəkilldə “izi” qalıb Mingəçevirdə.
Hazırda bu missiyanı həyata keçirən şəhərimizin yetirməsi şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdur. O, başçı təyin olunanda şəhər  sakinləri çox sevindilər, “axır ki, özümüzünki gəldi” dedilər. Bu, elə-belə deyilmiş söz deyildi. Doğrudan da, İlham müəllim şəhərin problemlərini, “dərd-sərini” gözəl bilir. O, işlədiyi müxtəlif vəzifələrdə idarəetmə sahəsində təcrübə toplamış kadrdır.
Həqiqətən, əhalinin İ.İsmayılovdan gözləntiləri çox keçmədi ki, özünü doğrultdu. Təyinatından üç ilə yaxın keçməyinə baxmayaraq, o, şəhər üçün xeyli iş görüb və görür. İlham müəllim vəzifəsinin icrasına başladığı ilk gün “Mən Cənab Prezidentin və şəhər əhalisinin etimadını doğruldacağam” vədini verdi və vədinə xilaf çıxmadı. O, enerjilidir, boş dayanmağı sevmir, harda iş gedirsə, onu orada görmək olur, sakinlərlə canlı təmasda olub onları narahat edən məsələlərin həlli üçün dərhal tapşırıqlarını verir... Doğrudur, pandemiya dövründə belə ünsiyyətlər bir qədər azalıb, amma şəhərdə aparılan abadlıq-quruculuq işləri səngiməyib.
Bir evə-şəhərə qonaq gələndə ilk növbədə, səni qapı qarşılayır. Deməli, qapı səliqəli omalıdır. Məhz bu prinsiplə İ.İsmayılovun göstərişi ilə şəhərin hər iki qapısı, xüsusən  Gəncə şosesindəki qapı yeni dizaynla yenidən quruldu.

Hamıya bəllidir ki, şəhərimiz Aran bölgəsində yerləşir. İlin təxminən 6 ayı havalar çox isti keçir. Ona görə də yaşıllıqlara, fəvvarələrə, park və bağlara böyük ehtiyac var. Bu  ehtiyacı azaltmaq yolunu tutaraq, başçının göstərişi ilə ən böyük problemimiz olan ağacların suvarılması sistemi bərpa olundu. Daha sakinlər bağ və parklarda “ağaclar yandı, qurudu, İcra Hakimiyyəti hara baxir?” demir, əksinə bu işə görə başçiya minnətdarlıqlarını bildirirlər. Nəsimi ilində 2,4 ha sahədə “Nəsimi” parkı, Nizami ilində 1 ha sahədə “Nizami” parkı salındı, “Dostluq” parkının yarımçıq qalmış 1,5 ərazisində tamamlanma işləri aparıldı. “Dostluq” parkı indi şəhərimizin qonaqlarının və sakinlərin istirahəti üçün ən yaxşı məkandır. Onu da qeyd etməliyəm ki, “Nəsimi” parkı bataqlıq, qamışlıq olan sahədə salınıb. Park şəhərin girəcəyinə xüsusi gözəllik verir və eyni zamanda “Günəşli” yaşayış massivinin sakinlərinin istirahət və əyləncə yeridir.
 


Bütün parklarda yeni fəvvarələr tikilib. “Dostluq” parkındakı fəvvarə musiqilidir. Tarix müzeynin qarşısındakı fəvvarə isə modern, xüsusi standartları olan qurğudur. Belə ki, fəvvarə işləməyəndə yoxa çıxır, gəzinti yeri olur... “ 1941-1945” abidəsinin yerləşdiyi park və fəvvarə yenidən qurulub, sakinlərin ixtiyarına verilib.
 


Şəhər sakinlərini narahat edən məsələlərdən biri də məhəllələrin bərbad vəziyyətdə olması idi. Başçılar, məhəllələrə, demək olar ki, fikir vermir, yalnız görünən yerləri abadlaşdırırdılar. Bu da sakinlərin haqlı narazılığına səbəb olurdu. İ.İsmayılov belə narazılığına da son qoydu. Artıq bir çox məhəllələrdə abadlıq-tikinti işləri (asfaltlanma, işıqlandırma işləri, oturacaqların və söhbətgahların qoyulması, yaşıllıqların salınması və s.) görülüb və görülməkdə davam edir.

Mingəçevirin hər yeri, hər küçəsi bağdır-xiyabandır, yaşıllıqlarlara bürünüb. Küçələrin abadlaşdırılması da başçının gündəliyndə duran məsələlərdəndir. H.Əliyev prospekti, M.Maqomayev prospekti, 20 Yanvar küçəsi və başqa yerlər İlham müəllimin İcra Hakimiyyətinə rəhbərlik etdiyi vaxtda yenidən qurulub, asfaltlanıb, yolların hər iki tərəfində bağlar salınıb və s.
İ.İsmayılov yalnız istirahət, əyləncə yerlərinin salınması ilə məşğul olmayıb. Dövlət atributlarını təbliğ etmək, xalqın qan yaddaşını unutdurmamaq, tariximizi öyrənmək üçün məkanların, abidələrin qurulması və orada təmir-abadlıq işlərinin aparılması da başçının fəaliyyətində ön sıralarda durur. “Dövlət Rəmzləri Muzeyi” nin  tikintisi onun öz ideyası idi və bəzi “tənqidçilərin” təpkisinə baxmayaraq,  Muzey tikildi, eksponatlarla  təchiz edildi, Cənab Prezident açılışında iştirak edib, məmnunluğunu bildirdi. Şəhərimizə gələn qonaqlar, sakinlərimiz, xüsusən məktəblilər və bağça uşaqları hər gün Muzeyi ziyarət edir və tariximizlə tanış olurlar. Şəhidlər Xiyabanının, Soyqırım abidəsinin yenidən qurulması, orada təmir-tikinti, abadlaşdırma işlərinin aparılması da başçının razılıqla qarşılanan işlərindəndir.
 


Günü bu gün şəhəri gəzən hər kəs şəhərin müxtəlif yerlərində abadlıq-quruculuq işləri gedən ərazilərlə qarşılaşar. Küçələrə asfalt döşənir, bordür qoyulur, işıqlandırma sistemi çəkilir. Şəhərin ən ucqar, “unudulmuş”, “asfalt görməyən” küçələri belə, asfaltlanır, işıqlandırılır.
Bir qeydi mütləq bildirməliyəm. İlham müəllim çox tələbkar, zövqlü  adamdır. Ona görə də heç bir layihə başdansovdu aparıla bilməz. O, bütün işləri xırdalıqlarına, detallarına qədər özü yoxlayıb qəbul edir.
Bu yazıda qələmə aldıqlarım İlahm İsmayılovun fəaliyyətinin az bir hissəsidir.  Məqsədim başçının bütün işlərini saymaq deyil. Onun şəhər üçün can yandırdığını vurğulamaq istəyirdim. Mənim kimi şəhəri özünə doğma sayanlar burada bir ağac əkiləndə də sevinir. Lakin bütün bu yaradılan şəraiti, gözəlliyi, təmizliyi “görməyənlər” də var. İnkişafı görmək istəməyənlər Mingəçeviri doğma saymayanlardır, onu sevməyənlərdir. Elələri qərəzli, məqsədli və şəxsi mənafe güdənlərdir. Məncə, onların qaragüruh çıxışlarına fikir verməkdənsə, şəhərimizin, uşaqlarımızın  gələcəyi naminə irəliləməliyik. Bu yolda hamımız başçıya dəstək olmalı, hərə öz öhdəsinə düşən vəzifəni vicdanlı yerinə yetirməlidir.
Başçı təkcə vəzifə borcuna görə bu işləri görmür. Onu gecə-gündüz işləməyə vadar edən həm də şəhərə olan sevgisi və bağlılığıdır.
Elə bu səbəbdən ona gələcək işlərində bir ziyalı kimi, uğurlar arzulayır və şəhərimizə verdiyi töhfələrə görə minnətdarlığımı bildirirəm.
Təşəkkürlər, cənab başçı!

                                                                                                         Zahid Qasımlı
                                                               Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 

Keçidlər