Mingəçevir İcra başçısı şəhid ailələrini ziyarət edib
Yeganə təsəllim odur ki, doğma Şuşamız adad olundu
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhidlərin ildönümü ərəfəsində şəhid ailələrini ziyarət edib. Ziyarət zamanı İlham İsmayılovu hüquq-mühafizə orqanlarının rəhbərləri və İcra Hakimiyyətinin rəsmi şəxsləri müşayət ediblər. Hər bir şəhid ailəsinə İcra Hakimiyyəti adından ərzaq sovqatları təqdim olunub.
7 oktyabr tarixində baş tutan ziyarətdə ilkin olaraq şəhid Əzəmi Hüseynovun ailə üzvlərinin yaşadığı evə baş çəkilib. Əvvəlcə, İcra başçısı şəhidin ruhuna hörmət əlaməti olaraq onun adını daşıyan bulağa baxış keçirib, daha sonra mənzilindəki xatirə lövhəsi ilə tanış olub. Qonaqları qarşılayan şəhidin anası Sayad xanım və bacısı Elnarə xanım onları görcək göz yaşlarına hakim ola bilməyiblər. İlham İsmayılov şəhidin ailə üzvlərinə təskinlik verərək bildirib ki, “Əzəmi hər birimiz üçün qürur mənbəyidir, biz hamımız fəxr edirik ki, Əzəmi kimi igid oğullarımızın hesabına torpaqlarımız azad olundu. Onun ruhu şaddır ki, özünə görmək nəsib olmasa belə, Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə doğma şəhəri olan Şuşa azadlığa qovuşdu.” Əslən şuşalı olan Sayad xanım İcra başçısının bu fikirləri ilə razılıq əlaməti olaraq “yeganə təsəllim odur ki, doğma Şuşamız adad olundu.”- deyə söyləyib.
Səmimi söhbət əsnasında şəhid Əzəmi Hüseynovun alicənablığı, qəhrəmanlığı və igidliyi barədə danışıldı, onun təhsil aldığı Mingəçevir Dövlət Universitetindəki nümunəvi tələbəlik illəri xatırlandı. Ailə üzvlərinin etiraflarından aydın oldu ki, Əzəmi Hüseynov şəhidliyi ən yüksək məqam sayır, özü də bu məqama ucalmağa can atırdı. “Biz bilirdik ki, o şəhid olmaq arzusunda idi və öz arzusuna çatdı” deyən Elnarə xanım, sonra kədərlənərək əlavə etdi ki, “lakin qardaşımın həsrətinə dözmək çox çətindir.”
Əzəmi Hüseynovun ailə üzvləri dövlətin diqqətindən razı olduqlarını, heç bir ehtiyac və problemlərinin olmadığını dilə gətirdilər, onlar üçün ən böyük qayğının bu əlamətdar gündə şəhər rəhbərliyinin onları ziyarət etmələri olduğunu vurğuladılar.
Digər ziyarət ünvanı isə şəhid Nurlan Məmişovun evi oldu. Binanın qarşısında qonaqları şəhidin atası İlqar Məmişov qarşıladı. İcra başçısı şəhid atasına başsağlığı verərək, prezident İlham Əliyevin şəhid və qazi ailələrinə diqqət və qayğısından söz açdı. O bildirdi ki, ölkə başçısı səviyyəsində bütün dövlət orqanları qarşısında şəhid ailələrini diqqətdə saxlamaq bir vəzifə kimi qoyulub və bu qayğı hər zaman davam edəcək. İlqar Məmişov İcra başçısına onları ziyarət etdiyi üçün minnətdarlığını çatdırmaqla yanaşı qarşılaşdığı problemləri də dilə gətirməyi unutmadı. Şəhid atası özünün usta olduğunu söyləyərək işsizlikdən əziyyət çəkdiyini, işlə təmin olunması üçün ona köməklik göstərilməsini xahiş etdi.
Məsələ ilə bağlı İcra Hakimiyyətinin müraciətinə cavab olaraq 20 saylı Ərazi Məşğulluq Xidmətindən bildirilib ki, İlqar Məmişov artıq özünüməşğulluq proqramına cəlb olunub və bu ilin noyabr ayının sonunadək tələb olunan avadanlıqlar şəhid atasına təhvil veriləcək. Bundan əlavə, İcra başçısı İlqar Məmişovun xahişini nəzərə alaraq şəhidin xatirə lövhəsi və bulağının ətrafına ağac və yaşıllıqların əkilməsi, eyni zamanda suvarılmasının təmin olunması ilə bağlı aidiyyatı idarənın rəhbərliyinə müvafiq göstəriş verdi.