İcra başçısı şəhid ailələrini ziyarət etdi
Şəhidlərinin ildönümü ərəfəsində Mingəçevir şəhər rəhbərliyinin şəhid ailələrinin ziyarəti davam edir. Növbəti belə ziyarət okyabrın 6-da şəhid Məmmədov Vasif Rəfael oğlu və şəhid Əlibəyli Mikayıl Xalıqverdi oğlunun ailəsinə edildi. Ziyarət zamanı Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovu hüquq-mühafizə orqanlarının rəhbərləri və İcra Hakimiyyətinin rəsmi şəxsləri müşayət edirdilər. Qeyd edək ki, ziyarət zamanı, həmçinin, hər bir şəhid ailəsinə İcra Hakimiyyəti adından ərzaq sovqatları təqdim olunub.
İcra başçısı şəhidlərin xatirəsini əbədiləşdirmək üçün evlərində yaradılmış güşələrlə tanış oldu, onların ruhlarına rəhmət dilədi. Şəhid valideynləri övladları ilə bağlı xatirələrini şəhər rəhbəri ilə bölüşdülər, onların qəhrəmanlıqları və döyüşlərdə göstərdikləri şücayət söhbətin əsas mövzusu oldu. Hər iki şəhidin ailə üzvləri dövlətin diqqət və qayğısından məmnun olduqlarını dilə gətirdilər, hər-hansı problemləri yarandığı təqdirdə İcra Hakimiyyətinin müvafiq şöbəsi tərəfindən operativ həll edildiyini razılıqla bildirdilər. İlham İsmayılov ölkə prezidentinin sərəncamına əsasən xüsusilə şəhid ailələrinin problemlərinin tez bir zamanda həlli üçün yerli icra hakimiyyətlərində Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbələrinin təsis edildiyini diqqətə çatdıraraq əlavə edib ki, bu qərar özü-özlüyündə prezident İlham Əliyevin şəhid ailələri və müharibə veteranlarının problemlərinə nə dərəcədə həssas yanaşdığını göstərən amildir.
Şəhid adlarının əbədiləşdirilməsi sahəsində görülən işlərdən söz açan İlham İsmayılov, İcra Hakimiyyəti tərəfindən xüsusi plakatın hazırlandığı və hər bir şəhidin həyat və fəaliyyətini geniş şəkildə əks etdirən kitab üzrərində işlərin aparıldığını söyləyib. Bundan əlavə, Mingəçevirdəki Şəhidlər Muzeyinin də gələcəkdə rekonstruksiya olunacağı və burada birinci Qarabağ müharibəsində şəhid olanlarla yanaşı, ikinci müharibənin şəhidlərinin də xatirəsinin əbədiləşdirilməsi üçün müvafiq güşələrin yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.