Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətində Ahıllar günü münasibətilə ahıllarla görüş oldu

01 oktyabr 2021 | 16:00

Oktyabrın 1-də Mingəçevir şəhər İcra Hakimiyyətinin müşavirə zalında Ahıllar günü münasibətilə tədbir keçirildi. Tədbirə yaşı 65-dən yuxarı olan bir qrup ahıl dəvət olunmuşdu. Pandemiya qaydaları gözlənilməklə çay süfrəsi ətrafında əyləşən ahılları şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov salamlayaraq, onları Beynəlxalq Ahıllar Günü münasibətilə səmimi qəlbdən təbrik etdi. Ahıllar gününün yaranması ilə əlaqədar fikirlərini açıqladıqdan sonra İcra Hakimiyyətinin başçısı şəhərdə görülən işlərdən və qarşıda duran problemlərdən söhbət açdı. Şəhərin inkişafında, tərəqqisində əməyi olan  ahılları açıq söhbətə dəvət etdi. Qeyd etdi ki, məhz Mingəçeviri sevən, ona ürəkdən bağlı olan ahılların yaxından dəstəyi və köməyi ilə şəhərdə geniş quruculuq-abadlıq işləri aparılır. İcra Hakimiyyəti olaraq biz qaldırılan hər bir təşəbbüsə, təklifə həssaslıqla yanaşaraq, onları təhlil edir, yerinə yetirilməsi üçün müvafiq göstərişlər veririk. Bu cür əlaqələrin ardıcıl davam etdirilməsi bizim məqsədimiz və iş prinsipimizdir.
    Tədbirdə ahıllardan Tahir Məmmədov, Mirzə Cavadov, Adil Kərimov, Nəriman İsrafilov, Allahverdi Əliyev, Ağagül Əliyev, Akif Hacıyev çıxış edərək şəhərdə aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirdilər və eyni zamanda bir sıra çatışmazlıqları dilə gətirdilər. Xüsusilə bazar ətrafı ərazilərdə həftənin şənbə və bazar günləri zibillərin vaxtlı-vaxtında daşınmamasını, şəhər ərazisində olan park və xiyaabanlarda oturacaqların səliqəyə salınmamasını, şəhərin bəzi məhəllələrində işıqlanma sisteminin zəifliyini, işsizliyin olmasını diqqətə çatdırdılar. Çirkli halda ətraf rayonlardan şəhərə daxil olan nəqliyyatların diqqətdə saxlanılmasını şəhər rəhbərliyindən xahiş etdilər. Eyni zamanda yaşadıqları ərazilərdə olan bəzi nöqsanlardan və Nizami parkının başa çatdırılmasının vacibliyindən söhbət açdılar.
     Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov deyilən çatışmazlıqlar barədə məsələlərə toxunaraq diqqətə çatdırdı ki, şəhərdə abadlıq-quruculuq işlərinin ardıcıl davam etdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Xüsusən torpaqları zəbt edib istifadəsiz saxlayan sahibkarlara qarşı lazımi işlər görülür, yeni iş yerlərinin açılması, işsizliyin aradan qaldırılması üçün əlavə imkanlar hərəkətə gətirilir. Yaxın gələcəkdə Mingəçevirdə bu problemlərin də həllinə nail olunacaq.
Tədbirdə ahıllara Mingəçevirin bu gününü əks etdirən bukletlər, qiymətli hədiyyələr verildi. Sonra xatirə şəkli çəkildi.

Keçidlər