Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinin ziyarəti davam edir

02 oktyabr 2021 | 16:00

Başçı Mingəçevirin inkişaf istiqamətlərini açıqladı

Vətən müharibəsi şəhidlərinin ildönümü ərəfəsində Mingəçevir şəhər rəhbərliyinin şəhid ailələrini ziyarəti davam edir. Bu ziyarətlər zamanı Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovu şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri və digər rəsmi şəxslər müşayət edirlər. Şəhid ailələrinin üzvləri ilə görüşdə onlara başsağlığı verilir, narahat edən məsələlər öyrənilir və həlli ilə bağlı müvafiq addımlar atılır. Eyni zamanda, İcra Hakimiyyəti adından şəhid ailələrinə ərzaq sovqatları da təqdim olunur.
Növbəti belə ziyarət 1 oktyabr tarixində şəhid Həmidov Pərvinin ailəsinə edildi. İcra Hakimiyyətinin başçısı əvvəlcə şəhidin ruhuna ehtiram əlaməti olaraq onun adına tikilmiş şəhid bulağına baş çəkdi və ruhuna rəhmət dilədi. Rəsmi şəxsləri şəhidin atası Azər və anası Bahar Həmidovlar qarşıladı. Səmimi söhbət zamanı şəhid ailəsinin üzvləri şəhər rəhbərliyi tərəfindən göstərilən diqqətdən məmnunluqlarını dilə gətirdilər. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirdi ki, şəhid və qazi ailələrinə dövlət səviyyəsində diqqət və qayğının göstərilməsi prezident İlham Əliyevin yürütdüyü siyasətin tərkib hissəsidir.
2 oktyabr tarixində isə şəhər rəhbəri digər rəsmi şəxslər ilə birlikdə şəhid Əliyev Elçinin ailəsini ziyarət etdi. Şəhidin atası Rasim Əliyev qonaqları mehribanlıqla qarşıladı və diqqət göstərib ziyarət etdiklərinə görə öz təşəkkürünü bildirdi. Söhbət zamanı Rasim Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramı çərçivəsində iş qurmaq arzusunda olduğunu İcra başçısının diqqətinə çatdırdı və bu məqsədlə uyğun yerlərin birində ona torpaq sahəsi ayrılmasına köməklik göstərilməsini xahiş etdi. Eyni zamanda, şəhid atası qızının Mərkəzi Xəstəxanada işlə təmin olunması üçün müraciət etdiklərini, lakin hələ ki, müsbət cavab almadıqlarını söylədi.
İlham İsmayılov məlumat üçün bildirdi ki, Mingəçevir şəhərinin təsdiq olunmuş yeni inkişaf planına əsasən, şəhərin gələcəkdə inkişaf istiqaməti kimi şərq tərəfdə məcburi köçkün qəsəbələrinin yerləşdiyi ərazi, qərb hissədə isə, giriş qapısının sağ tərəfindəki ərazilər  müəyyən edilib. Başçı, şəhid ailəsinə torpaq sahəsinin müvafiq qaydalara əsasən şəhər Bələdiyyəsi tərəfindən ayrılması ilə bağlı öz tövsiyyəsini verəcəyini, həmçinin, şəhid bacısının işlə təmin olunması üçün bir daha İcbarı Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edəcəyini söylədi. İcra başçısı onları əmin etdi ki, prezident İlham Əliyev bütün dövlət orqanları qarşısında şəhid və qazi ailələrinə diqqət göstərilməsini bir vəzifə kimi qoyduğu üçün onların problemlərinə heç bir qurum laqeyd yanaşa bilməz.


 

Keçidlər