İcra Hakimiyyətinin başçısının şəhid ailələrini ziyarəti davam edir.
Vətən müharibəsinin ildönümü ərəfəsində Mingəçevir şəhər rəhbərliyinin şəhid ailələrini ziyarəti davam edir. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovu bu ziyarətlərdə şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri müşayət edirlər. Ziyarət zamanı hər bir ailəyə İcra Hakimiyyəti adından ərzaq sovqatları təqdim olunur.
Sentyabrın 30-da növbəti belə ziyarət Mingəçevirdə məcburi köçkünlər üçün inşa edilmiş “Yeni Həyat” qəsəbəsindəki fərdi evdə məskunlaşmış şəhid Səbuhi Məmmədovun ailəsinin evinə edildi. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və hüquq-mühafizə orqanlarının rəhbərlərini şəhid Səbuhi Məmmədovun həyat yoldaşı Leyla xanım qarşıladı. Qonaqlar üçün açılmış çay süfrəsində baş tutan səmimi söhbət əsnasında şəhidin həyat yoldaşı Leyla xanım dövlət tərəfindən onlara göstərilən dəstəkdən ötəri öz təşəkkürünü bildirdi. İcra başçısı qeyd etdi ki, prezidentimiz İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Anım Günündə keçirilən paradda şəxsən iştirak etmələri onların torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu qarşısında duyduqları dərin hörmət və ehtiram hissinin təzahürü idi.
Görüşdə şəhid Səbuhi Məmmədovun həyat yoldaşı ilə yanaşı onun övladları da iştirak edirdi. İlham İsmayılov şəhidin azyaşlı övladlarının hər biri ilə ayrıca danışdı, onları maraqlandıran sualları cavablandırdı və istəklərini dinlədi. Şəhid qızı, şəhər 19 nömrəli məktəbin 9-cu sinif şagirdi Aytac Məmmədova başçıdan xahiş etdi ki, atasının adının əbədiləşdirilməsinə köməklik göstərsin. Buna cavab olaraq İlham İsmayılov bildirdi ki, müharibədə şəhid olan şəxslərin adlarının əbədiləşdirilməsi ilə bağlı yeni qanun layihəsi artıq parlamentin müzakirəsinə çıxarılıb. Yeni qanun layihəsi qəbul olunduqdan sonra, qüvvəyə minəcək qaydalara uyğun olaraq balaca Aytacın da atasının adının əbədiləşdirilməsi məsələsinə baxılacaq. Şəhid oğlu Ədilşah isə idmanın “kikboksinq” növü ilə maraqlandığını və yarışlara qatılmaq istədiyini bildirdi. Bununla bağlı, İcra Hakimiyyətinin başçısı müvafiq qurum rəhbərlərinə tapşırıq verəcəyini bildirərək, onun bu idman sahəsində özünü yetişdirməsinə hər bir şəraitin yaradılacağını bildirdi. Yeri düşmüşkən, uşaqların anası Leyla xanım oğlu Ədilşahın atasının itkisi ilə bağlı ciddi sarsıntı keçirdiyini dilə gətirməsinə cavab olaraq isə, İlham İsmayılov uşağa lazımi psixoloji yardım göstərilməsi üçün könüllü olaraq bu işə görmək istəyən həkim-psixoloqlara müraciət edəcəyini və qısa müddət ərzində şəhidimizin oğlunun psixoloji sarsıntılara qalib gəlməsinə peşakar dəstəyin göstəriləcəyini söylədi.
Şəhid Səbuhi Məmmədovun ailəsinin evindən ayrıldıqdan sonra İcra Hakimiyyətinin başçısı onu müşayət edən rəsmi şəxslərlə birlikdə eyni qəsəbədə yaşayan şəhid Nicat Haciyevin ailəsini ziyarət etdi. Qonaqları şəhidin anası Əsli xanım qarşıladı. İcra Hakimiyyətinin başçısı ilə söhbətində şəhid anası diqqət göstərib onun evini ziyarət etdiyi üçün başçıya öz təşəkkürünü bildirdi. İlham İsmayılov öz növbəsində, şəhid ailələrinə dövlət səviyyəsində qayğı və qulluğun göstərilməsinin ən mükəmməl nümunəsini prezidentimiz İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər kəsə nümayiş etdirdiklərini vurğuladı. Onun sözlərinə görə, bu gün bütün dövlət qurumlarının birmənalı şəkildə şəhid ailələrinin problem və qayğıları ilə maraqlanması, öz səlahiyyətləri daxilində bu məsələləri həll etmələri prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin tərkib hissəsidir.
Şəhid anası Əsli xanım Anım Günündə prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın paradda iştirak etmələri və özlərinin də şəhid şəkli əks olunan plakat daşımalarından böyük qürur hissi keçirdiyini, buna görə dövlət başçısı və birinci xanıma sonsuz dərəcədə minnətdar olduğunu söylədi. Kövrələrək “parad zamanı daşınan plakatlar arasında öz oğlumun şəklini də gördüm və böyük bir qürur hissi keçirdim” deyən Əsli xanım, sonra göz yaşlarını silərək əlavə etdi ki, “Neynək olmamalıydı, amma oldu. Ölməməliydi amma öldü. Təki vətən sağ olsun.”