Başçı Milli Məclis sədrinin müavini ilə birlikdə şəhid ailələrini ziyarət etdi
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Milli Məclis sədrinin birinci müavini Əli Hüseynovla birlikdə 27 sentyabr tarixində Mingəçevir şəhərində yaşayan dörd şəhid ailəsini ziyarət etdilər. Qeyd edək ki, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov və İcra Hakimiyyətinin digər rəsmi şəxsləri də ziyarətdə iştirak edirdilər.
Şəhid ailələri üçün 200 mənzillik bina tikiləcək
İlkin olaraq ziyarət olunan şəhid Şəhmar Məmmədovun evində qonaqları şəhidin həyat yoldaşı Aliyə xanım qarşıladı. Çay süfrəsi ətrafında baş tutan səmimi söhbətdə Aliyə xanımla yanaşı şəhidin tək övladı, 8-ci sinif şagirdi Tamella Məmmədzadə də iştirak edirdi. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov uşağın təhsili ilə maraqlandı, gələcəkdə hansı peşəni seçəcəyini soruşdu. Balaca Tamellanın hüquqşünaslığı oxumaq arzusunda olduğunu deməsi Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komissiyasının sədri Əli Hüseynlinin dərhal diqqətini cəlb etdi. Əli Hüseyinli şəhid övladına dərslərini yaxşı oxumağı və hüquq sahəsi üzrə universitetə daxil olmağı tövsiyyə etdikdən sonra söz verdi ki, onun ali təhsil alması üçün bütün lazımi köməkliyi göstərəcək.
Aliyə Məmmədova dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı olduğunu, təminatıyla bağlı hər hansı çatışmazlıqla üzləşmədiyini bildirdi. Yalnız evinin təmiri ilə bağlı yarımçıq qalan işlərin görülməsi üçün YAŞAT Fondu tərəfindən ayrılan vəsaitin kifayət etmədiyini bildirdi və bu məsələdə ona köməklik göstərilməsini xahiş etdi.
İlham İsmayılov ölkə Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə olan diqqət və qayğısından bəhs etdi və bu diqqət qayğının nəticəsi olaraq yaxın vaxtlarda şəhid ailələrinin mənzillə təmin olunması üçün Mingəçevir şəhərində 200 mənzillik binanın inşa olunacağını, həmin binanın tikintisi üçün artıq müvafiq ərazinin də ayrıldığını diqqətə çatdırdı. Eyni zamanda, Aliyə Məmmədovanın xahişi ilə bağlı qısa müddətdə müvafiq tədbirlərin görüləcəyinə söz verdi.
Növbəti ziyarət məkanı H.Əliyev küçəsindəki 62 nömrəli binanın 27 nömrəli mənzili idi. Bu mənzildə vaxtilə şəhid Allahverdi Babayev böyümüş və boya-başa çatmışdır.
İlham İsmayılovla Əli Hüseynov əvvəlcə şəhidin ruhuna ehtiram əlaməti olaraq binanın qarşısında onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə tikilmiş bulağa baxış keçirdilər. Qonaqları şəhidimizin atası Ələt kişi qarşıladı və təkidlə mənzilə qalxmağı xahiş etdi. Çay süfrəsi, şəhid Allahverdi Babayevin xatirə lövhəsi olan otaqda açılmışdı. Ələt kişi şəhər rəhbəri və Milli Məclisin sədr müavininə diqqət göstərib onları ziyarət etdiklərinə görə təşəkkürünü bildirdi. O, heç bir maddi ehtiyacının olmadığını, dövlətin onu pensiya ilə təmin etdiyini və bu pensiyanın onların dolanışığına kifayət etdiyini qürurla vurğuladı. Səmimi keçən söhbət əsnasında maraqlı müzakirələr aparıldı, şəhidin ailə üzvlərinə baş sağlığı verildi.
Eyni zamanda, şəhid atasına İcra Hakimiyyəti və YAP-ın yerli şöbəsi tərəfindən hazırlanmış Vətən Müharibəsi şəhidlərinin xatirəsini əks etdirən plakat təqdim olundu. Nəfis şəkildə tərtib olunmuş plakatda bütün şəhidlərimizin fotoları öz əksini tapmışdı. Plakatla yanaşı, şəhid Allahverdi Babayevin ailəsi də daxil olmaqla ziyarət olunan bütün şəhid ailələrinə İcra Hakimiyyəti adından ərzaq sovqatı da verildi.
Milli Məclisdə şəhid adlarının əbədiləşdirilməsi məsələsinə
yenidən baxılacaq
Ziyarət marşrutu şəhərin Günəşli yaşayış massivinə doğru davam etdi və burada “Şəhidliyin Əli və İslam Zirvəsi”nə yol aldı. Vətən yolunda iki oğlu şəhid olmuş Sevinc xanımın üzündəki dərin kədər qarşısında bütün təsəllilər aciz idi.
İlham İsmayılovla Əli Hüseynov şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq evlərinin qarşısında qurulmuş xatirə lövhəsinə baxış keçirdilər, sonra evdəki xatirə muzeyini ziyarət etdilər. Şəhidlərin anası Sevinc xanımla söhbət əsnasında Milli Məclisin sədr müavini Əli Hüseynli qeyd etdi ki, mövcud qanunvericilik şəhidlərin adının əbədiləşdilirlməsi ilə bağlı müəyyən məhdudiyyətlər yaratdığı üçün bəzi hallarda müharibədə şəhid olmuş qəhrəmanlarımızın adının əbədiləşdirilməsi mümkün olmur – onların adının küçələrə, yaxud hər-hansı müəssisəyə verilməsinə normativ-hüquqi maneələr yaranır. Bu da, bəzən haqlı narazılıqlara səbəb olur. Məhz bu məhdudiyyətlərin aradan qaldırılması üçün Milli Məclisdə şəhidlərin adının əbədiləşdirilməsi məsələsinə baxılır və müvafiq qanunvericilik layihəsi hazırlanmaqdadır. Yaxın vaxtlarda məsələ parlamentin müzakirəsinə çıxarılacaq.
Qeyd edək ki, Milli Məclisin 1993-cü il 3 sentyabr tarixli 698 saylı qərarı ilə qüvvəyə minmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi 1994-cü il 15 yanvar tarixli Qərara əsasən yalnız, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunan şəhidlərin adları küçələrə, meydanlara habelə, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilə bilər.
Sonuncu ziyarət olunan ev isə şəhid Məhyəddin Məmmədovun yaşadığı ev idi. Qeyd edək ki, ziyarət olunan ünvanlar təsadüfən seçilməmişdi. Belə ki, onlar müharibənin ilk günü, yəni 27 sentyabr tarixində şəhid olmuş, sabahı gün isə Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilmişdilər.
Şəhid Məhyəddin Məmmədovun valideyinləri də ziyarətə görə qonaqlara təşəkkür etdilər. İlham İsmayılovla Əli Hüseynov şəhidin ruhuna ehtiram əlaməti olaraq evinin qarşısında qurulmuş xatirə lövhəsinə baxış keçirdilər, ailə üzlərinə baş sağlığı verdilər. Şəhid atası Yaşar Məmmədov göstərilən diqqətdən məmnunluğunu gizlətmədi və buna görə ilk növbədə dövlət başçısı İlham Əliyevə minnətdarlığını dilə gətirdi. Söhbət zamanı şəhid atası İcra başçısından fərdi evinin isti su ilə təminatı və evə gələn yolun asfalt örtüyünün təmirinə köməklik göstərilməsini xahiş etdi. Başçı yerindəcə əlaqədar qurumların rəhbərləri ilə əlaqə saxlayaraq şəhid atasının xahişinin yerinə yetirilməsi üçün müvafiq göstəriş verdi.