Mingəçevir şəhər İcra Hakimiyyətinin şəhər sakinlərinə müracəti
Mingəçevir şəhər İcra Hakimiyyətinin şəhər sakinlərinə
MÜRACİƏTİ
Hörmətli şəhər sakinləri və şəhərimizdə müvəqqəti yaşayan qonaqlar!
Son zamanlar şəhər ərazisində bəzi vətəndaşlar tərəfindən özbaşına tikinti işləri aparılır və ya köşklər quraşdırılır. Bu da öz növbəsində şəhər ərazisindəki ümumi istifadə yerlərinin zəbt olunmasına, küçə ticarətinin yayılmasına, məişət səs-küyünün artmasına və nəticə etibarilə park və küçələrdə asudə vaxtını səmərəli keçirmək istəyən şəhər sakinlərinin haqlı narazılığına səbəb olur. Məsələyə hüquqi müstəvidən baxdıqda isə bu kimi hüquq pozuntuları qanunla müəyyən olunmuş məsuliyyət yaradır.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 17 sentyabr 2018-ci il tarixli, 274 nömrəli Fərmanına əsasən mülkiyyətində, icarəsində və istifadəsində torpaq sahəsi olan hüquqi və ya fiziki şəxslər həmin torpaq sahələrində obyekt tikintisinə icazə verilməsi məqsədilə tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikinti növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rəy alınması məqsədilə şəhərsalma əsaslandırılması layihəsi işlədərək yerli icra hakimiyyəti orqanlarına təqdim etməlidir. Yerli icra hakimiyyəti orqanları uyğunluq barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rəy alınması məqsədilə ilkin mərhələdə təqdim olunmuş şəhərsalma əsaslandırılması layihələrini razılaşdırılması üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərir. Şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Sərəncamı yerli icra hakimiyyətinə göndərildikdən sonra sifarişçi tərəfindən tikinti obyektinin layihəsi (memarlıq həlli) işlədilərək şəhərsalma sənədlərinə uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rəy alınması məqsədilə yerli icra hakimiyyətinə təqdim edilməlidir.
Yerli icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikinti növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqda tikintiyə icazə verirlər.
Eyni zamanda bildiririk ki, şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394 və 395-ci maddəsində öz əksini tapmışdır:
Maddə 394. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin pozulması
394.0. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin pozulmasına, yəni:
394.0.1. lisenziya olmadan tikintisinə icazə tələb olunan və ya barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, yaxud tikintisinə icazə tələb edilən bina və qurğuların mühəndis-axtarış və ya tikinti-quraşdırma işləri ilə məşğul olmağa;
394.0.2. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla müfəssəl planlarda dəyişiklik edilməsinə;
394.0.3. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən ekspertizadan keçirilməsi tələb olunan tikinti layihələrini ekspertizadan keçirmədən tikinti obyektlətinin tikintisinin həyata keçirilməsinə;
394.0.4. müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan dini ibadət yerinin tikintisinə və ya mövcud dini ibadət yerinin yenidən qurulmasına;
394.0.5. mühəndis-axtarış və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı tikinti norma və qaydalarını pozmağa;
394.0.6. tikintisinə icazə tələb edilən tikinti obyektinin istismara verilməsi qaydalarını pozmağa;
394.0.7. tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına, habelə tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun həmin Məcəllə ilə müəyyən edilmiş yazılı göstərişlərinə və qərarlarına əməl etməməyə görə
-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Maddə 395. Özbaşına tikinti işlərinin aparılması
395.1. Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə-
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
395.1-1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına və onlara konstruktiv dəyişikliklərin edilməsinə görə -
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
395.2. Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğuları istisna olmaqla) funksional təyinatı dəyişdirilməklə, onlarda qanunsuz olaraq yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılmasına, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulmasına və dəyişikliklər edilməsinə görə -
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Odur ki,vətəndaşlardan bu qaydalara əməl etmələri xahiş olunur.