Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşıllıqlara qayğı hər kəsin borcudur

06 avqust 2021 | 16:00

Müsahibimiz Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirovdur.

Xəbər verdiyimiz kimi şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəxsi təşəbbüsü və rəhbərliyi ilə yaşıllıqlara diqqət və qayğının atırılması üçün suvarma sistemləri yenilənir. Yəni, 1980-ci illərdə şəhəri su ilə təmin edən layihə çərçivəsində yenidənqurma işləri aparılaraq şəhərə əlavə su verilişi bərpa olunur və bununla da yaşıllıqların suvarılması fasiləsiz həyata keçirilir. Bu böyük miqyaslı təbdirin həyata keçirilməsi Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin kollektivinə həvalə edilib. Görülən işlər və qarşıda duran vəzifələri açıqlamaq məqsədilə əməkdaşımız idarənin rəisi Əli Ağamirovla görüşmüşdür.

- Əli müəllim, xoş gördük, işiniz avand olsun, uzun illər Su-kanal idarəsinə rəhbərlik etmiş mütəxəssis kimi yeni su xəttinin çəkilişi ilə bağlı layihə haqqında fikirlərinizi bilmək maraqlı olardı.
- Sağ olun, bu adi iş deyil. Əvvəla şəhərimizin içməli su xətti ilə təmin olunduğu bir vaxtda əlavə su xəttinin bərpa edilməsi ilə bağlı razılığın əldə olunması çox mürəkkəb işdir. Buna nail olunduğu üçün ilk növbədə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova minnətdar olmalıyıq. Məhz onun inadkarlığı, qətiyyəti və yorulmadan fədakarlığı nəticəsində şəhərə əlavə su xəttinin verilməsinə razılıq əldə olundu. Təxminən 5 kilometr uzunluğunda məsafəni əhatə edən bu xətt şəhərimiz üçün böyük əhəmiyyət kəsb edir.
- Su xəttinin yenidən bərpa edilməsi məqsədilə ilkin olaraq hansı mərhələlər əsas götürülüb.
- Əslində burada elə bir qeyri-adilik yoxdur. Lakin işin həyata keçirilməsində ardıcıllıq prinsipi gözlənilməzdir. Odur ki, biz bu işin yerinə yetirilməsini 5 mərhələyə bölmüşük. 600 mm-lik su xətti şəhərə 5 yerdən çəkilib. Artıq onun 3 mərhələsi başa çatıb. Bu mərhələlər Gəncə yolu (yəni yol maşınları zavodunun qabağı) və Samux küçəsindən keçir. Birinci mərhələdə Sahil parkı ərazisinə daxil olan yaşıllıq zolaqları, N.Rəfibəyli və İ.İslamzadə küçələrindəki yaşıllıqlar ( küçələrin hər iki tərəfi daxil olmaqla), eyni zamanda H.Əliyev prospektindən Kür Tədris İdman bazasınadək, Füzuli parkı, M.Maqomayev və Şəhriyar küçələrinədək ərazilər daxil olmaqla əhatə olunur. Buraya 114 m.m-lik borularla su xətti çəkilib.
İkinci mərhələdə artıq su xətti borusunun diametrinin bir qədər genişliyi nəzərə alınıb. 225 mmetrədək borulardan istifadə olunub. H.Əliyev parkına qədər, İ.Qayıbov küçəsi, Bələdiyyə parkı 20 Yanvar küçəsindək, Qurucular parkı Orxan bazarınadək ərazilər əhatə olunub.
3-cü mərhələdə 200 mm-lik borulardan istifadə olunmaqla Müşfiq Rəhimov, Samux, M.F.Axundzadə, S.Vurğun, Təhsil şöbəsi, Dostluq parkı, 20 Yanvardan Şəhidlər Xiyabanının sağ tərəfi Nəsimi küçəsinədək, Orxan bazarının sol hissəsi, Nizami parkı, Puşkin küçəsi, 20 Yanvardan N.Nərimanovadək ərazilər əhatə olunub. Bu təxminən 20 hektar ərazi və 10 min metr su xəttinin çəkilişi deməkdir. Qeyd etmək istəyirəm ki, artıq bunlar bərpa olunub istifadədədir?
- Qarşıda hansı mərhələlər gözlənilir.
- Qeyd etdiyim kimi bu qəbildən olan işlər davam edir. Kənardan heç bir qüvvə cəlb etmədən, öz daxili imkanlarımızla bu işləri həyata keçiririk. 4-cü və 5-ci mərhələlərdə əsasən H.Əliyev prospekti, N.Nərimanov, A.Məmmədov küçələri, Nəsimi parkı ərazilərində, Vətən müharibəsi abidə kompleksi ətrafında aparılacaq və bu zaman 4-cü mərhələ ilə 5-ci mərhələni əhatə edən su xətləri birləşdiriləcək. Bütün bu işləri ilin sonunadək başa çatdırmaq nəzərdə tututlub.
- Əli müəllim, görülən bu işlərin şəhərimizə nə kimi faydası var?
- Əvvəla bu müqayisə olunmaz fərqdir. Yaşıllıqlar mövsüm ərzində fasiləsiz su ilə təmin olunur. Həm də insanlar içməli su sarıdan korluq çəkmir. 2-cisi və ən əsası böyük qənaət əldə olunur. Müqayisə üçün qeyd edim ki, 2020-ci ilin iyun ayı ilə 2021-ci ilin iyun ayı arasında 15 min kub suya qənaət olunmuşdur. Bu isə təxminən 15.250 manat vəsaitə qənaət deməkdir. Beləliklə ardıcıl artım şəhərimizin xeyrinədir.
- Çox gözəl işlərdir. Sizə bu yolda uğurlar arzulayır, şəhərimizə xeyirli olsun deyirik.

 

 

 

Keçidlər