Mingəçevirdə təhsil işçilərinin konfransı keçirilib
Mingəçevir şəhərinin təhsil işçiləri ənənəvi sentyabr konfransından öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra ulu öndərin adını daşıyan mərkəzin foyesində təşkil edilmiş məktəblilərin əl işlərindən ibarət sərgiyə, texniki yaradıcılıq nümunələrinə, təhsil, idman və ədəbiyyat sahəsində qazanılmış uğurlardan bəhs edən sənədlərə baxış olub. Mingəçevir təhsilinin müvəffəqiyyətlərindən bəhs edən video çarx nümayiş etdirilib. Mingəçevir şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov 2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr mövzusunda məruzə edib. Tədris prossesində əsas diqqət yeni təlim texnologiyalarının və təlim üsullarının tətbiqinə fənn kurikulumlarının tələblərinə uyğun müəllim kadrlarının hazırlanmasına, şagirdlərin fiziki və intellektual inkişafına, sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına yönəldilib. Uğurlar daha çox ali məktəblərə qəbul imtahanlarında özünü göstərib. 438 nəfər məzun tələbə adını qazanıb. Onlardan 77 nəfəri 500-dən yuxarı bal toplayıb. Bu göstərici əvvəlki illərlə müqayisədə xeyli dərəcədə yüksəkdir. Mingəçevirli şagirdlər respublika fənn olmpiadalarında və digər yarışlarda uğurlu nəticələr əldə ediblər.
Konfransda Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dərs ilinin başlanması münasibəti ilə pedoqoji ictimayyəti təbrik edib onlara uğurlar arzulayıb. Təhsil Nazirliyinin nümayəndəsi Aydın Əhmədov çıxış edərək həyata keçirilən struktur islahatların əhəmiyyətindən danışıb.
Sonda bir qrup qabaqcıl müəllimə və yüksək balla ali məktəblərə qəbul olmuş gənclərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.