Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.
Aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri 2000 hektarlıq ərazini azad etmişdir. Biz bir daha əmin olduq ki, ordumuz Ali Baş Komandanın əmri ilə bütün torpaqlarımızı qısa müddətdə işğaldan azad etmək qüdrətindədir. Belə də oldu. Həmin döyüşlərdə qələbə qazanmaqla yanaşı, biz şəhidlər də verdik. O döyüşlər zamanı Mingəçevirin 4 mərd, igid oğlu ən uca zirvəyə – şəhidlik zirvəsinə ucaldı. Bu gün igid, mərd oğullarımızın yoxluğundan bizləri 5 il ayırır. İllər ötsə belə onlar bizim qəlbimizdə ən ülvi hisslərlə yad edilirlər.Aprel döyüşlərində ölümsüzlüyə qovuşan igidlərdən biri də Azərbaycan Silahlı Qüvəllərinin giziri,tankçı ,18 il hərbidə fasiləsiz xidmət göstərmiş, Aprel döyüşlərinin şəhidi Rahim Qara oğlu Tağıyevdir. Qeyd edək ki, Rahim Tağıyev 10 noyabr 1979-cu ildə Şəki şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1998-ci ildə hərbi xidmətə yollanmışdır. 1999-cu ildə xidmət etdiyi hərbi hissədən gizirlər məktəbinə göndərilmişdir. Məktəbi tankçı ixtisası ilə bitirmişdir. Daha sonra hərbi hissədə vəzifəsinə başlayaraq tank komandiri vəzifəsinə qədər yüksəlmişdir. Qüsursuz xidməti dövründə hərbi komandanlıq tərəfindən dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir.Ölümündən sonra isə III-dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə “,II-III dərəcəli qüsursuz xidmətə görə”,müxtəlif illərdə yubley medalları ilə təltif edilmişdir.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbacan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl –Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Rahim Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşdu. Həmin döyüşlərdə başından qəlpə yarası alan Rahim Tağıyev paytaxtda yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında koma vəziyyətində oldu. Üç dəfə cərrahi əməliyyat olunan Rahim Tağıyev koma vəziyyətindən 3 ay 7 gün sonra, 10 iyul-2016 -cı ildə müalicə aldığı xəstəxanada şəhid oldu.Elə həmin gün, iyulun 10-u Rahim Tağıyev Mingəçevir şəhərində , Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Allah rəhmət eləsin.
Bu gün şəhidin ailəsini Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri ,Qarabağ müharibəsi veteranı Sahib Əliyev, ehtiyatda olan zabit Seymur Hidayətov ziyarət ediblər.Sahib Əliyev əvvəlcə şəhid ailəsinə icra başçısı İlham İsmayılovun salamlarını çatdırıb ,şəhidə Allahdan rəhmət diləyib. Daha sonra qeyd edib ki, Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan 44 günlük şanlı Vətən müharibəsində Böyük Qələbəyə gedən yolda mühüm əhəmiyyət daşıdı.
Şəhidin həyat yoldaşı Vüsalə xanım hərbiçi həyat yoldaşı olmaq böyük fədakarlıq tələb edir dedi:” Heç ağlıma gəlməzdi ki, mən 3 uşağı Rahimsiz tək başına böyüdəcəm. Bir ailə olaraq böyük arzularımız vardı. Rahim övladlarını gələcəkdə ali təhsilli ,vətənpərvər övlad kimi görmək istəyirdi. Birdə həmişə deyirdi ki, Şuşanın azad olunduğu günü çox görmək istəyirəm. Bu xəbəri Şuşa azad olunanda gecə saat 3 –də tək başıma şəhidlər xiyabanına gedərək ona çatdırdım. İnanırsız necə rahatlıq tapdım. Bu gün mən çalışıram ki,onun yarım qalan arzularını da həyata keçirim. Buna görə mənə dəstək olan dövlətimizə, Heydər Əliyev fonduna, “Zəfər” şəhid ailələri birliyinə,icra hakimiyyətinə öz təşəkkürümü bildirirəm. Qızım artıq Gəncə Dövlət Universitetinin ikinci kurs tələbəsidir ,oğlum Nihat 11-ci sinifə keçdi,Nicat isə 7-ci sinifə keçib. İnşallah ,övladlarım təhsillərini başa vurub cəmiyyətimizə xeyirli övlad kimi yetişərlər. Atalarının ruhu şaddır ki,övladları ona layiq böyüyürlər”.
Şəhidlik zirvəsinə ucalıb adını tarixə yazdıran, ölümsüzlüyə qovuşan Rahim kimi şəhidlərin xatirəsi Mingəçevirdə hər zaman əziz tutulur. Şəhər rəhbərliyi tərəfindən şəhidimizin ailəsi daim diqqət mərkəzində saxlanılır, igid vətən oğlunun doğum və anım günlərində məzarı və ailəsi ziyarət edilir.