Mingəçevirdən olan şəhidin cənnətdəki ilk ad günü məzarı yanında qeyd olunub.
Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Mingəçevir şəhər sakini Telman Fazil oğlu Allahverən oğlunun doğum günü uyuduğu Şəhidlər xiyabanında məzarı yanında anılıb.
Anım mərasimində ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit Seymur Hidayətov ,şəhidin yaxınları və oxuduğu Mingəçevir 1 saylı məktəbin müəllim və şagird kollektivi şəhidin məzarırı ziyarət ediblər.
Yaşasaydı, Telmanın 26 yaşı olacaqdı. O, 1995-ci il iyulun 7-də Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Telman Allahverənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Telman Allahverənov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Anım mərasimində məktəbli şagirdlər tarix yazaraq şəhidlik zirvəsinə ucalmış vətən oğullarının xatirəsini şeirlərlə yad ediblər. Onlar şəhidin keçdiyi qəhrəmanlıq yolundan, gələcəkdə Telman kimi mərd,vətənpərvər oğul olacaqlarını bildiriblər.
Anım mərasimində çıxış edən Seymur Hidayətov bildirib ki, biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.
Daha sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I-II Qarabağ müharibəsində şəhid olanların məzarları ziyarət olunub, ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi, Telman Allahverənov ölümündən sonra "Vətən uğrunda" ”Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidlərimiz daim Azərbaycan xalqının yaddaşında qalacaq. Biz yaşadıqca onlar da qəlbimizdə yaşayacaqlar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.