26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti Mingəçevir şəhər şöbəsi birgə tədbir həyata keçirdi.
Tədbir zamanı ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyuldu. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti Mingəçevir şəhər şöbəsinin rəisi Sadiq Əliyev və xidməti idarənin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri tədbirdə iştirak edirdilər. Müşfiq Mirzəyev adına “Dostluq” parkında yerləşən yay səhnəsində baş tutan tədbirdə Şəhid ailələri və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmanlıqlar nümayiş etdirmiş qazilər iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən və Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş nitqlə çıxış etdi. Ölkə rəhbəri, möhtərəm prezidentimiz İlham Əliyevin şəhidlərə, şəhid ailələrinə, qazilərə, o cümlədən Silahlı Qüvvələrimizin əsgər və zabitlərinə götərdiyi diqqət və qayğıdan bəhs etdi. Cənab prezidentə dərin minnətdarlığını bildirdi. Ölkə rəhbərinin sərəncamları ilə şəhidlərə, şəhid ailələrinə və qazilərə dövlət mükafatlarının, medalların verilməsini xüsusilə vurğuladı. Tədbirdə bir qrup şəhid ailəsinə və qazilərə ölkə rəhbərinin sərəncamına uyğun olaraq medallar təqdim edildi.
Şəhid ailələri üzvləri, qazilər cənab prezidentə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etdillər.
Həmin gün “Dostluq” parkında Mingəçevir şəhər İcra Hakimiyyəti Yetkinlik yaşına çatmayanlarla iş üzrə Komissiya və Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin birgə təşkili ilə yeniyetmələr arasında Silahlı Qüvvələr gününə həsr olunmuş "Müzəffər Ordum" adlı asfalt üzərində rəsm müsabiqəsi keçirildi. Şəhər rəhbəri İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri ilə birlikdə rəsm müsabiqəsinin gedişi ilə tanış oldular.
Sonda qaliblərə və fərqlənənlərə diplomlar və mükafatlar təqdim olundu.