Gənclər və İdman naziri Mingəçevirdə vətəndaşları qəbul edib
Gənclər və İdman naziri Azad Rəhimov Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Mingəçevir şəhəri ilə yanaşı Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax və Ağsu rayonlarından olan vətəndaşlar da iştirak edib. Nazirə yazılı və şifahi formada müraciət edən vətəndaşlar daha çox təmsil etdikləri bölgələrdə idman bölmələrinin açılması, kəndlərdə idman zallarının və futbol meydançalarının tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması, güzəştli ipoteka krediti, işlə təmin olunmaq, işə düzəlmə, gənclər təşkilatlarının yaradılması və qeydiyyata alınması, gənclərin asudə vaxtının səmərəli təşkili üçün gənclər mərkəzlərinin inşası və digər məsələlərlə bağlı olub.
Nazir 40-dan çox vətəndaşı qəbul edərək onların müraciətinə baxıb. Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, Gənclər və İdman Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.