Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir “ASAN Həyat” kompleksində “Hədiyyə karvanı” layihəsi reallaşdırılıb.

09 iyun 2021 | 16:00


“Hədiyyə karvanı” Mingəçevir “ASAN Həyat” kompleksində olub, şəhərdən olan şəhidlərimizin ailələri ziyarət olunub, onların uşaqlarına hədiyyələr paylanıb. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov, Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının başqan yardımçısı Salim İsot, “ASAN Xidmət”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev, çıxış edərək layihə, bu çərçivədə həyata keçirilən tədbirlərdən danışıblar.
   İcra başçısı İlham İsmayılov  qonaqları salamlayaraq xeyriyyə layihəsinin önəmindən danışıb. Bildirib ki, bu layihə iki ölkə arasındakı  münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir:
"Bizim ən çətin günlərimizdə Türkiyə yanımızda olub. Qardaş ölkənin varlığını, dəstəyini vətən müharibəsində də gördük. Bu gün də bu diqqət, Türkiyənin bizə qarşı həssas münasibəti böyük hadisədir. Ölkəmiz və bütün  dünya bu gün də gördü ki, Türkiyə bizim yanımızdadır. Bu hədiyyələr şəhid, qazi övladlarına Türkiyə xalqının sevgisi, salamı, isti münasibətinin görüntüsüdür.Biz də öz növbəmizdə buradan Türkiyə xalqına, Türkiyə dövlətinə salmlarımızı, hörmətlərimizi və sevgilərimizi göndəririk. Sizlər 16 şəhərimizi, rayonumuzu gəzərək şəhid və qazi övladlarını sevindirirsiniz. Biz bu addımı yüksək qiymətləndiririk. Bunu qardaş dəstəyi kimi görürük".
   Salim İsot isə çıxışında qeyd edib ki, şəhid övladları üçün gətirilən bu hədiyyələrin maddi olaraq yox, mənəvi olaraq böyük dəyəri var:
"Bu, bizim sizə olan qardaş sevgimizdir və əsasən mənəvi dəyəri vardır. Bizim qardaşlığımız, dostluğumuz sonsuz olacaqdır. Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın salamını və başsağlığını da çatdırıram. Biz hər zaman sizin yanınızdayıq".
  Layihə “YAŞAT” Fondunun və Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının birgə təşkilatçılığı, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin və Balıkəsir Böyükşəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə həyata keçirilir.
   Məqsəd onlara sevinc bəxş etmək, eləcə də yaradıcı potensiallarının inkişafına dəstək olmaqdır. Ankara şəhərindən start götürən layihə çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarına səfər edilir.
   1 iyun tarixindən start götürən layihə bu günə qədər Tovuz, Ağstafa, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Ağdam, Tərtər, Bərdə, Ağcabədi, Füzuli, İmişli, Kürdəmir şəhərində gerçəkləşdirilib. Növbəti günlərdə layihənin Şəki və Balakəndə də həyata keçirilməsi nəzərdə tutulur.
   Mingəçevir "ASAN Xidmət" rəhbərliyinin təşkilatçılığı ilə mərkəzə dəvət edilən şəhid ailələri ilə görüş keçirilib, onların övladlarına hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.
Daha sonra icra başçısı Türkiyədən gələn qonaqlarla şəhid ailələrinin evlərini ziyarət ediblər. Onların ailə üzvlərinə baş sağlığı verilib, övladlarına hədiyyələr təqdim edilib.

 

Keçidlər