Məktəblilər Quba və Qusar rayonlarına yola salındı
Şəhər rəhbərliyinin, təhsil işçıləri və valideyinlərin iştirakı ilə Heydər Əliyev mərkəzinin qarşısında nümunəvi və əlaçı IX-XI sinif şagirdlərinin Quba-Qusar marşurutu üzrə “Ölkəmizi tanıyaq” maarifləndirici tur aksiyasında iştirak etmək üçün yolasalma mərasimi keçirilib. Tur aksiyanın iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla anıblar. Mingəçevir şəhər icra hakimiyyəti başçısının müavini Ramiz Əliyev yolasalma mərasimində çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan bu aksiya yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsində, ölkəmizin tarixini, mədəniyyətini və adət-ənənələrini öyrənməkdə mühüm rol oynayır. Mingəçevirli məktəblilər avqust ayının 22-nə kimi Quba və Qusar rayonlarının tarixi, coğrafi və turizm məkanları ilə daha yaxından tanış olma imkanı əldə edəcəklər.