Mingəçevirdə şəhid ailələri ziyarət olunur.
Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir. Ölkə rəhbərinin siyasətinin əsasını təşkil edən vətəndaş amili Mingəçevirdə də daim diqqət mərkəzində saxlanılır. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, onların ailə üzvlərinə də xüsusi diqqət və qayğı göstərir, problemləri ilə yaxından maraqlanır. Şəhid ailələrinin günün istənilən vaxtında qəbul edilməsi və onlar tərəfindən edilən müraciətlərə şəhər rəhbərliyi tərəfindən yerində baxması və həlli istiqamətində konkret tapşırıqlar verilməsi bunun bariz nümunəsidir.
Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə vətəndaş amilinin hər zaman ön plana çəkilməsi də dövlətin vətəndaşına olan diqqət və qayğısı deməkdir. Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Seymur Hidayətov bu günlərdə daha bir şəhidin, Əlibəyli Mikayıl Xalıqverdi oğlunun ailəsini ziyarət edib, Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun adından şəhidin ailəsinə baş saglığı verib, ailəsinə və qohumlarına səbrlər diləyib. O, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını vurğulayıb. Bildirib ki, mütamadi olaraq şəhid ailələrini ziyarət edilməsi və eyni zamanda şəhidlərimizin doğum günlərinin qeyd edilməsi yeni yaranmış şöbənin qarşısında duran əsas vəzifələrdəndir və gələcəkdə də bu işlər mütəmaddi olaraq davam etdiriləcəkdir. Hər biri bir qəhrəmanlıq dastanı olan şəhidlərimizlə qürur duyur, onları unutmayacağımıza və unutdurmayacağımıza söz veririk! Allah şəhidlərimizə rəhmət eləsin!
Görüş zamanı şəhidin atası ölkə prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, onların problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluğunu bildirmiş və mətbuat vasitəsilə cənab Prezidentə minnətdarlığının çatdırılmasını xahiş etmişdir.