Şriftin ölçüsü :

Saytın rəngi :

28 May - Respublika Gunu münasibəti ilə şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun mingəçevirlilərə təbriki

28 may 2021 | 16:00

Çoxəsirlik tariximizin dövlətçilik səlnaməsində özünəməxsus yeri olan Azərbaycan Xalq Cumhuriyyətinin yaranması XX əsrin əvvəllərində dünyada gedən ictimai-siyasi proseslərin bir hissəsi idi. Bu dövrdə  Azərbaycan xalqı yeni bir formada dövlətçilik qurmaqla Şərqlə Qərbin sivilizasiyasına yeni bir dövlət modeli vermiş, ilk qərarı ilə milliyətindən, dinindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən Xalq Cumhuriyyətinin yaranmasını elan etmişdir. Azərbaycan Xalq Cumhuriyyəti 1918-ci il mayın 28 –dən 1920-ci il aprelin 28-dək olan müddətdə - cəmi 23 ay mövcud olmuşdur. Məlum olduğu kimi Azərbaycanda XX  əsrin əvvəllərində gedən proseslərdə fəal iştirak etmiş, ictimai-siyasi, fəlsəfi və maarifpərvərlik yaradıcılıqları ilə xalqımızın milli oyanışına mühüm töhvələr vermiş xalqın vətənpərvər oğullları Tiflis şəhərində toplaşaraq 1918-ci ildə Azərbaycanının “İstiqlal Bəyənnaməsi”ni elan etdilər və respublikamızın müstəqilliyinin əsasını qoydular. 23 aylıq fəaliyyəti dövründə demokratik respublika parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil bir dövlət kimi formalaşdı. O dövrdə Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi nəticəsində müstəqil Azərbaycan Respublikası süqut etdi. Cümhuriyyətin ömrü qısa olsa da xalqımızda azadlığa, müstəqillik ideyalarını daha da gücləndirdi.
     1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini qanlar bahasına bərpa etdi, Cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. Müstəqilliyimizin bərpası heç də bizə asan başa gəlmədi.  Hakimiyyət uğrunda çəkişmələr Ermənistanın torpaqlarımıza təcavüzü, cəbhədəki uğursuzluqlar, daxildəki separatçılıq meyllərinin güclənməsi yeni yaranmış dövlətimizin məhvinə doğru gedən prosesi daha da sürətləndirirdi.
     1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyətlə, böyük uzaqgörənliklə yerinə yetirərək müstəqil Azərbaycanın dünya birliyinin tam hüquqlu üzvünə çevrilməsində əsas rol oynadı . Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən ölkə prezidenti cənab İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi və müasir inkişafında mühüm rol oynayaraq Azərbaycan Respublikasının müasir uğurlarını təmin etdi. Bu uğurların davamı olaraq ötən ilin sonlarında cənab İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız şanlı ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 44 gün davam edən müharibədə işğal altında olan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonları, Xocavənd və Xocalı rayonlarının bir hissəsi azad olundu. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə tikinti-bərpa işlərinə başlanmışdır. Bu gün əldə etdiyimiz Azərbaycanın müasir uğurları Ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurlu davamıdır.  Ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan Respublikası bu xətti qətiyyətlə, prinsipiallıqla davam etdirərək, yeni-yeni uğurlara imza atır. 
       Əziz mingəçevirlilər, şəhərimizdə məskunlaşan məcburi köçkün bacı və qardaşlarımız ! Sizi və sizin timsalınızda bütün xalqımızı 28 May – Respublika Günü münasibəti ilə təbrik edir, sizlərə ən xoş arzularımı bildirirəm. Qoy Azərbaycanın bugünki zəfərləri xalqımız üçün daimi olsun.  Bayramınız mübarək olsun!


     İlham İSMAYILOV,
     Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı

Keçidlər