Mingəçevirdə İftar süfrəsi
Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə iftar süfrəsi təşkil edilib. Açılışına bu mübarək mərasimlə başlayan “Ana Kür” şadlıq sarayında 300-dək dindar və ictimaiyyət nümayəndəsi toplaşıb. Heydər məscidinin imam müavini Müşfiq Nəcəfov Islamın müqəddəs bayramları içərisində orucluğun mühüm yer tutduğundan danışıb.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov deyib ki, Islamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olub. Sovet hakimiyyəti dövründə İslamın başqa ayinləri və ibadətləri kimi, orucluğun da qadağan olunmasından danışan N.Bayramov vurğulayıb ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı bərpa olunub, İslam dininə, onun ibadət və ayinlərinə olan münasibət də dəyişib, Orucluq bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd olunmağa başlanıb.
İftar süfrəsində Qurani-Kərimdən ayələr oxunub, dualar edilib. Həmçinin Ramazan ayının fəzilətlərindən, bu cür İftar süfrələrinin müsəlmanlar arasında birlik, bərabərlik, və qardaşlığı daha da möhkəmkləndirməsindən söhbət açılıb.