31 Mart Azərbaycanlıların soyqırımı günü münasibətilə şəhər İcra Hakimiyyəti və YAP Şəhər təşkilatının birgə videokonfransı keçirilmişdir.
Anım günü qeyd olundu
Videokonfrans başlamazdan əvvəl şəhər İcra Hakimiyyətinin başçısı, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri Şəhidlər Xiyabanındakı Soyqırım abidəsi önünə gül dəstələri qoydular.
Video konfransı şəhər İcra Hakimiyyəti başçısı cənab İlham İsmayılov açaraq bildirdi ki, 31 Mart bütün dünya azərbaycanlılarının kədər və hüznlə qeyd etdiyi soyqırım qurbanlarının anım günüdür. Xain və satqın ermənilərin tarixlər boyu, zaman-zaman xalqımıza qarşı yeritdiyi soyqırım və Azərbaycan torpaqlarının erməniləşdirilməsi siyasəti ərazilərimizin hissə-hissə itirilməsi ilə nəticələnmiş, yüz minlərlə soydaşımızın qətlinə səbəb olmuşdur. Vətənimizin inkişafı tarixində misilsiz mərdlik və cəsarətlilik nümunəsi göstərən soyqırım qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edirəm.
Son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində Azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza qarşı minlərlə tarixi, mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini-qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar. Ötən əsrdə dörd dəfə-1905-1906, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiya siyasəti bu gün özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə büruzə verir, həm də onu göstərir ki, ermənilərin xalqımıza olan tarixi münasibəti dəyişməyib.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini aşkar bəyan etmək məqsədilə ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il « Azərbaycanlıların soyqırımı haqqında» fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilmişdir. Bu tarixi fərmandan sonra əsrlər boyu başımıza açılmış, lakin məqsədli şəkildə ört-basdır edilmiş qanlı soyqırım və deportasiya hadisələrinin əsil mahiyyəti tarixçilər, arxivşünaslar tərəfindən tədqiq edilməyə başlanmış, gizlinclərə aydınlıq gətirilməyə başlanmışdır.
1998-ci ildən bəri respublikamızda 31 mart hər il Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. Bu hadisələri, onların dərslərini unutmağa haqqımız yoxdur.
Sonra İlham İsmayilov soyqırım qurbanlarının əziz xatirəsinə həsr olunmuş tədbiri açıq elan etdi və çıxışlara yer verildi.
Tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov «1918-ci ilin mart hadisələri ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımdır» mövzusunda, MDU tarix müəllimi Aygün Qədirova «1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası ermənilərin xalqımıza qarşı apardığı soyqırım siyasətinin tərkib hissəsidir» mövzusunda, 17 saylı tam orta məktəbin direktoru, YAP şəhər təşkilatının Şura üzvü Atayev Ceyhun «Azərbaycan Respublikası Prezidentinin 26.03.1998-ci il tarixli «Azərbaycanlıların soyqırımı haqqında» fərmanı tarixən xalqımıza qarşı aparılan soyqırım siyasətinə verilən siyasi qiymətdir» mövzusunda, 7 saylı tam orta məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru İsmayılov Anar “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi mənfur ermənilərin işğalçı siyasətinə layiqli əks cavabdır” mövzusunda çıxış etdilər.
Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov video konfransı yekunlaşdıraraq qeyd etdi ki, tarixi yaddaşımızın qorunması, başımıza açılanlardan ibrət götürülməsi və gələcək nəsillərin əsil həqiqətlərlə məlumatlandırılması hesab edirəm ki, hər birimizin vətəndaşlıq borcudur. Bilirik ki, ölkə Prezidenti cənab İlham Əliyev bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir və artıq biz bunun əyani nəticələrini görürük.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ötən il 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız Şanlı ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 44 gün davam edən müharibədə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonları, Xocavənd və Xocalı rayonlarının bir hissəsi azad olundu. Xocalı, Xankəndi şəhərləri, Xocavənd və Ağdərə rayonlarının bir hissəsi hazırda sülhməramlı qüvvələrin nəzarətindədir. Orada vaxtilə yaşayan soydaşlarımızın həmin ərazilərə qaytarılması üçün işlər gedir. Əminəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı diplomatik danışıqlar nəticəsində soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. Bu günlər uzaqda deyil.
Bir daha soyqırım qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbir diləyir, xalqımıza səadət və tərəqqi arzulayıram.