Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətində Şəhər idmançıları ilə onlayn görüş keçirildi

05 mart 2021 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov martın 5-də vidofarmatda şəhər idmançıları ilə görüşmüşdür.

Video konfransı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq qeyd etmişdir ki, 5 Mart- Azərbaycan Bədən Tərbiyəsi və İdman günüdür.
Bu tarix Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il  4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Bu gün münasibətilə bütün idmançıları təbrik edir, onlara can sağlığı arzulayıram.
Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-ində qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-ində ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.
Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. Bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini böyük fəxrlə söyləmək olar. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri fəaliyyət göstərir.
Ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli şəkildə həyata keçirilən tədbirlər, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısı tezliklə öz müsbət nəticəsini göstərib.
Azərbaycan idman sahəsində bir çox uğurlar qazanmışdır. O uğurlardan biri də ölkəmizin “Bakı-2015” birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsidir.  Avropa Olimpiya Komitəsinin tarixdə ilk dəfə keçirilən bu mötəbər yarışa ev sahibliyi hüququnu ölkəmizə həvalə etməsi Azərbaycanın dünyada güclü idman dövləti kimi tanınmasının parlaq göstəricisi idi. Atletlərimiz birinci Avropa Oyunlarında 18-i qızıl, 18-i gümüş, 20-si isə bürünc olmaqla 56 medal qazandılar. Azərbaycan komanda hesabında 50 ölkə arasında ikinci yeri tutdu. Bizim üçün qürurverici odur ki, həmin yarışlarda bizim şəhər də təmsil olunmuşdur. Mingəçevir Avropa oyunlarının avarçəkmə üzrə yarışlarına ev sahibliyi etdi.
Mingəçevir idmançılarının da idman sahəsində uğurları olmuşdur. Son ildə pandemiya ilə əlaqədar idman yarışları olmadığına görə elə bir nailiyyətlərimiz olmamışdır. Ancaq bununla belə son bir ildə Mingəçevirdə idman sahəsində çalışan 3 nəfər fəxri Bədən tərbiyəsi və idman işçisi adına layiq görülmüşdür.   1 nəfər idmançı idman ustası dərəcəsi almışdır.
Bütün bu uğurlar onu göstərir ki, hazırda Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Azərbaycan idmanının bugünkü inkişaf səviyyəsi gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir. Video konfransda Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Uşaq Gənclər İdman məktəbinin direktoru Rövşən Əhmədov çıxış etdilər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşə yekun vuraraq bildirdi ki, cənab Prezidentimiz İlham Əliyev idmançılara diqqətlə yanaşır, onların problemlərinin həllini diqqət mərkəzində saxlayır.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Gənclər siyasəti bu gün onun layiqli davamçısı  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin gənclər siyasətində idmanın inkişaf etdirilməsi də mühüm yer tutur. Onun rəhbərliyi ilə Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Şəhərimizdə cənab Prezidentin göstərişi ilə inşa olunmuş «Kür» avarçəkmə bazası beynəlxalq standartlara uyğun fəaliyyət göstərir, idmançılarımız beynəlxalq yarışların iştirakçısı olurlar. Şəhərimizdə idmançılara diqqət artırılır, bütün bunlar üçün ölkə rəhbərinə minnətdar olmalıyıq. Mən inanıram ki, mingəçevirli idmançılar həmişə olduğu kimi, bundan sonra da şəhərimizin və ölkəmizin inkişafında öz bacarıqlarını əsirgəməyəcək, dövlətimizin inkişafı və gələcəyi naminə Prezidentimizə dəstək olacaq, ölkə rəhbəri ətrafında sıx birləşəcəklər.
Sizi bir daha  5 Mart- Azərbaycan Bədən Tərbiyəsi və İdman günü münasibəti ilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, fəaliyyətinizdə nailiyyətlər arzulayıram.
           Video konfransda idman sahəsində fəqləndiklərinə görə əməkdar məşqçi Rəşid Məmmədova və Yaşar Məmmədzadə adına şəhər stadionunun direktoru Akif Hüseynova şəhər İcra Hakimiyyətinin Fəxri fərmanının verilməsi elan olundu.

 

Keçidlər