Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar Azərbaycan Xalqı üçün Unudulmaz Tarixdir.

21 yanvar 2021 | 16:00

İyirminci əsrin sonlarında Azərbaycan torpaqlarında  ermənilərin törətdikləri vəhşilik və terrorlar, onların torpaq iddiaları xalqın əsəblərini tarıma çəkmişdi. Bu hadisələrə SSRİ dövlətinin biganə yanaşması, ermənilərin azərbaycanlıları Qərbi Azərbaycan torpaqlarından deportasiya etməsinə göz yumması respublikamızın suveren olması zərurətini yaratmışdı. Elə o vaxtlar Azərbaycan paytaxtı Bakıda və bölgələrdə xalq hərəkatı başlamışdı. Azərbaycannın ittifaqın tərkibindən çıxması, azadlıq, müstəqillik kimi  tələblər  keçirilən mitinqlərdə dilə gətirilir, erməni vandalizminin hərəkətlərinin qarşısının alınması tələb olunurdu. Lakin buna məhəl belə qoyulmurdu.   Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Ötən illər ərzində təhsil müəssisələrində, elə uşaq bağçalarında belə  faciə ilə bağlı dərslər, keçirilir, tədbirlər hazırlıanır. Hüzn günü ərəfəsində, hətta ondan əvvəlki günlərdə belə  uşaq və gənclərin Şəhidlər xiyabanlarına gedərək 20 Yanvar  şəhidlərini ehtiramla anması bir ənənyə çevrilib.
       20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayət idi.
Yanvarın 19-da Bakıda əhali xəbərdar edilmədən gecəyarı fövqəladə vəziyyət tətbiq edilmişdi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək silahlı  hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Hətta dəhşət orasındadır ki, fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.  
      20 Yanvar faciəsi dünya azərbaycanlıların təşkilatlanmasına şərait yaratdı. Azərbaycan xalqına, əliyalın insanlara qarşı törədilən  faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirmiş, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrilmişdi. Dünya azərbaycanlıları o zaman yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
Qeyd edək ki,  20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.
     20 Yanvar hadisələrinin xalqın tarixi yaddaşında həkk olunmasında mədəniyyətin rolu danılmazdır. O zaman insanlar şəhidlərinin məzarlarını davamlı olaraq ziyarət edirdilər. Şəhidlərin xatirəsinə mahnılar bəstələnir, şeirlər, bayatılar, nəsr əsərləri yazılırdı. Tarixə nəzər salaq.  Əməkdar rəssam Arif Ələsgərovun “20 Yanvar" tablosu, rəssam Bayram Qasımxanlının “Faciələrimiz” (triptix), Mikayıl Abdullayevin “Nakamların dəfni”, Rasim Babayevin “Təcavüz”, Arif Hüseynovun “Qara tağlı natürmort”, Arif Ələsgərovun “20 Yanvar”, İsmayıl İsmayılovun “Haqq tərəzisi”, Oqtay Quliyevin “Matəm”, Bayram Qasımxanlının “Faciələrimiz” (triptix) rəsmləri bu qəhrəmanlıq hadisələrinə həsr olunub.
Vasif Adıgözəlovun Fikrət Qocanın sözlərinə bəstələdiyi  “Bir şərqi de”, Hacı Xanməmmədovun “Əlimdə sazım ağlar”, Oqtay Rəcəbovun Məmməd İsmayılın sözlərinə bəstələdiyi “Qana dönən qərənfillər”, Emin Sabitoğlunun Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi “Şəhidlər ağısı”, Mehriban Əhmədovanın Məmməd Arazın sözlərinə yazdığı “Ana millət, ata millət, ağlama”,  Azər Zeynalovun “Vətən harayı”, Aydın Kərimoğlunun- “Qətl günü”, Sərdar Fərəcovun “Matəm harayları” simfonik lövhəsini,  Arif Mirzəyevin “Yanvar passionları”  matəm messasını, Oqtay Rəcəbov  “Çingiz” oratoriyasını qeyd etmək olar.
      Azərbaycan kinematoqrafında 20 Yanvar hadisəsinə “Qanlı Yanvar”, “Boz qurdun harayı”, “Azadlığa gedən yollar”, “Bakıda insan ovu”, “Şəhidlər və qazilər”, “Qanlı Bakı”, “Matəm” filmləri ithaf olunub. Hadisədən sonra Bəxtiyar Vahabzadə, Məmməd Aslan, Qabil, Xəlil Rza, Fikrət Qoca və başqalarının elegiyaları, etiraz ruhlu şeirləri yazılmışdır. Yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşası 1999-cu ildən müxtəlif dövlət teatrlarında səhnələşdirilib. Ötən 31 il ərzində 20 Yanvar hadisələri ilə bağlı ali və orta təhsil ocaqlarında tələbələr, məktəblilər də müxtəlif kompozisuiyalar hazırlamaqla tariximizin şanlı səhifəsini xatırlayırlar.
     Bəli, 20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Hadisələr göstərirdi ki, ittifaq adlanan dövlətin tərkibində qalmaq  xalqın həyat tərzini, gələcəyini daha da pis vəziyyətə salacaq. Çünki milli iradənin qalib gəlməsi başqa dövlətləri  məzlum halda saxlamaq niyyətli bir ittifaqın rəhbərinə sərf etmirdi.   Beləcə, şərəfli və qəhrəmanlıq tarixi yaşayan Azərbaycan xalqı bu imtahandan da qələbə ilə çıxdı. Xalqımız bundan sonra dəfələrlə düşmən qüvvələrin təhdid və terrorları, işğalçılıq əməlləri ilə qarşılaşsa da müstəqilliyimizin əldə edilməsinə nail oldu.
     20 Yanvar cinayəti Azərbaycan xalqının iradəsini və bütövlüyünü qıra bilmədi.  O zaman Azərbaycan informasiya blokadası şəraitində yaşayırdı. Ölkədə hakimiyyət uğrunda mübarizə, xaos və anarxiya hökm sürməkdə idi. Mövcud rəhbərlik əslində  işini  yerinə yetirə bilmirdi. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri Elmira Qafarova, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədov sovet imperiyasının qoşun hissələrinin Bakı şəhərinə yeridilməsi ilə əlaqədar heç bir konkret tədbir görmədiklərinə və vətəndaşların təhlükəsizliyini təmin etmədiklərinə görə yüksək vəzifəli şəxslər kimi öz üzərinə düşən məsuliyyətin öhdəsindən gəlməmişlər. Azərbaycan SSR kommunist rəhbərliyinin xəyanətkar siyasəti nəticəsində törədilmiş ağır cinayət azadlıqsevər Azərbaycan xalqının iradəsini qıra bilməmiş, onu daha da qəzəbləndirmişdi. Xalqın Sovet İttifaqı Kommunist Partiyasına və mövcud rejimə qarşı nifrəti son həddə çatmış, Kommunist Partiyasının üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etmişlər. Sovet ittifaqı içəridən parçalanırdı, yəni insanların sabaha olan ümidlərini doğrultmurdu.  Və təbii ki, ittifaqən dağılmasının zamanı yetişmizşdi. 20 Yanvar hadisələri də müstəqilliyə gedən yolun başlanğıcı üçün bir səbəb oldu. Yəni dinc insanlarlı qətlə yetirmək kimi əmr verən bir dövlətin tərkibində qalmaq şəhidlərimizə, milli birliyimizə , dövlətimizə qarşı bir  buganəlik idi. 
     20 Yanvar hadisələrin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır. Çünki bu tarix Azərbaycan xalqının şərəf tarixidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.  Təpədən dırnağadək silahlanmış hərbçiləırin bütün təhdidllərinə, azğınlıqlarına baxmayaraq  həmin günlərdə Azərbaycan xalqı suverenlik yolunda qətlə yetirilən, öldürülən şəhidlərini böyük izdihamla, ehtiramla Şəhidlər xiyabanında dəfn etdi. Buna heç bir silah, qəddarlıq mane ola bilmədi. 
     20 Yanvar hadisələri Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayətdir.  Əslində 20 Yanvar hadisələri beynəlxalq hüquqi riyakarlığın təzahürüdür. SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedyevin istintaq qrupu hərbçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəldi və 20 iyul 1990-cı il tarixində cinayət işinə xitam verilməsi barədə qərarı verildi. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparıldı və qaytarılmadı. Beləcə, əsl cinayətkarlar cəzasız qaldılar. Buna rəğmən Azərbaycanın dövlət başçısı, diplomatiyamız bu hadisələrlə bağlı dünyanın bütün ölkələrinə bəyanatlarla məlumatlar verdilər və hər il hüzn günü ərəfəsində bu təbliğatlar davam etdirilir. 31 ildir ki, Azərbaycanın müxtəlif ölkələrdə fəaliyyət göstərən səfirlikləri, diasporu, tələbə-gəncləri 20 Yanvar hadisələri ilə bağlı yaşadıqları yerlərdə tədbirlər keçirir, hadisə qurbanlarınl anırlar.  
Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. Bir çox ölkələrin radiostansiyaları da yanvar faciəsi haqqında hərtərəfli informasiya verir və imperiya qüvvələrini lənətləyirdi. Sivil dövlətlərin təcrübəsindən fərqli olaraq o zaman  Azərbaycanın siyasi rəhbərliyi nəinki istefaya getməmiş, hətta belə bir məqamda susmağı daha üstün tutmuşdur. Xalqının şəhidlər verdiyi faciəli günlərdə, o bu faciəyə rəsmi bəyanatla münasibətini bildirməmiş, xalqın qəzəbindən qorxaraq şəhidlərin dəfn mərasimində iştirak etməmiş, yas içində olan xalqına başsağlığı belə verməmişdir. Bu hakimiyyətə  qarşı bir daha etimadsızlıq yaratmışdı.  
20 Yanvar hadisələri eyni zamanda Azərbaycan xalqına qarşı törədilmiş siyasi terror kimi də qiymətləndirilməlidir. İşğalçılıq siyasəti ilə Azərbaycanın suverenliyinə qəsd etmiş, xalq hərəkatını boğmaq üçün bədnam kommunist ideologiyası libasında köhnə imperiya iddialarını həyata keçirmək məqsədilə 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi danılmaz faktdır.
     Qərarı verən keçmiş SSRİ-nin sabiq rəhbəri Mixail Qorbaçov sonradan guya etiraf etmişdi: “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”. Qorbaçov səhv yox, cinayət etmiş, SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozmuşdur. Onlarla insanın ölümünə səbəb olan hadisəni adi hadisə kimi xatırlamaq, həm də illərdən sonra, bu insanlığa sığmayan bir haldır. Nə olursa olsun, heç bir cinayər cavabsız qalmır. Həmin siyasi rəhbər də, digər günhkar qatillər də Tanrının qəzəbindən qaça bilməyəcəklər. 
     20 Yanvar hadisələri eyni zamanda beynəlxalq cinayət kimi də qiymətləndirilməlidir. XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. 
 

     Ulu Öndər Heydər Əliyevin  qətiyyəti və siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini almışdır . Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi.   Bu ulu öndərin xalqına olan bağlılığı, riyakar qatillərə olan bir mesaj idi. Ölkədə xaos yaratmaqla, milli hərəkatı boğmaqla, günahsız insanları öldürməklə yanaşəı qonşu dövlətin daşnaksütun qüvvələri torpaqlarımlzda cürbəcür terror hadisələri törədirdilər ki, bu da ölkənin daha təhlükəli  vəziyyətə düşməsinə yol aça bilərdi. Ulu öndərin bu addımı  xalqın mübarizə ruhunu gücləndirdi, inam hissi yarandı ki, azadlıq əldə etmək yolunda  itkilər də olacaq, geriyə rol yoxdur.
     20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.


       Azərbaycan dövləti və xalqı öz şəhidlərini unutmur

      20 Yanvar hadisələrin nəticəsində şəhid olmuş ailələrin sosial vəziyyəti daim dövlətimizin  diqqət mərkəzindədir.  1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Prezidenti İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə  "20 Yanvar Şəhidi" fəxri adı təsis edilib. Prezident  İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində  20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb.  Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca tutur. Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyaraq ehtiramını bildirir.
      Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün ötən illər ərzində  mühüm işlər görmüşdür. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir. Təqaüdün məbləği 2021-ci il yanvarın 1-dən 300 manatdan 500 manatadək artırıldı. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri aparılıb. Bundan başqa, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksi inşa olunub. 
     Bu il, 2021-ci ilin 20 yanvar günü də dövlətimizin başçısı İlhjam Əliyev 20 Yanvar Abidə Kompleksini və faciə zamanı şəhid olan vətən övladlarının məzarlarını ziyarət etdi. Bu ziyarət bir başqa ziyarət idi. Bu dəfə prezidentimiz İlham Əliyev Vətən müharibəsində qələbə qazanmış, Zəfər qazanmış, 30 ilə yaxın işğal altında qalan torpaqlarını  azad edən müzəffər Ordunun Ali Baş Komandanı kimi ziyarət etdi.  Şəhidlərimizə gözaydınlığı  verdi, desək  daha doğru olar. Çünki ötən illər ərzində düşmən məkrinin qurbanı olan şəhidlərimiz azadlığımız, müstəqilliyimiz, torpaqlarımızın qorunması, azad edilməsi kimi müqəddəs yolda şəhid olublar. Onların qanı yerdə qalmadı. Azərbaycanın Şanlı Ordusu dünyaya qalilibiyyət yolunda zəfərə nail olduğunu göstərdi. Bu 20 Yanvar, şərəf tariximizin xoş bir davamıdır.

     Esmira Cəfərova

     Siyasi elmlər üzrə fəlsəfə doktoru

Keçidlər