“8 Noyabr – Zəfər Günü” münasibətilə Mingəçevirdə tədbir keçirildi
04 noyabr 2026 | 17:26
Noyabrın 4-də “8 Noyabr – Zəfər Günü” münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, icra başçısı İlham İsmayılov birinci və ikinci Qarabağ müharibəsi, Aprel döyüşləri, antiterror əməliyyatı və təxribatlar zamanı həlak olan şəhidlərin ailə üzvləri və əlillər ilə görüşüb. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qarşıdan gələn 8 noyabr-Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını və onların timsalında ailə üzvlərini təbrik edərək xoş arzularını çatdırıb. Qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə xalqımızın qəhrəman övladları cəsarətlə mübarizə aparıblar. Uzun illər işğal altında qalan yurd yerlərimizin azad olunması dövlətimizin ən birinci problemi idi. 2020-ci ildə, sentyabrın 27-də düşmənin növbəti təxribatına cavab olaraq başlanan əməliyyatlar, təbii ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, Milli Ordumuzun əsgər və zabitlərinin şücaəti ilə zəfərlə başa çatdı. 44 gün davam edən müharibə noyabr ayının 8-də Şuşa şəhərinin azad olunması, hər bir qələbə tariximizin şanlı səhifəsini yaratdı. Azərbaycanın möhtəşəm qələbəsi -sizlərin böyüdüb tərbiyə verdiyi övladlarınızın, qazilərimizin, müharibədə iştirak edən bütün el oğullarının iştirakı ilə, xalqımızın birliyi, vətənpərvərliyi ilə qazanılıb. Altı ildir ki, biz “Zəfər Gününü” böyük coşqu ilə, təntənəli şəkildə keçirir, şəhidlərimizin xatirəsini yad edirik. Zəfər Günü ilə əlaqədar bütün müəssisələrdə xatirə tədbirləri, dəyirmi masalar, diskussiyalar, müsabiqələr, ağacəkmə aksiyaları keçiriləcək, şəhidlərimizə ehtiramımızı ifadə edəcəyik. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə sizlərə diqqət və qayğı göstərilir, hər birinizə hörmətimiz sonsuzdur. Bü günkü görüşümüz də əziz bayramlar münasibəti ilə təbriklərimizi çatdırmaq, problem və çətinliklərinizi öyrənmək, həllinə yardım etməkdir.
Görüşdə çıxış edənlər öncə göstərilən diqqət və qayğıya görə ölkə Prezdentinə minnətdarlıqlarını bildiriblər. Arif Abbasəliyev, Sevinc Əhmədova, Gülnarə Adilzadə, Xalidə Əzizova, İldırım Cüməzadə, Reyhan Ağakişiyeva, Saqibət Xankişiyeva, Hicran Məmmədova, Ceyhun Bayramov, Lətifə Mirabova, Aşa Məmmədova, Zəkiyyə Süleymanova, Əbülfət Babayev, Şəlalə Yusifova, Azadə Abdullayeva, Natiq Həsənov çıxışlarında Zəfər Günü münasibəti ilə təbriklərini çatdıraraq fikir və təkliflərini bölüşüblər. Şəhidlərin adını daşıyan bəzi küçələrdə abadlıq işlərinin aparılması, asfalt örtüyünün salınması, Şəhidlər Xiyabanında dekorativ güllərin əkilməsi, yaşıllıq sahəsinin genişləndirilməsi, şəhid adı verilən küçələrin sənədləşməsində mövcud olan uyğunsuzluq, küçələrin təmizliyinin qorunması, mənzil və sosial poblemlərlə bağlı müraciətlər edilib. Şəhərimizdə aparılan abadlıq-quruculuq işləri, park və xiyabanlarda yaradılan şərait, işıqlanma sistemin yenidənqurulması, vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihələr barədə də söhbət aparılıb, əməyi olan hər kəsə minnətdarlıq ifadə edilib.
Görüşə yekun vuran İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Zəfər Günü, Dövlət Bayrağı günü münasibəti ilə bir daha təbriklərini çatdırıb, qeyd olunan təkliflərin həlli istiqamətdə tədbirlərin görüləcəyini bildirib. Sonda xatirə şəkli çəkdirilib.