8 Noyabr Zəfər Günü münasibəti ilə Mingəçevirdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə yaradılmış parkın açılış mərasimi keçirilib.
08 noyabr 2025 | 16:13
Energetiklər yaşayış massivində, qəhrəmanın yaşadığı binaya onun son döyüş səhnəsini əks etdirən portret vurulub, binanın yaxınlığında, xatirə bulağının arxasında yaradılmış parkda yaşıllıq zolağı yaradılıb, 80 ədəd şam ağacı tingi və 20 dekorativ gül kolları əkilib, qazonlar səpilib, fəvvarə yaradılıb, 7 yerdə işıqlanma nöqtəsi qurulub, işıq dirəkləri yerləşdirilib, söhbətgah hazırlanıb, 7 ədəd oturacaq qoyulub. Natiq Qasımovun abidə barelyefinin qarşısına gül dəstələri düzülüb, ehtiram ifadə edilib. Şəhər ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbiri açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmaylov Zəfər bayramı münasibəti ilə iştirakçıları və xalqımızı təbrik edərək xoş arzularını ünvanlayıb. Milli Qəhrəman Natiq Qasımovun şücaətlərindən, onun dünyada tanındığından söhbət açıb. Torpaqlarımızın azad olunması uğrunda həlak olan bütün şəhidlərimizi yad edib, onlara Allahdan rəhmət diləyib, qazilərimizə can sağlığı arzu edib. Azərbaycanın Zəfər tarixini yazan Milli Ordumuzun bütün əsgər və zabitlərinə, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirərək uğurlar arzulayıb. Çıxış edən Mili Qəhrəmanın qardaşı Nofəl Qasımov, birinci Qarabağ müharibəsi əlili Əbülfət Babayev Zəfər günü təbriklərini çatdıraraq möhtərəm Prezidentin göstərdiyi diqqət və qayğıdan danışıblar. Sonra parka baxış keçirilib, məktəblilər vətənpərvər ruhlu şeirlər söyləyiblər, qəhrəman şəhidin xatirəsi bir daha yad edilib.