8 Noyabr – Zəfər Günü münasibəti ilə elmi-praktik konfrans keçirilib
05 noyabr 2026 | 17:01
Noyabrın 5-də Mingəçevir şəhər İcra Hakimiyyətinin və Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə “Şanlı Zəfərin altıncı ildönümü: tarixi yaddaş, milli dövlətçilik və gələcəyə baxış” mövzusunda elmi-praktik konfrans keçirilib Tədbir iştirakçıları əvvəlcə ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisələrin rəhbərləri, kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. Konfransdan əvvəl MDU-nun həyətində Zəfər gününə həsr olunmuş sərgiyə baxış keçirilib. Konfransda Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 8 Noyabr – Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Giriş nitqi ilə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yaxın tarixə nəzər salıb. Ötən əsrin doxsanıncı illərində ölkəmizdə baş verən xaos və anarxiyanın qarşısının alınması üçün xalqın təkidli dəvəti ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin siyasi səriştəsi, qətiyyəti, uzaqgörən siyasəti ilə ölkəmizdə həyata keçirilən islahatların, atəşkəs rejiminin əldə edilməsinin, Milli Ordunun formalaşması və bazasının genişləndirilməsi istiqamətində reallaşan işlərin Azərbaycanın iqtisadi inkişfına yol açdığını bildirib. Qeyd olunub ki, məhz bu siyasəti ləyaqətlə davam etdirən, dövlətimizin iqtisadi qüdrətinin artırılması yolunda inamla addımlayan, xarici siyasətimizdə ən yüksək müvəffəqiyyətlərin qazanılmasına nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərkərdəlik qabiliyyəti 44 günlük Vətən müharibəsində dövlətimizə, xalqımıza böyük Zəfəri qazandırdı. Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Milli Ordumuzun ikinci Qarabağ müharibəsi günlərində ard-arda rayon və şəhərlərimizi, kənd və qəsəbələrimizi azad etməsi, həmin yerlərdə üçrəngli Azərbaycan bayrağının yüksəldilməsi tariximizin şanlı səhifələrini yaratdı. Azərbaycan xalqı birlik nümayiş etdirməklə, cənab Prezidentimizin ətrafında sıx birləşərək bu qələbəni qazandı, dünya əsl vətənpərvərliyi gördü. Artıq altıncı ildir ki, azad olunan yerlərimizdə geniş quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlər ata yurdlarına qayıdırlar, Qarabağda həyat yenidən öz məcrasına düşür. Mən əziz gün, Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını, bütün mingəçevirliləri ürəkdən təbrik edir, xoş və sevincli günlər, sağlqlı ömür arzulayıram. Allah bu qələbəni bizə bəxş edən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı qismət olsun.
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov “8 Noyabr Zəfərinin Azərbaycan dövlətçilik tarixində yeri və tarixi əhəmiyyəti” , YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Vətən müharibəsi və milli-mənəvi dəyərlərin müasir bədii düşüncədə əksi”, 23 nömrəli tam orta məktəbin direktor müavini, şəhid ailəsinin üzvü Aygün Quliyeva “Zəfər tarixmizdin şanlı səhifəsi: milli birlik və ictimai həmrəyliyin fenomeni”, MDU-nun dosenti, müharibə veteranı Rövşən Babayev “Zəfərdən suverenliyə: Azərbaycanın müasir siyasi tarixinin yeni mərhələsi”, 9 nömrəli tam orta məktəbin direktoru Seymur Məhərrəmov “Böyük Qayıdış: tarixi Zəfərdən Qarabağın dirçəlişinə yol” mövzularında geniş məruzələrlə çıxış ediblər.
Çıxışlarda Zəfər günü təbrikləri, xalqımıza birlik və firavanlıq fikirləri ifadə olunub.