8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Mingəçevir qadınlarına təbrik
07 mart 2024 | 14:49
Hörmətli mingəçevirli qadınlar, xanımlar, şəhid ailələrinin üzvü olan ana və bacılar, məcburi köçkün bacılarımız! Sizi, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edir, ailə səadəti, xoşbəxtlik, işlərinizdə uğurlar arzu edirəm.
Azərbaycan xalqı hər zaman qadınlara hörmətlə yanaşır, diqqət və qayğı göstərir. Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində qadınlarımızın xidməti əvəzsizdir. Mingəçevir şəhərində yaşayan qadınlar da ailələrində olduğu kimi, xidmət göstərdikləri sahələrdə də öz vəzifələrinin öhdəsindən məharətlə gəlirlər. Dövlət qulluğunda, təhsil, mədəniyyət, tibb, idman sahələrində, eləcə də digər qurumlarda çalışan qadınlar həmçinin şəhərimizin ictimai həyatında da fəallıq göstərməklə öz töhfələrini verirlər. Qadın anadır, bacıdır, ömür yoldaşıdır, sirdaşdır. Qadın ucalıq rəmzidir, ləyaqət timsalıdır. Tariximizə nəzər salanda görürük ki, Azərbaycan qadını öz əzəməti, müdrikliyi, ləyaqəti, səmimiyyəti ilə tanınıblar. Bu gün də bu ənənə davam edir. Azərbaycanın birinci vitse prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti, uşaqlara, yardıma ehtiyacı olanlara göstərdiyi diqqət və qayğı, təhsilimizə, səhiyyəmizə, mədəniyyətimizə verdiyi töhfələr, şəhid ailələrinin xanımlarına, məcburi köçkün bacılarımıza verdiyi dəstək buna əyani misaldır. Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqımız çox çətin və ağır hadisələrlə üzləşdi. Bu çətin və ağır illərdə, torpaqlarımızın işğal altında qaldığı dövrlərdə nə qədər ağrılı-acılı günlər yaşasalar da bizim Azərbaycan qadınları əyilmədi, sınmadı. Açıq alnı, ləyaqəti ilə bütün çətinliklərə dözdü. Şəhid anaları, bacıları, qızları, yurd yerlərini itirən bacılarımız dövlətimizə söykəndilər, bütün çətinliklərə sinə gərdilər. Budur qadın hünəri, mətanəti, ləyaqəti!
Bu gün xalqımız qələbə sevincini yaşayır. Bu böyük qələbəni, Zəfəri bizlərə bəxş edən şəhidlərimizi, qazilərimizi vətənpərvər tərbiyədə böyüdən analar, bacılar, sizlərin xidmətləriniz fərəhləndirici və sözəgəlməzdir. Əminliklə demək olar ki, bundan sonra da siz xanımlar şəhərimizin inkişafında öz xidmətlərinizi göstərəcək, xüsusilə gənc nəslin tərbiyəsində, vətənə sevgi və məhəbbətlə böyüməsində öz töhfələrinizi verəcəksiniz. Bir daha bayramınız mübarək. Evlərinizdən sevinc və bərəkət əskik olmasın, nəsibiniz gözəllik olsun.