Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi qəhrəmanı ilə görüş

12 dekabr 2020 | 16:00

 Sentyabrın 27-də erməni separatçılarının Azərbaycan torpaqlarına hücumuna layiqincə cavab verən Azərbaycan Ordusunun şəxsi heyəti 44 gün ərzində böyük qələbə qazanaraq 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı düşmən tapdağından azad etdi. Vətən müharibəsində Azərbaycanın bütün bölgələrində olduğu kimi Mingəçevirdən də yüzlərlə gənc könüllü olaraq Milli Ordu sıralarına cəlb olunmuş, düşmənə layiqli cavab vermişdir. Bu döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərərək həlak olan şəhidlərimizin qanı yerdə qalmadı. Vətən müharibəsi böyük zəfərlə başa çatdı. Məhz buna görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev müharibədə xüsusilə fərqlənən əsgər və zabitlərimizi, ölümündən sonra Şəhid olan igid oğullarımızı Vətənin Ali mükafatları ilə təltif etmişdir.  Onların sırasında Mingəçevirli hərbçi mayor Elnur Ramiz oğlu Şirinov da var.  O “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Elnur Şirinov 1987-ci ildə Mingəçevir şəhərində anadan olub.  13 saylı tam orta məktəbi bitirdikdən sonra Hərbi Akademiyaya daxil olub. Sonra Naxçıvanda xüsusi təyinatlı hərbi dəstədə xidmətə başlayıb.  Vətən müharibəsi başlayandan ön cəbhədə torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə  iştirak edib.  O, Cəbrayıldan başlayan döyüşlərdə Şuşa şəhərinin  azad edilməsinədək bütün döyüşlərdə fədakarlıq göstərib. Dekabrın 10-da Bakı şəhərində keçirilən Hərbi paradda iştirak edib. Qısa müddətli məzuniyyətə gələn qəhrəman döyüşçünü mingəçevirlilər böyük coşqu ilə qarşıladılar. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  Vətən Müharibəsi qəhrəmanını salamlayaraq onu Vətənin ali mükafatına layiq görülməsi münasibətilə səmimi qəlbdən təbrik etdi.  Sonra Ulu öndər Heydər Əliyevin abidəsi önünə   gül-çiçək dəstələri qoydular. Şəhidlər  Xiyabanına gedərək Şəhidlərin məzarı önünə qırmızı qərənfillər düzdülər. Şəhidlər Xiyabanında görüşdə iştirak edən şəhər sakinləri qarşısında şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Elnur Şirinov çıxış edərək təəssüratlarını bölüşdülər.

Vətən Müharibəsi Qəhrəmanımız şəhidlərimizin məzarını ziyarət etdikdən sonra 20 Yanvar Abidə Kompleksinin qarşısında 1 saylı tam orta məktəbin şagirdlərinin təqdim etdiyi kompozisiyaya baxdı və xatirə şəkli çəkdirdi.

 

Keçidlər