Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi qələbəsinin daha bir təsdiqidir.
Kəlbəcər rayonu işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər idi ki, səbirsizliklə gözləyirdi. 28 il düşmən işğalı altında qalan daha bir yurd yerimizin heç bir itki vemədən azad olunması Azərbaycanın növbəti diplomatik qələbəsidir. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 15-də təhvil verilməli idi, lakin düşmən tərəf köç eləmək üçün vaxtın darlığını bəhanə edərək 10 gün vaxt istəmişdi. Azərbaycan tərəf ədalətli mövqeyini yenidən nümayiş etdirdi, düşmənə vaxt verdi. Təki burda məskunlaşmış ermənilər çıxıb getsinlər. Onlar isə öz vandallıqlarını, mənfur niyyətlərini davam etdirdilər, 10 gün ərzində azərbaycanlılara qalmasın deyə yaşadıqları evləri yandırdılar, ağacları kəsib doğradılar, bacardıqları qədər pisliklər törətdilər, erməni ki, erməni. Özgə torpağında 25 ildən artıq dövrdə yaşayıblar, onlar bilirdilər ki, vaxt gələcək, torpağın sahibi gələcək. Onlar təkcə məğlubiyyətin acısını çəkmirlər, həm də bu cür gözəl təbiətli torpaqlarda yaşamaqdan məhrum olduqlarına görə belə vəhşilikləri törədirlər. Azərbaycan torpağı bu vandallardan çox çəkib, xalqımıza edilən terror və soyqırım aktları unudulmur, tarixin yaddaşında qalır. Bütün dünya dövlətlərinə erməni şovinizmi haqqında məlumatlar verilib. Elə 44 günlük müharibə dövründə dinc insanlara qarşı edlən cinayət faktları, raketlərin yağdırılması, uşaqların, qadınların, yaşlı insanların öldürülməsi cinayət deyilmi?
Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, indi isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirir. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.
Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.
XXI əsrin müharibəsini aparan, uzun illər işğal altında qalan torpaqlarını azad edən Azərbaycan xalqı qalib və döyüşkəndir, cəsatərlidir, vətənpərvərdir.
Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi.
Kəlbəcərlilər 28 ildir ki, Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayırlar. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi ermənilər çıxarılanadək də talan edilmişdir. Günahsız insanlar o zaman öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də xalqa müraciəti zamanı Kəlbəcərin azad olunması kimi sevincli xəbəri verərkən deyib ki, “Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi”. O dövrdə baş verənlərdən söz açaraq bildirib ki, “Kəlbəcərin işğal edilməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir”. Yəni, “Azərbaycan Xalq Cəbhəsi 1992-ci ildə qanunsuz yollarla hakimiyyətə gəlməsəydi, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi”.
Kəlbəcərin işğal altına düşməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə böyük üstünlüklər vermiş, Kəlbəcər üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradılmış, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Bir sözlə, düşmən burada özünə yeni bir istehkam qurmuş, torpağın sahiblərinə qarşı hücum planları yaratmışdır. Gizlin deyil ki, Vətən müharibəsi dövründə düşmən burdan da torpaqlarımıza raketlər yağdıraraq xalqımıza böyük itkilər yaşatmışdır.
Doxsanıncı illərdə Azərbaycan torpaqlarının itirilməsi hakimiyyət uğurunda qeyri-sağlam mübarizənin nəticəsi olmuşdur. 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmış, daxili çəkişmələr üzündən xaos, siyasi böhran yaranmışdı. Dövləti idarəetməni bacarmayan insanların yenicə müstəqillik əldə edən ölkədə, həm də düşmən təcavüzünə məruz qalan bir yerdə rəhbər vəzifədə olması yalnız itirməklə nəticələnə bilərdi.
1992-93-cü illərdə rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamların heç bir siyasi və idarəçilik təcrübələri olmamışdır. Amma onların vəzifə hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycan torpaqlarının itirilməsinə gətirib çıxardı.
Laxlamış hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsi başlamışdılar. Öz əsgərlərini əsir götürmüşdülər. Ölkədə insanlar küçələrə çıxmağa belə qorxurdular. Nə baş verirdi, kim idi günahkar, düşmən yalnız erməni idimi? Təkcə torpaqların itkisi təhlükəsimi mövcud idi? Bu suallar insanları çaşdırırdı. Bir tərəfdən də böhran hökm sürürdü, işsizlik yaranmışdı, həyat tamamən iflic vəziyyətə düşmüşdü. Ata-baba torpaqlarından məcburən köç edən minlərlə insanın çıxılmaz vəziyyəti də gərginliyi artırırdı. Bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarı o vaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyətidir.
Prezident İlham Əliyev belə deyir: “AXC hakimiyyətində təmsil olunanların obrazı kollektiv Paşinyandır - savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən”. “Paşinyanın addımlarına baxıb onun simasında o vaxtkı Azərbaycan Xalq Cəbhəsinin və ölkə rəhbərliyinin simasını görəcəklər”.
Doxsanıncı illərin əvvəllərində həqiqətən ağır vəziyyət hökm sürürdü. İnsanlarda sabaha inam hissi yox idi. Həmin illərdəki ambisioz naşıların siyahısını açıqlayan Prezidentimizi dinləyərkən adam dərk edir ki, bu cür hakimiyyətlə dövlət məhv ola bilərdi.
AXC hakimiyyətində parlamentin sədri olmuş şəxs uğursuz kiçik elmi işçi idi.
Dövlət katibi komsomoldan çıxmış karyerist, özü də sonrakı mərhələdə öz liderinə xəyanət etmiş, onun kürsüsünə, kreslosuna göz dikmiş, onun ölümünə hamıdan çox sevinmiş və ondan sonrakı həyatını, sadəcə olaraq, xarici dairələrin idarəsi altında keçirən bir adamdır;
Xarici işlər naziri heç bir dildə danışa bilməyən təsadüfi bir adam, fizika müəllimi idi. Ümumiyyətlə xarici münasibətlərin mahiyyətini başa düşmədən xaricə turist kimi səfərlər edir və qeyri-adekvat açıqlamalar verirdi;
Müdafiə naziri, riyaziyyat müəllimi idi,məhz bu riyaziyyat müəllimi Şuşanı düşmənə təhvil verdi;
Ölkə iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qabağa aparmağa məsul olan Baş nazir elmi kommunizm üzrə kiçik elmi işçi idi;
Daxili işlər naziri canlı efirdə quldurluq edir, jurnalistləri həbs edir, döyür, maşınların yük yerinə atırdı.
Xalq çaşqınlıq içərisində idi. Bu hakimiyyət ölkəni hara aparır, insanları nə gözləyir? Həyat iflic olub, iş yox, kommunal sahələrdə durğunluq, gələcəyimiz olacaqmı? Belə bir vaxtda dövləti, xalqı məhv olmaqdan xilas yolu yalnız bir tərəfə yönəlmişdi. Azərbaycanı ancaq siyasi səriştəsi, idarəetmə qabiliyyəti olan, qətiyyətli və uzaqgörən bir adam qurtara bilər, təbii ki, uzun illər Azərbaycanın rəhbəri olmuş Heydər Əliyev. Prezident İlham Əliyevin dediyi kimi; “Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi”.
Prezident İlham Əliyev işaldan azad olunan torpaqlarımızın necə böyük şücaətlə alınmasından da bəhs edir: “Vətən xainlərinin satdığı Şuşanı biz qaytarmışıq”. Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu.
Kəlbəcərdən qaçan qeyri-qanuni erməni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə diqqəti cəlb edirlər. Ermənistana unitazla qaçan "sakin" erməni məzhəkəsi nümunəsidirsə, azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuran ermənilər isə öz vəhşi, dağıdıcı xislətlərini nümayiş etdirirlər. Onlar yandırıb ziyan vurmuşlar. Nə üçün? Çünki bura onların eli, yurdu deyil. Insan öz evini, yurdunu yandırarmı, talan edərmi? Əlbəttə, yox. Torpağın sahiblərinə acıq olsun deyə bu cür vəhşiliyi törədənlərın buralardan çıxıb getməsi bəsdir, apardıqları heç bizə lazım da deyil, çünki qüdrətli Azərbaycan dövləti azad olunan torpaqlarımızda geniş quruculuq işləri aparacaq. Onların tör-töküntüləri də dağıdılacaqdır.
Kəlbəcər şəhərində məktəb direktorunun orta məktəbə od vurması düşmənin mənəvi-əxlaqi baxımdan dibə vurduğunu, deqradasiyanı dünyaya nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Çıxacaqları günə az qalsa da xislətlərindən əl çəjkməmişlər. Buna nə ad vermək olar, yalnız insanlıqdan uzaq olan əməllər.
Kəlbəcər işğalçılardan azad edildikdən də sonra Azərbaycan tərəfi burdakı bütün tarixi abidələri, o cümlədən dünya əhəmiyyətli dini tarixi abidələr olan Xəzinədağ (Gəncəsər) və Xudavəng məbədlərini bərpa edəcək, onun əsl milli kimliyini - alban tarixini də təqdim edəcək. Düşmən bizim tarixi abidələrimizi belə özlərininkiləşdirmək istəyib. Gülməlidir, tarixi keçmişi olmayan bir xalqın necə qədim abidəsi ola bilər ki?
Prezident İlham Əliyev bildirib ki, “Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq”. “Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir”.
Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər.
Ermənipərəst dövlətlər öz fikirlərində qalmaqdadırlar. Çünki, onlar Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını istəmirdilər. Ona görə də törədilən bütün terrorlara, cinayətlərə göz yumublar. Lakin ədalət hər zaman Azərbaycan tərəfdə olub və Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun döyüşkənliyi və bacarığı ilə ədalət bərpa olundu, torpaqlarımız azad olundu. Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar. Məscidlərin dağıdılmasına etiraz edilməməsi Qərb ölkələrinin ikili standartlarının, islamofobiyanın, xristian təəssübkeşliyinin təzahürdür.
Qondarma “DQR”in ərazisində onilliklər ərzində qalmış 67 məsciddən 63-ü dağıdılmışdır. Azərbaycan Prezidenti o məscidlərin biri olan Ağdam məscidini ziyarət etmiş, məscidin dağıdılmış vəziyyətini dünyaya nümayiş etdirmişdir.
Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli qızıl, civə, tuf, gil, perlit, üzlük daş, qum-çınqıl qarışığı, mərmər, nefroid, obsidian (dəvə gözü), listvenit yataqları var. Kəlbəcərdə Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da yerləşir. Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda balneoloji turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq. İşğal altında qaldığı müddət ərzində aparılan qanunsuz istismarın miqyasının dəqiq uçotu aparılaraq, işğalçı Ermənistan tərəfi beynəlxalq hüququn tələblərinə uyğun olaraq vurulmuş ziyanın ödəməyə məcbur ediləcək.
Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir.
Azərbaycan zəfər çalmış ölkədir. Azərbaycan xalqı düşmənin etdiyi cinayətləri, vandallığı, terrorları heç bir zaman unutmayacaq. Torpaqlarımızda törətdikləri vəhşi hərəkətlər yaddaşlarda qalacaq. Bütün bu baş verənlər videogörüntülərlə dünyaya göstərilir və ermənilərin nə cür irticaçı, qaniçən, azğın olduqlarını sübut edən faktlar var. Düşmən əməllərinə görə cavab verməlidir. Onların cinayətlərinə göz yummaq olmaz. Onlar əməllərinin cavabını veməlidirlər. Bunun üçün dövlətimiz, bütün siyasi qurumlar beynəlxalq qurumlara müraciətlər ünvanlayır, bəyanatlar verirlər ki, düşmənin etdiklərinə siyasi qiymət verilsin, cəza kəsilsin.
Azərbaycan zəfər çaldı!
Tarixi qələbəmiz mübarək! Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!
Sevil Əlişova,
Tərəqqi medallı müəllimə