Xalq qalib ordunun ali baş komandanını izdihamla qarşılayır
Torpaqlarımız azad edildikdən, xalqımız böyük qələbə qazandıqdan sonra hər birimiz qürur hissi keçiririk. Çünki 30 ilə yaxın müddətdə işğalçılıq əməlləri ilə xalqımıza olmazın pisliklər edən, dinc insanları qətlə yetirməklə qaniçənliyini nümayiş etdirən erməniləri məğlub etmişik. Bu Azərbaycan xalqının möhtəşəm qələbəsidir. Bu dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə formalaşan Azərbaycan Ordusunun, xalqımızın Böyük Qələbəsidir. Fərəhimiz aşıb daşır.
Bu günlərdə, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfərlərini hər birimiz diqqətlə izlədik. Azad olunmuş ərazilərdə böyük fəxarətlə gəzən Prezidentimiz erməni cəlladlarının törətdiklərindən danışaraq onlaraın əməllərini bir daha dünyaya göstərirdi. Bəli, dünya gördü ki, ermənilər insanlığa sığmayan əməllərindən qalmırlar, azərbaycanlılar isə ədaləti bərpa etdilər. Tarixi torpaqlarımızı müharibə yolu ilə, həm də heç bir başqa dövlətin, ordunun köməyi olmadan vətənpərvər Azərbaycan övladlarının rəşadəti ilə azad edildi. Füzuli rayonuna səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılanmışdır. Qeyd edim ki, müharibə günlərində azad edilən hər bir yurd yerinin müjdəsi ilə xalqa müraciət edən Prezidentimiz qəhrəman döyüşçülərimizin döyüş əzmindən, vətənpərvərliklərindən danışaraq onlara həm də böyük ruh verirdi.
Və bu səfəri, azad olunan torpaqlara dövlət başçısının ilk gəlişi zamanı xalq Qələbə hisslərini yaşadan Prezidentə öz sevgisini nümayiş etdirir. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezidentimiz də əslində sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu. Hər zaman xalqın dəstəyinə arxalanan Prezident xalqın məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Bu möhtəşəm qələbəni cəsur əsgərlərimiz, bir yumruq kimi birləşən Azərbaycan xalqı qazanıb, deyən Prezidentimiz 30 ilə yaxın işğal altında qalan torpaqlarımızda da birliyi, həmrəyliyi hiss etdi.
Bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentin seçimi xalqın yanında olmaqdan ibarət olub. Bu dəfə də ölkə başçısı bütün təhlükələrə rəğmən Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü.
Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir. Xalqımız yalnız bir düşmənimizin olduğunu unutmamalı, bundan sonra da əməli salehlik nümayiş etdirməlidir. Çünki, indi bizə bu birlik daha çox lazımdır. Azad edilmiş torpaqlarımıza yeni həyatın qayıtması, bir zamanlar məcburi köçkün kimi yaşayan, bu gün isə Azərbaycan vətəndaşı kimi hayatımızı davam etdirməklə biz yurdumuzun inkişafında öz sözümüzü deməli, dövlətimizin başçısının siyasətini dəstəkləməliyik.
Prezidentin Füzuli və Cəbrayıl rayonlarına səfəri qələbənin nidası da adlandırmaq olar. İki dövlət arasında gedən müharibənin fərqli nəticələrini dünya da gördü. Ermənistanda öz xalqından gizlənən Paşinyanı gördüyümüz zaman Azərbaycanda dövlət başçısı İlham Əliyev müzəffər ordu ilə qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər edib. Biz ədalət uğrunda müharibəni qalib kimi başa vurmuşuq, ermənilər isə işğalçı kimi məğlub olublar. Dünya tarixində həmişə müharibələr olub. Biz illər idi ki, danışıqlardan nəticə gözləyirdik, ancaq düşmənin məkrləri və bir də zaman bu işğalı müharibə ilə azad etməyə imkan verdi. Hər bir halda Azərbaycan qalib oldu. Həm də qəhrəman övladlarımızın qanı, canı, qəhrəmanlığı sayəsində.
“Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir. Ata baba yurdum, gözəl Cəbrayılın, kəndlərimizin ilk olaraq azad edilməsi və dövlətimizin başçısının ilk səfərinin bizim elə etməsi üçün prezidentimizə minnətdaram. İllər idi ki, bu günü gözləyirdim. Yurdumuzun düşmən tapdağı altında qalması, haray çəkməsi məni şair kimi, ziyalı, söz, qələm adamı kimi hər zaman narahat edirdi. Qələmə aldığım əsərlərdə, publisistik məqalələrimdə hər zaman yurd yerlərimizin harayından, düşmənin etdikləri cinayərtlərdən bəhs etmiş və bir gün qalib gələcəyimizə ümid etmişəm. Yenidən ata yurduma qayıtmaq hissi məni, ailəmi tərk etməyib. Bu inamı bizlərə dövlətimizin başçısının qətiyyəti, formalaşan və güclənən Milli Ordumuz bəxş etdi. Bu döyüşlərdə qəhrəmanlıqla şəhid olan vətən övladlarının ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirım. Qəhrəman döyüşçülərimizə isə dəfələrlə təşəkkür edirəm. Çünki onlar gecəni gündüz edib bu qələbəni bizə qazandırdılar.
Qazilər ilə görüşdə “Mən hər zaman Sizin yanınızda olacağam”, xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”, deyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, “Hər bir hərbçinin Ali Baş Komandanı” olduğunu aşkar şəkildə nümayiş etdirmiş oldu.
Prezidentin cəbhə bölgəsinə səfəri zamanı Xudafərin körpüsünü ziyarət etməsi xüsusi simvolik məna daşıyır. Bu həm də Böyük Qələbəmizin rəmzi oldu.
Bölgələrdə Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyi haqqında xəbər verir. Xalqın dəstəyi isə təbii ki, dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir.
Elə müharibənin əvvəllərində siyasi partiyaların birləşərək bəyanat verməsi də düşmənimizin yalnız erməni olduğunu və mübarizənin yalnız bir tərəfə yönəlməsinin vacibliyini ortaya qoydu. 50+1 formatında siyasi partiyaların birgə bəyanatı xalq-iqtidar birliyinin təcəssümüdür. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçdi.
Prezident İlham Əliyevin ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbənin rəsmiləşdirilməsi deməkdir. Prezidentin məsuliyyətli davranışını və mülki əhaliyə qarşı müharibənin aparılmadığını zəiflik kimi qiymətləndirənlər yanılırlar. Mülki əhaliyə atəş açmayan ordu məsuliyyətli, eyni zamanda, humanist prinsipləri və dəyərləri qoruyub saxlayan ölkənin ordusudur. Bölgəyə sülh gətirən Azərbaycan regionun inkişafının təminatçısıdır. Sülhməramlıların orada olması düşmənin susdurulmasına və digər ərzilərimizi tərk etməsinə imkan verir. Düşmən məğlubiyyətini istəməsə də qəbul edir, çünki onlar başqasının torpağını işğal etmişdilər, buralarda yaşamağa başlamışdılar. Bir gün ərazilərimizi tərk edəcəklərini bilirdiləır və indi bunu edirlər.
Bir il əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, hərbi təlimlər keçilməsinə göstəriş verən, Şuşada qondarma rejimin andiçmə mərasimini təşkil edən və sərxoş vəziyyətdə rəqs edən Nikol Paşinyan bu gün ən yaxın silahdaşları tərəfindən tərk edilib, məğlubiyyətə düçar olmuş, öz yaxın adamlarını döyüşlərdə itirmiş qəzəblənmiş kütlələr isə onun ofisini dağıdır, özünü də fiziki baxımdan məhv etməyə hazırdır. Əslində siyasətdən uzaq olan, yalnız məkrli planlarla, özgə torpaqlarını əldə saxlamaq üçün qətllər törətməklə, dağıtmaqla qalib gəlməyin mümkün olmadığını Paşinyan gördü və məğlubiyyətini qəbul etdi.
Azərbaycan xalqı möhtəşəm qələbə qazandı. Dünya dövlətləri də gördü ki, qəhrəmanlıq tarixi olan Azərbaycan xalqı ədaləti bərpa etməyə qadirdir. İndi biz zəfərimizi, qalibiyyətimizi qeyd edirik. Azad olunmuş torpaqlarımıza qayıdacağımız günləri sayırıq. Çünki, Qarabağ Azərbaycandır!
İsmayıl İmanzadə,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Qızıl Qələm Mükafatçısı