Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev : “ Azərbaycan xalqı böyük xalqdır, vətənpərvər xalqdır, dəmir iradəyə malik xalqdır"

12 noyabr 2020 | 16:00

Hər bir dövlətin tarixində əlamətdar günlər olur. Azərbaycan xalqı da əlamətdar, yaddaqalan günləri unutmur. Uzun illərdir ki, xalqımız torpaqlarımızın işğal tarixlərinin ildönümlərini böyük hüznlə qeyd edir, bu ərazilərin danışıqlar yolu ilə azad ediləcəyinə ümid bəsləyirdi. Lakin hadisələrin məcrası dəyişdi, daha doğrusu düşmənin məkrli niyyətləri, separatçı addımları, insanlığa sığmayan hərəkətləri torpaqlarımızın sülh danışıqları yoli ilə deyil, müharibə yolu ilə azad edilmısinə yol açdı. Bu il sentyabrın 27-də düşmınin növbəti silahlı hücumları ilə başlanan Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı zəfərləri ilə yurdumuza qələbə sevincini bəxş etdi. Bəli, noyabr ayının  10-u  ölkəmiz üçün tarixi bir gündür.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğu bir tarix. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır.
     Noyabrın 10-da elə gecəyarısı xalqa müraciət edərək qələbə müjdəsi verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdi ki, “İmzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm”.
    Bir gün əvvəl isə yurdumuzun dilbər guşəsi olan Şuşanın azad edilməsi xəbəri ilə xalqa müraciət edən dövlətimizin başçısının bu sözləri də hafizələrdə qalacaq: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Azərbaycan tarixi Qələbəni döyüş meydanında qazanır. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır”.
Qeyd edək ki, Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır.  Düşmənin pis niyyətləri, torpaqlarımızı işğal altında saxlaması və bunu dünyaya nümayiş etdirməsi xalqımız tərəfindən çox məyusluqla qarşılanır, dövlətimizin başçısı isə bu hadisəlri heç cür qəbul etmir, beynəlxalq tədbirlərdə fikirlərini ifadə edir, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı ermənilərin yerində oturdulamasını tələb edirdi. Lakin ermənipərəst qüvvələr buna biganə yanaşırdılar.  Bu biganəliyin cavabını Azərbaycanın Ali Baş Komandanı, Azərbaycanın Şanlı Ordusu, birləşən xalqımız çox  yüksək səviyyədə verdi. Torpaqlarımız bir-bir azad edildi, düşmən geri oturduldu. Budur qətiyyətin təntənəsi! İlham Əliyev: “Şuşada o dəstə başçısının özünə andiçmə mərasimi keçirməsi, Ermənistan baş naziri gedib orada iştirak etməsi Azərbaycana sataşmaq idi. Bunun hesabını soruşduq, diz çökdürdük, diz üstə qoyduq!”
     Bu qələbə, Şuşanın azad olunması ilə, şəhidlərimizin intiqamının alınması ilə, bu böyük qələbəni Azərbaycan xalqına bəxş etməklə Ulu Öndərin vəsiyyəti yerinə yetirildi. İlham Əliyevin dediyi kimi, “İşğalçıları torpaqlarımızdan iti qovan kimi qovmuşuq”. “Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!”
     Bu böyük qələbəni Azərbaycan xalqı çətinliklə və məharətlə qazanıb. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Düşmən ilə dəfələrlə atəşkəs ilə bağlı razılığa gəlinsə də onlar buna əməl etməmiş, dinc insanları belə hədəfə tutmuşlar. Düşmənin təxribatlarına cavab olaraq Azərbaycanın müzəffər ordusu cəbhə bölgəsində onları və hərbi texnikalarını məhv etməklə torpaqlarımızı azad etmiş, Azərbaycan Ordusunun gücünü dünyaya nümayiş etirmişlər.  Müharibənin bitməsi, Azərbaycanın qələbəsi ilə başa çatması ilə bağlı  Bəyanatın imzalanmasının səbəblərindən biri  Şuşanın, daha sonra bayraq günü 72 yaşayış məntəqəsinin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsidir. 43 gün ərzində qazanılan qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın.
Həmçinin son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. Bundan başqa iqtisadiyyatımızın inkişafı qələbəni əldə etmək potensialımızı təmin etdi.  Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. İqtisadi müstəqilik ordumuzu gücləndirmək üçün imkan yaradıb. Ordu üçün lazım olan bütün hərbi texnikanı, silahları alırıq.Azərbaycanda müdafiə sənayesi yaradıldı. Ordumuzun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edilir.
Azərbaycan dünyanın böyük dövlətləri ilə iqtisadi əməkdaşlıq edir, beynəlxalq tədbirlərdə iştirak edir. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi.
BMT Nizamnaməsi özünümüdafiə hüququnu bəxş edir və Azərbaycan xalqı bu hüquqdan istifadə edir. Danışıqlar tamamilə səmərəsiz olduğu üçün Azərbaycan bu hüquqlarına müraciət etməyə məcbur oldu.
     Azərbaycan illərlə, demək olar, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüz dəstəkləyən sənədlər qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı.
     Bu müharibə Azərbaycan xalqının milli birliyini nümayiş etdirdi.Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Bununla bağlı Prezidentimiz belə deyir:“Milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir”.
     “Siyasi müxalifət  bu dövrdə yüksək şüur nümunəsi göstərdi”, deyən cənab İlham Əliyev vurğulayıb ki, “ Dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. “İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır” fikri ilə yaşamaq olmaz”.
Etiraf etmək lazımdır ki, Qələbənin əldə olunmasında ən böyük amil Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsidir. Müharibədən sonra bəzi məqamlara açıqlanandan sonra hər kəs dövlətin və dövlət başçısının nə qədər böyük sınaqlardan çıxdığını, hansı böyük təzyiqlərə məruz qaldığını şahidi olacaq.
Prezidentimiz müraciətində imzalanan bəyanatı şərh edib. Bildirib ki, bəyanat müharibənin  bizim qələbəmizlə başa çatmasının sübutudur.

1. Bu gün Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında  bütün hərbi əməliyyatlar tam dayandırılır. Azərbaycan və Ermənistanhazırda tutduqları mövqelərdə qalacaqlar;
2. Noyabrın 20-dək Ağdam, noyabrın 15-dək  Kəlbəcər,  dekabrın 1-dək Laçın rayonunları Azərbaycan Respublikasına qaytarılır;
3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiyanın 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir;
4. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır;
5. Növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur;
6. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıdır;
7. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir;
8. Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir.
Bəyanatı analiz edərkən aydın olur ki, müharibəni davam etdirmək olar, lakin düşmən razılığa gəlib, məğlubiyyətini etiraf edib. Azərbaycan bu il sentyabrın 27-də başlamış İkinci Qarabağ münaqişəsinin müvəffəqiyyətlə başa vurdu, Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı.
Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır.
Bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir.  Azərbaycana  maksimum sərf edən sənəddir.
Ermənistan baş naziri əvvəlcə bəyanatıimzalamaqdan imtina etsə də, sonradan imzalamışdır.Beləliklə, Ermənistanın müstəqil siyasi iradəsi olmadığı, Rusiyanın forpostu olduğu bir daha təsdiqləndi.
     Bəyanat uzun illər davam edən işğala son qoyur.
     Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur.Qarabağa heç bir status, muxtariyyət, hətta mədəni muxtariyyət belə verilmir.
Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmə və torpaq qəsb etmək məqsədi güdmədiyini deyirdi və bu bəyanatın Ermənistan tərəfindən imzalanması sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqidir.
      İmzalanacaq sazişdən sonra insanlarımızın 30 illik həsrətinə son qoyulur, insanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq.
Bəyanatla Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürür (işğal altında olduğu dövrdə Ermənistan həmin ərazilərdə çoxsəviyyəli dərin eşelonlaşdırılmış istehkam-sığınacaq sahələri yaradıb).
      Bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.  Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək.  Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır.
Bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya iştirak edəcək. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir.
      Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir.   Beləliklə, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Bununla da, Naxçıvanın 30 illik blokadasına son qoyulur, eyni zamanda türk dünyasının yerüstü tranzit–rabitə əlaqələri bərpa olunur.
Başqa kənar oyunçuların bölgədə tərəf olmaq cəhdləri aradan qalxır.
      Bəyanatın əldə olunmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və   Rusiya Prezidenti Vladimir Putinin səylərini yüksək qiymətləndirilməlidir.  Münaqişənin dayandırılmasında bu iki lider öz müsbət rolunu oynayıb. Hər iki dövlətin hadisələrə ciddi yanaşması, ədalətin bərpa olunmasına rəy verməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün razılığa gəlməsi təqdirəlayiqdir. İlham Əliyev: “Biz düşməni məcbur edə bilmişik. Mən onlara ultimatum vermişəm. Demişəm ki, çıxmalısan, çıxmasan sona qədər gedəcəyəm”.  Prezidentimizin müraciət və müsahibələrində söylədiyi tezislər, fikirlər  bizim işimizdə proqrama çevrilib, xalqımızın dilində bir şüar kimi səsləndirilir: “Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq”. “Mən böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur”. Və qətiyyət özünü göstərdi: “Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı”.
      Ermənilər özlərini güclü  ordusu olan dövlət kimi göstərsələr də nəyə qadir olduqları üzə çıxdı. Bizim də bildiyimiz kimi, onlar özgələrə sığınan və  başqalarına aid olanı oğurlamağa, zəbt etməyə çalışan bir millətdirlər.  Onların “yenilməz” ordusu məhv oldu, fərarilik başladı, xunta başçısı Dağlıq Qarabağda əmr verdi ki, kim oradan qaçacaq, o, məsuliyyətə cəlb olunacaq. Bizdə BİR nəfər fərari oldumu? Olmadı!  Ola da bilməzdi. “Onların demək olar ki, bütün texnikasını məhv etmişik,  30 il ərzində qurulmuş istehkamları keçmişik, əsgərlərimiz aslan kimi keçiblər, əziblər düşməni keçiblər, əcəb də ediblər, öz torpağında”.
     Heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Heç kim bizimlə zarafat edə bilməz. İllər boyu dözsək də xalqımızın səbri tükəndi. İşğalçılığa son qoyulmalıdır və Milli İradə buna nail oldu: “Paşinyan bəyanatı qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Azərbaycanın dəmir yumruğunun hesabına imzalayır!”
Müharibə zamanı ermənilər bacardıqları qədər şəhərlərimizə, kəndlərimizə raketlər, mərmilər yağdırır, insanların dincliyini pozur, öldürürdülər. Bu insanlığa qarşı cinayətdir. Tərtər şəhəri, İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyir. Gündə  yüzlərlə mərmi düşürdü, amma bir nəfər də tərpənmədi. Amma ermənilər qaçıb getdilər.
Bunun əksinə olaraq Azərbaycan müharibəni humanitar hüquq normaları ilə aparmışdır, ermənilərin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq.
     Təəssüf ki, “Mənfur düşmən Şuşanı işğal altında saxlamaqla mədəni irsimizə böyük zərbə vurdu, tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi”. Onlar təkcə cani deyil, həm də azğındırlar: “Bizim məscidlərimizdə donuz saxlayan özü donuzdur”.
      Bu gen erməni tərəfdə qarışlıqlı ittihamlar baş alıb gedir. Artıq onlarla şəxs vətənə xəyanət ittihamı ilə, hərbi qanunlarla mühakimə olunub, onlarla şəxs yüksək postlardan uzaqlaşdırılıb.
Azərbaycan xalqı   27 il ərzində həmişə Ümummilli Lider Heydər Əliyevin, sonra isə prezident cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyib. Ermənistanda indiyədək az qala bütün hakimiyyət dəyişikləri qanla, gülləboranla və ya küçədə həll olunub. Azərbaycan xalqı böyük coşqu ilə qələbə bayramını qeyd edir, ermənilər parlament və hökumət binalarını dağıdır. Illər uzunu çəkdiyimiz üzüntülərin cavabı sevinc oldu, qələbə oldu. İlham Əliyev: “Mülki vətəndaşlar, evi dağılıb, malı batıb, yaxın insanını itirib, yenə də deyir ki, "Vətən sağ olsun". Ancaq irəli, irəli! Mənə yazılan məktublarda deyilir, Ali Baş Komandan, irəli!”
     Fərəhli haldır ki, bu günlərdə bütün Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinib. Düşmənin cılızlığını, pis niyyətlərini hamı bildi. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz!
      Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.
      Ermənistan monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır. Avrasiyada, bizim bölgədə başqa belə ölkə tapmaq mümkün deyil. Çünki heç kim orada yaşaya bilmir. Öz ölkələrini saxlaya bilmirlər, insanların həyat səviyyəsi aşağıdır, buna rəğmən bizim torpaqları da zəbt etmişdilər, qaytarmaq istəmirdilər, döyüşlə, təxribatlarla istəklərinə nail olmaq istəyirdilər. Lakin Azərbaycan Ordusu onları yerində oturtdu və yaxşı dərs verid.
     30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Bu cənab prezidentin fikirlərində daha aydın səslənir: “Xocalı qurbanlarının da qisasını aldıq, şəhidlərimizin də qisasını aldıq”. “Şəhidlərin ruhu qarşısında baş əyirəm. Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq”. “Azərbaycan xalqı böyük xalqdır, vətənpərvər xalqdır, dəmir iradəyə malik olan xalqdır”. “İntiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq”.
       Azərbaycan xalqı şəhidlər verərək qələbəni qazandı.Yaralı  əsgər və zabitlərin tezliklə sağalıb normal həyata dönməsi, sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik.
Ermənistan silahlı qüvvələrinin ballistik raketlərlə mülki vətəndaşlara atəş açması  hərbi cinayətdir. Onlar bu hərbi cinayətə görə cavab verəcəklər.
Dünyanın bir çox ölkələrində köçkünlər var, amma bizim köçkünlərimizin vəziyyəti o biri ölkələrdə yaşayan köçkünlərlə müqayisəedilməz dərəcədə müsbətdir. Amma onların əsas arzusu doğma torpaqlara qayıtmaqdır. Azərbaycan dövləti işğaldan azad olunmuş bütün ərazilərdə infrastrukturu yeniləyərək məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılmasını mümkün olan ən qısa müddətdə təmin edəcək.
     Azərbaycan xalqı bütün tarixi abidələri bərpa edəcək, bütün məscidləri bərpa edəcək, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Ölkəmiz bundan sonra daja da inkişaf edəcək, uğurlarlımız bir-birini əvəz edəcək.  Çünki, Azərbaycanın artıq torpaqları işğal altında deyil. “ Biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir”.
“Məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq”.
      “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi”. Çoxları qəbul etməsə də Azərbaycan Ordusu, xalqımız  dünyaya sübut etdi ki, Qələbə, Zəfər Azərbaycanındır.  “Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

        Akif Hacıyev

        Mingəçevir şəhər Ağsaqqallar Şurasının sədri

Keçidlər