Mingəçevirdə şəhər günü qeyd olundu
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindəki qalibiyyətdən sonra mingəçevirlilər böyük fərəh hissi ilə şəhər gününü qeyd etdilər. Tədbir şəhərin mərkəzi meydanında – Heydər Əliyev prospektində ucaldılmış Ulu Öndərin abidəsinə gül-çiçək dəstələri qoyulmaqla başlandı. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri tədbirdə iştirak edirdilər.
Bu başdan qeyd edək ki, mingəçevirlilər şəhər gününə xüsusi hazırlıq görmüşdülər. Şəhərin prospekt, küçə və meydanları səliqəyə salınmış, al-əlvan rəngli plakat və pannolarla bəzədilmişdi. Vətən müharibəsindəki qələbəmizi və şəhərimizin 72-ci ildönümünü əks etdirən plakatlar sakinlərin diqqətini xüsusilə cəlb edirdi. Kür çayının üzərindəki körpüdən asılmış plakat daha əsrarəngiz görünürdü: “1948-2020: Mingəçevir – 72”.
2020-ci ilin əvvəlindən şəhərdə aparılan abadlıq- quruculuq işlərinə istinadən qeyd etmək istəyirik ki, Mingəçevirin sağ və sol sahillərində bir sıra yenidənqurma işləri aparılmış, şəhər daha müasir görkəm almışdır. Hər iki yaşayış sahəsində, eləcə də Mingəçevir kəndi, Tərəvəzçilik, “Şəfa” bağlar, “Azərbaycan İES”, İncilli” və bir sıra yaşayış massivlərində aparılan abadlıq-quruculuq işləri şəhər sakinlərinin ürəyincə olmuşdur. Şəhərin 127-ci yaşayış məhəlləsində, Samux, Koroğlu, Yaşar Muradov, Həzi Aslanov, Abdulla Şaiq, Aşıq Qurbani və bir çox başqa məhəllə və küçələrində aparılan yenidənqurma işləri sakinlərin razılığı ilə qarşılanmışdır.
“Dostluq” parkı ərazisində həyata keçirilən tədbirlər xüsusilə diqqət cəlb edir. Burada “Dövlət Rəmzləri” muzeyinin və ona bitişik 200 nəfərlik örtülü yay salonunun istifadəyə verilməsi, eyni zamanda uşaq əyləncə, mini-futbol meydançalarının, musiqili fəvvarənin istifadəyə verilməsi böyük sevincə səbəb olmuşdur. Xaldan şossesi yaxınlığındakı “Nəsimi” parkının yaradılması bu ərazidə yaşayan insanların istirahətinin təşkilində əhəmiyyətli rol oynamaqdadır. Bununla yanaşı çoxmənzilli yaşayış binalarının fasadlarının, girişlərinin, dam örtüklərinin yenilənməsi, bir çox məhəllələrdə, parklarda, prospekt və küçələrdə asfalt örtüklərinin yenilənməsi, işıqlandırma sisteminin yenidənqurulması sakinlərin təklif və arzularının həyata keçirilməsinə mühüm töhfə olmuşdur. Hazırda şəhərin Puşkin, Nizami küçələrində, İncilli yaşayış massivi, “Şəfa” bağlar ərazisində mühüm işlər görülür. Uzun illər diqqət və qayğıdan kənarda qalan bu sahələr daha müasir, daha gözəl əraziyə çevrilir. Bir sözlə, Mingəçevir inkişaf edir, gözəlləşir və sakinlərimizə zövq verir. Onların məmnunluq hissini artırır.
Şəhər İcra Hakimiyyətinin başçı İlham İsmayılovun şəhər gününə həsr olunmuş tədbirdə yenidən qurulan və salınan “Qurucular”, “Bələdiyyə”, “Sağ sahil” parklarında və “Azərbaycan İES” yaşayış massivi ərazilərindəki istirahət guşələrində sakinlərlə görüşü zamanı görüləcək işlər haqqında fikirlərini açıqlayaraq qeyd etdi ki, şəhərdə abadlaşmayan məhəllə, park və xiyaban, prospekt və küçə olmayacaq. Ölkə başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq qarşıya qoyulan bütün vəzifələr uğurla yerinə yetiriləcəkdir. Mingəçeviri daha gözəl, daha firavan həyat gözləyir.
Yenidən qurulan "Qurucular" parkı
Yenidən qurulan "Bələdiyyə" parkı
Yenidən qurulan "Sağ sahil" parkı
Yenidən qurulan "Azərbaycan İES" yaşayış massivində yenidən qurulan istirahət mərkəsi
Şəhər İcra Hakimiyyətinin başçısı görüşlərdə iştirak edən sakinləri möhtəşəm “Qələbə” və “Şəhər” günü münasibətilə təbrik etdi və onları maraqlandıran bir sıra suallara da aydınlıq gətirdi.
Şəhərin quruculuğunda 1 qrup şəxslərə də hədiyyələr təqdim olunmuşdur.