Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun Mingəçevirin şəhər statusu almasının 72-ci ildönümü münasibətilə şəhər sakinlərinə TƏBRİKİ

10 noyabr 2020 | 16:00

 

Hörmətli mingəçevirlilər, əziz Mingəçevirdə müvəqqəti məskunlaşmış məcburi köçkün bacı və qardaşlarımız!

Qədim yaşayış məskəni kimi tanınan doğma Mingəçevirimizin noyabrın 11-də şəhər statusu almasının 72-ci il dönümü tamam olur. Bu əlamətdar gün münasibətilə şəhərimizin bütün sakinlərini, şəhərimizdə müvəqqəti məskunlaşmış bacı və qardaşlarımızı, eləcə də şəhərimizin qonaqlarını səmimi qəlbdən təbrik edir, Sizlərə can sağlığı, xoşbəxt həyat, səadət dolu günlər arzulayıram.
Əziz dostlar! Şəhərimiz üçün əlamətdar olan bu əziz gündə böyük iftixar hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandanimiz İlham Əliyevin rəhbərliyi ilə Milli ordumuzun əsgər və zabitləri rəşadət göstərərək uzun illər işğal altında olan, həsrətlə yolumuzu gözləyən doğma Qarabağımızın işğalına son qoyaraq onu bizə qaytardı. Bununla da işğalçı Ermənistanın təcavüzkar siyasəti iflasa uğradı. Sentyabrın 27-dən başlanan  əks-hucum müharibəsi xalqımız üçün Vətən müharibəsi idi. 30 ilə yaxın bir müddətdə Qarabağda külli miqdarda silah-sursat, döyüş ləvazimatları toplayaraq öz hərbi potensialını artıran düşmən Azərbaycana hər cür təzyiqlər göstərir, öz himayədarlarına arxalanaraq əzəli və tarixi torpaqlarımızı tərk etmək istəmirdi. Ali Baş komandanımızın daimi diqqət və qayğısı ilə təkmilləşən, yenilənən Azərbaycan ordusu əldə etdiyi müasir silahlarla düşmənə layiqli cavab verərək ona öz yerini göstərdi və bütün dünyaya yenilməzliyini nümayiş etdirdi. Buna görə bizim sevincimizin həddi hüdudu yoxdur. Vətən müharibəsinin ötən 44 günü ərzində Ali Baş komandanımızın rəhbərliyi ilə Milli ordumuz xalqımıza zəfər dolu tarix yaşatdı. Bir-birinin ardınca işğal altında olan şəhər, rayon, qəsəbə və kəndlərimiz işğaldan azad olundu. Qarabağda Azərbaycan bayrağı dalğalandı. Şuşamızın işğalına son qoyuldu. Bununla da Ermənistan təslim olmağa məcbur edildi. Eşq olsun Ali Baş komandamıza, eşq olsun Milli ordumuza! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Əziz dostlar, şəhərimizin minlərlə oğul və qızları da  bu Vətən müharibəsində iştirak etmiş, fədakarlıqları ilə Milli ordumuza dəstək durmuşlar. Onların hamısına təşəkkür edirəm. Təbii ki, müharibə həm də  itkilərlə başa gəlir. Bu müharibədə şəhidlərimiz oldu. Allah onların hamısına rəhmət eləsin, ruhları şad olsun. Eyni zamanda qeyd etmək istəyirəm ki, arxa cəbhədə abadlıq- quruculuq işləri də səngimir, şəhərimizin inkişafı və tərəqqisi naminə əməli işlər görülür, gündən-günə yüksələn Mingəçevirimiz daha da gözəlləşir. Şəhərimiz 72 il ərzində xüsusilə Ulu öndər Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyevin dövründə yüksək inkişaf edərək Respublikamızın 4-cü şəhərinə çevirilmişdir. İlin əvvəlindən tərtib edilmiş tədbirlər planına müvafiq olaraq şəhərin sağ və sol sahilində,  “Azərbaycan İES”  yaşayış massivi ərazisində, eləcə də Tərəvəzçilik, Tingçilik, “Şəfa” bağçılıq və bir sıra digər yaşayış massivlərində abadlıq işləri davam etdirilmiş, yeni-yeni parklar salınmış, köhnə parklar yenilənmiş, binaların fasadları və dam örtükləri müasirləşdirilmiş, küçələrə asfalt örtükləri salınmışdır. Hazırda şəhərin Puşkin, Nizami, Abdulla Şaiq küçələrində quruculuq işləri sürətlə aparılır. Yaxın vaxtlarda digər məhəllə və küçələrdə də  yenidənqurma işləri öz əksini tapacaqdır. Bir sözlə Mingəçevir cənab Prezidentimizin verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq yenilənəcək və inkişaf edəcəkdir.
Əziz dostlar bir daha Sizi Qarabağdakı möhtəşəm qələbə və şəhərimizin 72-ci ildönümü münasibətilə təbrik edir, hər birinizə xoşbəxt həyat və sağlamlıq arzu edirəm.


Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov

Keçidlər