Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəbkarıdır.

31 oktyabr 2020 | 16:00

Azərbaycan xalqı heç bir zaman torpaqlarının işğalı ilə barışmayıb. Ötən müddət ərzində erməni tərəfi insanlığa sığmayan terrorlar törətməklə dinc insanları öldürmüş, dağıntılar  yaratmışlar. 30 ilə yaxın bir müddətdə 1 milyona yaxın azərbaycanlı məcburi köçkün həyatı yaşamışdır. Düşmənin demək olar ki, hər gün sərhəd bölgələrimizi atəşə tutması və yeni ərazilər işğal etmək xülyası Azərbaycan xalqını  artıq təngə gətirmişdi. Danışıqların heç bir nəticə vermədiyi göz qabağında idi.  Nəhayət  istilaçıların cavabı verilməli idi.
     Sentyabrın 27-də düşmənin növbəti dəfə torpaqlarımızı müxtəlif istiqamətlərdən atəşə tutmasına Müzəffər  Azərbaycan Ordusunun adekvat cavab verməsi ilə Azərbaycan xalqı torpaqlarının azad edilməsi uğrunda Vətən müharibəsinə başlayıb. Bu gün bütün dünyanın gözü Qarabağ uğrunda gedən müharibəyə dikilib. Dünyanın bəzi dövlətləri bizim tərəfimizdədir, bəziləri isə ermənipərəst mövqe tutmaqla ədalətin bərpa olunmasını istəmir. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu. Azərbaycan Ordusu dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verərkən Azərbaycanın haqq-ədalət, ərazi bütövlüyünün bərpası uğrunda savaşından danışmaqla yanaşı ölkəmizin iqtisadi inkişafından, dünya dövlətləri ilə əlaqələrindən də bəhs edib.
      Siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirən Ermənistan hakimiyyəti elə düşünürdü ki, onların alçaq əməllərinə azərbaycanlılar göz yumacaq. Lakin  rəsmi İrəvanın siyasəti artıq ifşa olunub. Bu barədə dövlət başçısı belə deyib: “Erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirir”.
      Müharibənin getdiyi bu bir ay ərzində düşmənin istəyi ilə atəşkəs əldə edilsə də onlar buna əməl etməyiblər. Atəşkəsi 3 dəfə pozan Ermənistana etibar etmək çətindir. Cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır. Lakin, atəşkəsi üç dəfə pozan rəsmi İrəvan öz təxribatlarını dayanmadan davam edir. Erməni hərbçilərin hədəfi mülki əhalidir. Qeyd olunan amil sadəcə təxribat deyil, hərbi cinayətdir. Kasetli raketlərlə mülki əhalinin bombalanması terror aktıdır”.
      Uzun illər boyu dəfələrlə təxribatlar törədən rəsmi İrəvan əslində hərbi cinayətkardır:  “Dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir. Ermənilərin atəşləri nəticəsində 69 dinc vətəndaş həlak olub, 300-dən çox adam yaralanıb. Budur, erməni faşizminin siması”.
       Ermənistan həmişə başqa ölkələrə arxalanıb. Ermənipərəst dövlətlər onlara həmişə yardım edib, pulsuz silah sursat verib. Bu barədə fikirlərini İlham Əliyev belə ifadə edir: ” Rəsmi İrəvan bütün dövrlərdə başqa ölkələrin arxasında gizlənməyə nail olub. Onların problemlərini başqa ölkələr həll edir. Müasir erməni dövlətinin ideologiyası da, əslində, bundan ibarətdir. Bu ideologiyanın çox dərin tarixi kökləri var”.
      Müaahibə zamanı tarixə ekskurs edən dövlətimizin başçısı düşmənin məkrli niyyətinin yeni olmadığı barədə də danışııb: “Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın yarıtmaz siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra da kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər. Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmamalıdır”.
       Nikol Paşinyanın siyasəti, mənasız yerə işğallar planlaşdması göstərir ki, bu adam siyasətçi deyil, yalnız bizim torpaqlarımızın işğalının əbədiləşdirilməsini istəyir. bu yalnız onun xəyalı ola bilər. Öz dövlətinin, xalqının inkişafı, həyat tərzinin yaxşılaşdırılması üçün heç bir addım atmayan, pisliyindən qalmayan bu adam əməllərinə görə cavab verməlidir.
      İlham Əliyev:  “Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiyanın təşkil etməsi, Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanması, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılması, “Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürülməsi və sair açıq təxribatlar Ermənistan üçün yeni təhlükələrin yaradılmasına xidmət edir”.
        Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmalıdır. Bu olacaq. Azərbaycan xalqı buna inanır. Qısa müddət ərzində Müzəffər Ordumuzun qazandığı qələbələr, torpaqlarımızın hər gün yeni hissələrinin azad edilməsi bunu deməyə əsas verir. Yurdumuzun bu gözəl diyarlarında həyat bərpa olunacaq, sakinlər öz doğma ata-baba yurdlarına qayıdacaqlar. “Azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Azərbaycanlılar təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlərboyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar”.
       Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra keçid dövrü ərzində böhran və çətinliklərlə üzləşsə də zamanla problemlərimiz həll edilib. Bu gün Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasındadır.
      İşğaldan azad edilmiş ərazilərdə xüsusi müvəqqəti komendaturalar yaradılacaq, yeni və müasir tikinti-quruculuq işləri aparılacaqdır. Ölkəmizdə həyata keçirilən əsaslı tikinti işləri buna əyani sübutdur. İlham Əliyev: “ Dəymiş ziyanın hesablanması üçün komendaturalar yaradılacaqdır. Hər şey inventarlaşdırılacaq, vurulmuş ziyan qiymətləndiriləcək və sonra vətəndaşların oraya qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaqdır.  Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən Azərbaycanı dayandıra biləcək maddi maneə yoxdur”.
      Azərbaycan öz tolerantlıq ənənələrinə sadiqdir, fikirlərinə münasibət bildirən cənab İlham Əliyev vurğulayıb ki,  “Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi birgə yaşamalıdır. Tarixən iş elə gətirib ki, artıq 200 ildir erməni əhalisi bu torpaqlarda yaşayır. Ermənilərin Şərqi Anadoludan və İrandan köçürülməsi tarixini hər kəs bilir. Azərbaycanlılar əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalıdırlar. Mehriban qonşuluq şəraitində Erməni əhalisi də həmin torpaqda yaşamalıdır”.
       Minsk qrupu özünü doğrultmadı, bunu bütün dünya gördü.  Münaqişənin həlli üçün real addımlar atılmalıdır. Beynəlxalq təşkilatlar mövqelərini dəyişməli, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Çünki, Azərbaycan öz torpaqlarını geri almaq uğrunda döyüşlərdə qələbələr əldə edir. Düşmən isə özgə torpaqlarında olduqlarını, buranı zəbt etdiklərini bildiyi üçün müharibə meydanından qaçır: “BMT Təhlükəsizlik Şurasının qəbul etdikləri qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur. Münaqişəni nizamlamaq üçün formal məsələlərdən qaçmaq lazımdır. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır”.
       Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Ermənistanın hərəkətlərinə göz yumulmamalıdır. Müsahibə zamanı verilən cavabında Prezidentimiz həmsədr ölkələri ədalətli olmağa səsləyir: “Həmsədr ölkələr Ermənistana qarşı siyasi təzyiq göstərməlidirlər. Həmsədr ölkələr təcavüzkarı işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı sanksiyalar tətbiq edilə biləcəyi barədə ciddi fikirləşməlidirlər”.
       Münaqişə, müharibə olan yerdə inkişaf da ola bilməz. Uzun illər davam edən bu münaqişənin  həll onunması regionun sürətli inkişafına yol açacaqdır. Gizlin deyil ki,  Azərbaycan Şərqi Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir: “Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Əgər neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş versə, Ermənistan ciddi beynəlxalq təzyiqlə üzləşəcək”.
      Regionun inkişafı üçün müsbət əməkdaşlıq formatı yaradılıb: “Bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyinmöhkəmləndirilməsi baxımından olduqca önəmlidir”.
     Türkiyə və Rusiyanın yaxınlaşması strateji əhəmiyyət kəsb edir. Bunu bütün dünya dövlətləri bilir. Azərbaycan öz dostluq və əməkdaşlığı ilə bir çox dövlətlərlə, həmçinin bu iki nəhəng dövlətlə əməkdaşlıq etməklə bölgənin  lideri olduğunu göstərib. İlham Əliyev bu barədə belə deyib: “Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr bu ölkələrin yaxınlaşmasına xidmət edir. Rusiya və Türkiyənin əməkdaşlığı regional təhlükəsizliyin mühüm amilidir. Türkiyə ilə Rusiyanın səylərinin birləşdirməsi Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasınısürətləndirəcəkdir”.
     Regiona sülhməramlıların göndərilməsi nizamlamanın sonuncu mərhələsidir.  Müharibənin davam etməsini biz də istəmirik. Ermənilər qeyd şərtsiz qalan torlpaqlardan çıxıb getsələr razılaşma da baş tutar. Onların istəkləri heç bir  zaman baş tutmayacaq. Yenə İlham Əliyevin müsahibəsindən sitat gətirə bilərəm: “İşğalın nəticələri aradan qaldırılanda, işğal edilmiş ərazilər qaytarılanda, qaçqınlar Dağlıq Qarabağa qayıdanda sülhməramlıların göndərilməsi məsələsi aktuallaşa bilər. Erməni və Azərbaycanlı əhalinin birgə yaşamasını təmin etmək üçün birinci mərhələdə ayırıcı qüvvələr lazım olacaqdır”.
      Münaqişənin nizamlanmasında Türkiyənin rolu olmalıdır. “Türkiyə qardaş dövlətdir. Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri var. Hazırda Türkiyə təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibidir. Türkiyə həm də tamamilə müstəqil xarici siyasət yürüdür”.
     Azərbaycan münaqişənin beynəlmiləlləşməsinin tərəfdarı deyil. Ermənilərin pis niyyətinin  reallaşmasına yol vemək olmaz. “Ermənistan münaqişənin beynəlmiləlləşdirə biləcək təxribatlar edir və bu onun arzusudur. Region ölkələri Rusiya, Türkiyə, İran və Gürcüstan, - təbii ki, Azərbaycanın bu ölkələrlə etimada əsaslanan sıx tarixi, mədəni, siyasi münasibətləri var, - təcavüzkarın dəyirmanına su tökən hər hansı hərəkətlərdən çəkinəcəklər”.
      Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmayacaqdır! Bu həmişə Azərbaycanın qəti sözü olub və ermənipərəst dövlətlər nə qədər təzyiqlər etsə də torpaqlarımızın ərazisi son qarışına qədər özümüzə qayıdacaq.
           Biz yalnız öz torpaqlarımızı azad edirik, deyən İlham Əliyev bildirib ki; “Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq. Təyini-müqəddərat beynəlxalq hüququn mühüm prinsipidir, ancaq o, ölkənin ərazi bütövlüyünü poza bilməz”. Çünki, Azərbaycan Ordusu tariximizin şanlı səhifəsini yazır.
Qarabağ Azərbaycandır!


Mİrsədi Daşdəmirov,

“Tərəqqi” medallı jurnalist

 

Keçidlər