Münaqişənin siyasi yol ilə həll olunmasında Türkiyə fəal rol oynamalıdır
Azərbaycan Ordusu sentyabrın 27-də erməni hərbi birləşmələrinin yurdumuzun sərhəd bölgələrinə silahlı hücumlarının qarşısını əks həmlə ilə verərək susdurması, bunun davamı olaraq işğal altında qalan bir sıra ərazilərimizi və yüksəklikləri azad etməsi dünya ictimaiyyətinin, informasiya nümayəndəliklərinin diqqətini cəlb edib. Azərbaycan Ordusunun ardıcıl qələbələr əldə etməsi Ermənistan rəhbərliyini qorxuya saldı və onlar “danışıqlara razıyıq”, deyə həmsədr dövlətlərdən yalvardılar. Azərbaycan Ordusunu durdurmağa, daha doğrusu, azad olunan əraziləri geri qaytarmağa cəhd edən düşmən danışıqlar adı altında öz havadarlarından yardım istədi. Sentyabrın 9-da Moskva şəhərində üç ölkənin xarici işlər nazirlərinin iştirak etdiyi 11 saatlıq danışıqlar humanitar atəşkəsin imzalanması ilə yekunlaşsa da düşmən bu qərara əməl etmədi. Erməni quldurları elə həmin gün Azərbaycanın nəinki azad edilmiş ərazilərinə, hətta müharibə bölgəsindən çox aralıda yerləşən şəhərlərə, dinc əhaliyə silahlı hücumlar etməklə növbəti terror törətdilər. Bunu bütün dünya gördü. Azərbaycanda baş verənləri görən və çalışdıqları informasiya kanalları vasitəsilə dünyaya yayan jurnalistlər düşmənin azqınlıqlarından dönə-dönə bəhs etməklə həmsədr dövlətləri ədalətli olmağa səslədilər.
Atəşkəs real həyatda baş vermədi. Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyi davam edir və onlar Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər edir. Dünya bunu təkrar görür.
Humanitar atəşkəs sülh demək deyil. Müvəqqəti xarakter daşıyan humanitar atəşkəs sülh sazişi deyil. Bu humanitar məqsədli atəşkəsdir. Azərbaycan xalqının yalnız bir tələbi var, işğal altında olan torpaqların qeyd şərtsiz azad edilməsi. Sülh danışıqlarına əhəmiyyət verməyən düşmənin illər boyu torpaqlarımızda törətdikləri vəhşiliklərə, terror aktlarına əhəmiyyət verməyən həmsədr dövlətlər açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirirlər. Son günlərdəki hadisələr, Azərbaycanın düşmənə layiqli cavablar verməsi, torpaqlarımızın azad edilməsi bu dövlətləri qorxuya salıb. Görünür onlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını istəmir, erməni riyakarlığını müdafiə edirlər.
Moskva şəhərində baş vermiş son danışıqların nəticələri Azərbaycanın xeyrinədir. Həm hərbi sahədə, həm də siyasi sahədə irəlidə olan Azərbaycanın haqq səsi erməni qüvvələrinin səsindən üstündür. Azərbaycan Ordusunun şəxsi heyətinin, könüllü döyüşçülərin vətənpərvərliyi, döyüş və qələbə əzmi erməni qəsbkarlarını həqiqətən qorxuya salır. Bu məqsədlə onlar dinc dayanmır, bacardıqları qədər Azərbaycan torpaqlarına, vətəndaşlara zərbə vurmağa çalışırlar.
Danışıqların nəticəsi kimi imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsiplər mütləq olaraq nəzərə alınmalıdır. Bu prinsiplər isə Azərbaycanın maraqlarına cavab verir. Odur ki, Ermənistanın silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır. Danışıqların formatını dəyişdirmək arzusunda olan rəsmi Yerevan öz məqsədinə nail ola bilmədi. Moskva danışıqlarının nəticəsi Azərbaycanın növbəti uğuru kimi qəbul olunmalıdır.
Torpaqlarımızın azadlığı yolunda Azərbaycan xalqının haqq səsinə səs verən qardaş Türkiyə dövləti hər zaman öz dəstəyini göstərir. Ermənilərin qaniçənliyini yaxşı bilən və düşmənin torpaqlarımızdan çıxarılması tələbimizi dəstəkləyən, ermənipərəst dövlətləri haqq yoluna dəvət edən Türkiyə dövlətinin rəhbəri, xalqı ədalətin qalib gələcəyinə inanır. Bunu Türkiyənin müxtəlif telekanallarının Ana Xəbər proqramlarının təmsilçiləri də dövlətimizin başçısı İlham Əliyev ilə apardıqları müsahibələrində ifadə ediblər.
Bu günlərdə Prezidentimiz Türkiyənin “Haber Global” televiziya kanalına verdiyi müsahibədə də aydın görürük. Yurdumuzun düşmən həmlələrinə, fitnə fəsadlarına məruz qaldığını, soydaşlarımızın ev-eşiklərindən məcburi köçkün düşdüklərini, həqiqətləri yaxşı bilən türk jurnalistləri də ədalətin tərəfindədir. Və Azərbaycan dövlətinin qələbə əzmini təqdir edərək bizim yanımızda olduqlarını bəyan edirlər.
Qardaş Türkiyənin rolu əvəzolunmaz olduğunu bildirən Prezidentimiz İlham Əliyev xüsusilə bildirib ki, münaqişənin siyasi yol ilə həll olunmasında Türkiyə fəal rol oynamalıdır. Türkiyənin regionda nüfuzu hər kəs üçün aydındır. Bu nüfuz artır və qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində də əhəmiyyəti böyüyür. Söz sahibi olan Türkiyə ilə dövlətlər hesablaşmaq məcburiyyətindədir. Odur ki, Türkiyə problemin həllində iştirak etməlidir;
Status-kvonun dəyişilməsi artıq bir faktdır. Status-kvonun dəyişilməsi münaqişədə əldə etdiyimiz növbəti uğurdur. Status-kvonun dəyişdirilməsi münaqişədə yeni reallıq yaradır. Ermənistan silahlı qüvvələrinin öz mövqelərindən geri çəkilməsi rəsmi Yerevanın geri çəkilməsi deməkdir.
Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını ləyaqətlə, şərəflə davam etdirir. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz. Bunu döyüşçülərimiz gecə-gündüz düşmən hücumlarını qətiyyətlə dəf etməklə nümayiş etdirirlər.
Azərbaycan Milli Ordusunun Strateji yüksəkliklərin əldə olunması Azərbaycana taktik üstünkülər verir. Bütün əsas strateji əhəmiyyət kəsb edən yüksəkliklərin əldə olunması xalqımızın böyük qələbəsini yaxınlaşdırır. Qeyd edim ki, 30 ilə yaxın düşmən təcavüzündə qalan torpaqlarımızın azad olunması xalqın əhval-ruhiyyəsini qaldırır və onlar dövlətimizin başçısına olan etimadlarını ifadə edirlər.
Azərbaycan xalqı Dağlıq Qarabağa öz sülh həyatını qaytaracaqdır. İşğaldan azad olunacaq bütün torpaqlarda həyat bərpa olunacaqdır. Lazımi infrastruktur yaradılacaq və normal həyat yaşanacaqdır.
Ermənilərin faşist əməllərini dünya görməlidir. Bütün hadisələr, dinc əhalinin yaşadıqları ərazilərdə törətdikləri terrorlar dünya ictimaiyyətinə çatdırılır. Qoy dünya dövlətləri bir daha görsün ki, ermənilər öz mənfur xislətlərindən əl çəkmirlər. Hətta Moskva danışıqlarından sonra davam edən təxribatlar Erməni xislətini dünyaya göstərir. Sülh şəhərləri hədəf almaları onların faşist sifətlərini aşkar edir.
Prezidentimizin müsahibəsində dediyi bu fikirlər insanın sabaha olan inamını daha da artırır: “Azərbaycan xalqı Qarabağa uşaqların gülüş səsini qaytaracaqdır. Tarixi ədalətin, beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda savaş aparan Azərbaycan xalqı mütləq olaraq Qarabağa uşaqların xoşbəxt və sevincli gülüşün səsini qaytaracaqdır”.
“Biz Erməni diasporuna qarşı mübarizə aparırıq”, -dövlət başçımızın bu fikirləri hər kəsin ürəyincədir. Çünki, “İllərdir ki, biz xaricdəki erməni diasporunun yaydığı qara propoqanda ilə üzləşirik və məqsəd Azərbaycanı ləkələmək və erməni işğalına bəraət qazandırmaqdır. Dünya KİV-lərinə təsir edən erməni diaspor təşkilatları sentyabrda erməni təxribatları başlayan andan bizə qarşı iş aparırlar. Prezident Türkiyə mətbuatına minnətdarlıq ifadə etmişdir ki, real vəziyyətlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır”.
Azərbaycan atəşkəsə razılıq verdi. Bu o demək deyil ki, biz torpaqlarımızı geri qaytarmaqdan qorxuruq, sadəcə düşmənin simasının açılması bizim xeyrimizədir. Atəşkəs əldə olunduqdan sonra Azərbaycan tərəfi sözünə sadiq qalaraq atəşi dayandırdı və qərar verildi ki, diplomatik danışıqlarla barışıq əldə olunması üzrə fəaliyyətə başlayaq. Lakin, görünür cəbhə xəttində Azərbaycan tərəfinin əks-hücumu qarşı tərəfə dərs olmamışdır və mənfur düşmən yenidən çirkin əməllərindən əl çəkməyərək mülki əhaliyə hücum etmişdir. Gecə saatlarında Gəncə şəhəri “Toçka-U”raketi ilə atəşə tutulmuşdur. Bu dözülməzdir. Hadisə nəticəsində uşaqlar yaralanmış, günahsız insanlar həlak olmuşlar. Bu əsl soyqırımdır, insanlığa qarşı cinayətdir. Hamı bilir ki, Ermənistan dövləti faşist dövlətidir, terror dövlətidir. Gəncədə mülki əhalinin qətl edilməsi bunu bir daha sübut edir.
Ermənistan bütün cəbhə boyu məğlubiyyətə uğrayır. Ona görə də ermənilər öz acısını dinc əhalidən çıxarmağa çalışır. Gəncəni bombalamaq əmri şəxsən Paşinyanın əmridir və bu da acizlikdən və ağır psixoloji durumdan doğan əmrdir. Ermənistan xarici dəstək axtarır. Bu ölkə öyrəşib ki, dünya erməniliyi, islamofob dairələr onun hər bir addımına bəraət qazandıracaq, Azərbaycanı təcavüzkar kimi göstərəcək. Lakin müasir internet düzü olduğu kimi təqdim etmək və yalanı təkzib etmək imkanı verir. Bundan əlavə, biz həm beynəlxalq hüquq, həm də ədalət baxımından haqq yolundayıq. Erməni əsgəri bizim torpaqdan çıxarsa bu münaqişə də bitər. Torpaqlarımız da rahat nəfəs alar, ev-eşiyindən köçkün düşən insanlar doğma yurdlarına qayıdarlar. Təbii ki, bu olacaq. Azərbaycan torpağı, xalqı qələbə əldə edəcək, üçrəngli bayrağımız o torpaqlarda dalğalanacaq. Bunu şərəfli Ordumuzun qorxmazlığı, şücaəti də sübut edir.
Beynəlxalq aləmdən elə bir gözləntilərimiz yox idi, deyən cənab İlham Əliyev bir həqiqəti də bildirib ki, “ İllər boyu Beynəlxalq aləm bu münaqişəni fərqli tərzdə təqdim etməyə, həqiqətləri pərdələməyə üstünlük verib. Ona görə də Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın və digər Türkiyə rəsmilərinin açıq şəkildə Azərbaycanı dəstəkləmələri Azərbaycan üçün olduqca vacib idi”.
Azərbaycan mülki əhali ilə müharibə aparmır. Biz erməni torpağını istəmirik, onların torpaqlarımızdan çıxıb getməklərini tələb edirik və bu arzumuz gerçəkləşir. İlham Əliyev: “Biz Gəncə bombardmanının əvəzini döyüş meydanında verəcəyik. Biz saat 12-dən qüvvəyə minmiş atəşkəs rejiminə sadiqik, lakin görəndə ki, qarşı tərəf buna riayət etmir, biz də özümüzü müdafiə etməliyik”.
Bir həqiqət var, Qarabağ Azərbaycandır!
Mirsədi Daşdəmirov,
“Tərəqqi” medallı jurnalist