Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətində təcrübə keçən könüllülərə sertifikat verildi.

13 oktyabr 2020 | 16:00

     Mingəçevir şəhər  İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir. 
    Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədlə Mingəçevir şəhər İcra Hakimiyyəti, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlamışdır.
     Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşularaq müxtəlif sosial bacarıqlarını göstərirlər.  Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətində təcrübə keçən bir könüllü, könüllük fəaliyyətini başa vurub digər iki könüllü isə könüllülük fəaliyyətinə başlayıb.  Sosial məsafəni qorumaqla keçən tədbirdə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və könüllülər iştirak edib. İcra başçısı  əvvəlcə gənclərə bildirib ki, biz bu gün  iki tərəfli müharibədəyik onlardan biri   bütün dünyada tüğyan edən COVİD-19 pandemiyası  digəri isə satqın, xəyanətkar ermənilərə qarşı mübarizə aparırıq: ”Buna baxmayaraq dövlət orqanları fəaliyyətdədir və buna baxmayaraq biz hər iki sahədə  müəyyən tədbirlər görürük, həm də təbii ki, mingəçevirlilər və Mingəçevir gəncləri cəbhə bölgəsində erməni işğalçılarına qarşı döyüşdə iştirak edirlər. Biz çalışırıq ki, şəhər İcra Hakimiyyətinə aid olan  səlahiyyətlər çərçivəsində fəaliyyət davam etdirilsin. Könüllülük fəaliyyətinin azərbaycanda artıq səmərəsi görünür.Yəni Könüllülük İnstitutunun yaranması əslində gənclərin gələcək həyata hazırlanması və peşəkar fəaliyyətdə bir vəsilədir”. İcra başçısı gənclərə onu da bildirib ki,  Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda da bu ideologiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Respublika ərazisində baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərinin olduğu vurğulanıb. Qeyd olunub ki, Könüllülər gündəlik iş proseslərində aktiv şəkildə iştirak ediblər. Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, şəhər  İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər. Sonra 1  könüllüyə Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən sertifikatı təqdim olunub, digər iki könüllüyə yeni könüllülük  fəaliyyətində uğurlar arzulayıblar.

 

Keçidlər