Şriftin ölçüsü :

Saytın rəngi :

Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır

03 oktyabr 2020 | 16:00

     Azərbaycan torpaqlarının 20 faizi 30 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal altında saxlanılır. Düşmən doxsanıncı illərdə dayanmadan ölkəmizin Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda dəfələrlə təxribatlar, terrorlar, yanğınıar törətməklə torpaqlarımızı işğal edib, 1 milyona yaxın insan yurd yerindən məcburi köçkün düşüb. Ötən illər ərzində  Minsk Qrupunun həmsədrliyi ilə danışıqlar aparılsa da, dövlətimizin yalnız bir və haqlı tələbi-ermənilər Azərbaycan torpaqarını qeyd şərtsiz geri qaytarmalıdırlar tələbi yerinə yetirilmir. Həmçinin bununla bağlı BMT-nin 4 qətnaməsi kağız üzərində qalır. Ermənistan bütün qərarlara, tələblərə əhəmiyyət vermir, şovinist niyyətlərini həyata keçirməklə məşğuldur.
      Dağlıq Qarabağ Azərbaycan torpağıdır, bunu bütün dünya dövlətləri, ictimaiyyəti bilir. Buna baxmayaraq Azərbaycanın haqq işinə xüsusilə Avropa dövlətləri biganə yanaşır. Əslində bu dövlətlər etrmənipərəstliklərini nümayiş etdirirlər. Sentyabrın 27-də düşmənin növbəti dəfə müxtəlif istiqamətlərdən Azərbaycanın sərhəd bölgələrini atəşə tutması, mülki əhalini öldürməsi və bu kimi digər terrorlar törətməsinə bu dəfə Azərbaycan Ordusunun şəxsi heyəti tutarlı cavab verib. Hücuma əks hücum nəticəsində bir sıra ərazilər və yüksəkliklər azad edilib, düşmənin canlı qüvvəsi və zirehli texnikası sıradan çıxarılıb.
     Bu döyüşlərə dünya dövlətləri birmənalı münasibət bildirmir. Məsələn, götürək Fransanın prezidentini. Fransanın Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verdiyi bəyanat münaqişənin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir, birtərəfli və qərəzlidir- Fransa işğalçı Ermənistanı dəstəkləyir, obyektiv deyil. Makronun bəyanatı bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət etmir.
      Fransa həmişə işğalçının yanında olub və bu gün də belədir. İşğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycana  beynəlxalq hüquq norma və prinsiplərinə görə fərqli münasibət göstərilməlı, Ermənistana beynəlxalq təzyiq edilməlidir. Fransa vasitəçilik missiyasını yerinə yetirmir. Fransanın bu qərəzli və siyasi etik qaydalara sığmayan bəyanatı onu göstərir ki, bu ölkə Minsk Qrupu həmsədri funksiyasını yerinə yetirməkdə psixoloji çətinlik çəkir. Fransa bu missiyasını tərəfsiz olaraq yerinə yetirib-yetirməyəcəyi haqqında xüsusi açıqlama verməlidir.
        Azərbaycan öz torpaqlarını azad etmək niyyətindədir. İllər uzunu aparılan danışıqların müsbət nəticə vermədiyini, düşmənin sülh yolu ilə geri çəkilmədiyini görən Azərbaycan Ordusunun əsgər və zabitləri torpaqlarımızın azad edilməsi yolunda əzmlə mübarizə aparırlar. Güclü və möhtəşəm Azərbaycan Ordusu ölkə prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyevin apardığı siyasəti, torpaqlarımızın bir qarışı belə düşməndə qalmamalıdır devizini rəhbər tutaraq cəsarətlə döyüşür. Azərbaycan vətəndaşları  erməni torpağına ayaq basmayıb, bu fikir bizdən çox uzaqdır.
          Hadisələrə obyektiv deyil, qərəzli münasibət göstərən Fransanın Minsk Qrupu həmsədrliyindən çıxarılması müzakirə edilməlidir. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik missiyasını yerinə yetirən bir ölkənin prezidentinin Ermənistana və ermənilərə xitabən “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq.” – deyə bəyanat verməsi əsla qəbul edilə bilməz. Bu işğalçı Ermənistanın mükafatlandırmaq və yeni ərazilər işğal etməyə həvəsləndirməkdir. Ermənistan hərbi birləşmələrinin və onların havadarlarının torpaqlarımızda törətdikləri hadisələri bilən bir dövlət başçısınin bu bəyanatı onun  münaqişənin davam etməsinə tərəfdar olduğunu göstərir. Deməli aparılan danışıqlar zamanı bu adam qətiyyətsiz olub, minaqişənin sülh yolu ilə qurtarılmasınnın, torpaqların geri qaytarılmasının tərəfdarı olmayıb.
        Vasitəçi tərəfsiz və ədalətli olmalıdır. Makronun timsalında Fransa obyektiv və ədalətli vasitəçi reputasiyasını itirdi. Bu bəyanatla Makron Fransanın 30 illik danışıqlar prosesi boyunca tərəflərə fərqli münasibət göstərdiyini ortaya qoydu. 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt Sammitində Minsk Qrupunun mandatı müəyyən olundu. 1997-ci ildə Fransanın Minsk Qrupuna həmsədr kimi təklif olunması bizi sevindirdi. Makronun son bəyanatı əyani sübutdur ki, biz yanılmışıq.  Makronun “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq.” bəyanatının bir anlamı var: Fransa Azərbaycan torpaqlarının zəbt olunmasının davamında Ermənistan və ermənilərə yardımçı olacaq.
        Bundan başqa Makronun Latviyanın paytaxtı Riqada səsləndirdiyi “Fransa Türkiyənin savaşkar bəyanatından olduqca narahatdır, bu bəyanat Azərbaycan üzərindən məsuliyyəti götürür və Şimali Qarabağı (dediyi kimi) yenidən fəth etməyə imkan verir” deməsi, Makronun nəinki ədalətli vasitəçi, həm də münaqişənin detalları və tarixi haqqında xəbərdar olmasına şübhə yaradır.
       Fransa Türkiyənin və digər İslam dövlətlərinin Azərbaycanın yanında olmasından narahatdır.  Azərbaycan işğalçıya qarşı Vətən Müharibəsi aparır. Bu savaş Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək uğrunda Vətən Müharibəsidir. Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu anlamayan vasitəçilərin missiyasına ehtiyac yoxdur. Çünki şanlı Azərbaycan Ordusu düşmənlə döyüşməyə, torpaqlarını azad etməyə qadirdir. Qeyd edim ki, Ordumuz o qədər güclənib ki, onun heç bir kənar yardıma, köməyə ehtiyacı yoxdur. Milli Ordumuzun qısa müddət ərzində qazandığı qələbələr, torpaqlarımızı azad etməsi, düşmənin  qorxaraq geri qaçması Fransanı və digər qərəzli dövlət başçılarını narahat edir.
        Azərbaycanın Ermənistanın işğal etdiyi torpaqlarını azad etməsi üçün bütün hallarda beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın haqlı mübarizəsinə qərəzli mövqe nümayiş etdirən Qərb dövlətlərinin, institutlarının, həmçinin media qurumlarının fəaliyyətini, onların peşəkarlığın və obyektivliyini ciddi şəkildə şübhə altına almağa hər cür əsas var.
         Fransa münaqişənin sülh yolu ilə həll edilməsi üçün müzakirələrin davam etmədiyini bilirdi. Fransa, ABŞ, Rusiya və bir sıra beynəlxalq qurumlar Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların bərpasına dair çağırışlar edirdilər. Son iki ildə Azərbaycan Prezidenti İlham Əliyev bu ölkələrin diqqətinə çatdırırdı ki, Paşinyan hökuməti danışıqlardan imtina edir. Ermənistanın müharibəyə hazırlaşdığını, Prezident İlham Əliyev dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdı. Paşinyanın diktator olduğunu bütün dünya bilir. Onun Azərbaycanla bağlı verdiyi müsahibələr, bəyanatlar yalnız şantaj xarakterlidir. O müharibə, terror tərəfdarıdır, ədalətsiz müharibə zamanı hətta erməni vətəndaşlarının  ölümü belə onu narahat etmir. Onun məqsədi öz dövlətini inkişaf etdirmək, vətəndaşların həyat səviyyəsini yaxşılaşdırmaq  deyil, başqasına zərər vurmaq, məkrli planlarını həyata keçirməkdir.

        Fransa soyqırımı törətmiş bir ölkədir. Fransanın yaxın tarixinə diqqət yetirdikdə onun soyqırımlarla dolu səhifələrini görməmək mümkün deyil. Əlcəzair xalqı Fransanın hakimiyyəti altında 132 ildə (1830-1962) müstəqillik uğrunda mübarizə aparmış və nəticədə fransızlar tərəfindən 1,5 milyon əlcəzairliyə qarşı soyqırımı həyata keçirmişdir. Həmçinin Fransa Vyetnamda çox böyük soyqırımı həyata keçirmişdir. Fransanın soyqırımı keçmişi yalnız Əlcəzairlə və Vyetnamla məhdudlaşmır. Fransa üç qitədə olan müstəmləkələrində yerli əhaliyə qarşı soyqırımı törətmiş, əhalini ölkəni tərk etməyə məcbur etmiş, dinlərini dəyişdirmiş və onlara ən adi insani yaşamaq haqqı verməmişdir.
       Fransanın Cibutidə törətdiyi soyqırımı da tarixin yaddaşındadır. XIX əsrin 60-cı illərində Fransa əsgəri birlikləri Cibutiyə daxil olub. 1917-ci ildə Cibutidə başlanan azadlıq mübarizəsi qan gölündə boğulmuş, 100 minlərlə insan öldürülmüşdür.
     Fransanın törətdiyi soyqırımları sadalamaqla bitmir. Çad torpaqlarının fransızlar tərəfindən işğalı da bu ölkənin törətdiyi soyqırımlar silsiləsinin davamıdır. Ötən əsrin 50-ci illərinin sonlarına qədər fransızlar Çadda soyqırımına davam etmişlər.
      Fransanın Qabonda törətdiyi soyqırımı. Fransa Qabon torpaqlarında da soyqırımı həyata keçirmiş, İslam dinini qadağan etmiş, din xadimlərini öldürmüş, 10 minlərlə insanı yaşamaq hüququndan məhrum etmişdir.
        Fransanın Tunisdə törətdiyi soyqırımı. 1881-ci ildə Fransa Tunisi işğal etmişdir. Fransızlar burada müqavimət göstərənlərə qarşı amansız terror həyata keçirmişlər.
Fransanın müharibə mirası.  Bu gün Kamerunun ingilisdilli və fransızdilli bölgələri arasındakı savaş Fransanın müstəmləkə dövrünün Afrika ölkələrinə qoyduğu acı mirasdır. Bu faktlar göstərir ki, Fransa özü terrorçu dövlətdir, ermənilərin törətdikləri terrorları bunun üçün bəyənir. Və ermənilərin hərəkətlərini təqdir edir, Azərbaycanınn haqq işi, torpaqlrının azad edilməsi üçün döyüşməyini qəbul etmir.
       Makrona məsləhət görərik ki, Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər verib uca bəyanatlar səsləndirməkdənsə, Korsika xalqına millətlərin öz müqəddəratını müəyyən etmək prinsipini bəxş etməklə “əsl demokratiya” nümunəsini göstərsin. Fransa bilir ki, Müstəqil Azərbaycan Respublikası artıq kiçik  və zəif bir dövlət deyil. Azərbaycanın iqtisadiyyatı güclənib, dünyaya inteqrasiya edir. Azərbaycanda insan hüquq və azadlıqları qorunur, vətəndaşların həyat səviyyəsi yaxşılaşır.
       Ölkəmizin vətəndaşları öz vətənpərvərlikləri ilə dünyaya göstərir ki, Vətən, Torpaq uğrunda düşmənlə döyüşməklə ölümün gözünə dik baxaraq Azərbaycan  şərəfli tarixini zəfərlə davam etdirəcək.  

Üzeyir  Zeynalov,
MDU-nun baş müəllimi

Keçidlər