Azərbaycan xalqı böyük qələbəyə yaxınlaşmaqdadır.
Ötən əsrin son illərində erməni daşnaqları Azərbaycan torpaqlarının ərazi bütövlüyünü pozaraq Dağlıq Qarabağda və ətraf rayonlarda dəfələrlə işğalçılıq əməlləri törətməklə minlərlə insanın öz doğma ev-eşiyindən məcburi köçkün düşməsinə, günahsız insanların, hərbçilərin, qadınların, qocaların, uşaqların ölümünə səbəb olmuşlar. Dünya ölkələri, siyasi qrumlar bu faktları bilir. Həmin illərdə Xocalı soyqırımı kimi insanlığa sığmayan qətlian törədən erməni silahlı birləşmələri və onların havadarları təəssüf ki, hələ də cəzalarına çatmayıblar. 1994-cü ilin may ayında Ulu Öndər Heydər Əliyevin apardığı danışıqlar sayəsində atəşkəs əldə edilsə də, düşmən tərəf ötən illər ərzində Azərbaycanın sərhəd bölgələrinə silahlı hücumlar etməklə əsgər və zabitlərin, mülki əhalinin, hətta uşaqları belə öldürməklə öz qaniçən simalarını göstərmişlər. Bu il iyulun 12-də düşmənin Tovuz rayonu istiqamətindəki növbəti təxribatı zamanı hərbçilərimiz Şəhid oldu. Azərbaycan dövləti düşmənin davamlı təxribatları barədə Dünya dövlətlərinə məlumat versə də, Minsk qrupu, həmsədr dövlətlərlə danışıqlar aparılsa da düşmən öz xislətindən əl çəkmir.
Ermənistan rəhbərliyi öz çirkin niyyətini planlı şəkildə həyata keçirir. 27 sentyabrdakı hadisələr düşmənin faşist niyyətini bütün dünyaya göstərdi. Planlı şəkildə həyata keçirilən hər bir təxribat əslində panika yaratmaqdır, Azərbaycan cəmiyyətini təşvişə salmaqdır. Hadisələrin gedişi ilə bağlı xalqın daim məlumatlandırılmasına dair ölkə başçısı tyərəfindən verilən tapşırıq hökumətin xalqa arxalandığını göstərir.
Iyul hadisələrindən hiddətlənən Azərbaycan xalqı düşmənin hərəkətinə etirazını bildirərək torpaqlarımızın müharibə yolu ilə azad olunmasını təklif etmişdir. Yüzlərlə vətənpərvər insan döyüşə getmək istəyi ilə səfərbərliyə yazılmışdır. Təkcə bu fakt kifayətdir ki, Azərbaycan xalqı torpaqlarının düşməndən azad edilməsi üçün cəbhə bölgələrinə getməyə hər zaman hazırdır.
Müstəqillik əldə edildikdən sonra Azərbaycanın Milli Ordusu yaradılmış, bazası gücləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ilbəil güclənən Azərbaycan ordusu düşməni dəf etməyə, torpaqlarımızı geri qaytarmağa qadirdir. Danışıqların heç bir nəticə verməməsi, düşmənin hətta BMT-nin aktına belə əməl etməməsi onu göstərir ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkmək istəmir. Azərbaycan ordusunun qəhrəman əsgər və zabitlərinin 2016-cı ilin aprel döyüşlərində düşməni susdurması və ən böyük yüksəkliyi geri qaytarması tariximizin şərəf səhifəsinə çevrilib.
Işğalçı dövlət məkrli niyyət və əməllərndən əl çəkmədikcə, Azərbaycan xalqının narahatlığı da artacaq. Sərhəd bölgələrimizə silahlı hücumlar ərazidə yaşayan insanların dincliyini pozur, həyat tərzinə mənfi təsir edir. Düşmən susdurulmalı, hücumlar cavablandırılmalıdır. On minlərlə insanın orduya könüllü yazılması, eləcə də təxribatlar zamanı öz evlərini tərk etməməsi ölkəmizdə xalq – ordu birliyi və orduya olan inamından xəbər verir.
Sentyabrın 27-də səhər saatlarında düşmənin növbəti hücumu yenə vətəndaşların narahatlığına, yaralanmasına, inzibati binaların, evlərin, ərazilərin dağıdılmasına səbəb olub. Bu dəfə Azərbaycan ordusunun əsgər və zabitləri düşmənin hücumunu qətiyyətlə cavablandıraraq onlara böyük zərbə vurmuş, bir neçə yaşayış yerini işğaldan azad etmişdir. Illər boyu düşmən əsarətində olan ərazilərimizin xilas edilməsi zəfərimizdir, qələbəmizdir.
Hadisələrlə bağlı Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını etməklə vəziyyəti nəzarətə götürmüş, cəsur əsgər və zabitlərimizə böyük ruh yüksəkliyi ilə, həm də qorxmadan qələbə əzmi ilə döyüşməyi təlqim etmişdir.
Qeyd edək ki, sentyabrın 27-də Azərbaycan telekanalları vasitəsi ilə xəbərləri davamlı izləmişik. Həmin günün həyəcanlı saatları sonda qələbə sevincini eşitməklə nəticələndi. İnternetin olmaması səbəbindən cəbhə bölgələrindəki vəziyyətdən hər kəs bixəbər idi. əslində belə hallarda internetə məhduduyyətin qoyulması doğru addımdır. Çünki, təxribat yaratmaq, insanları çaşdırmaq, fikirlərini yayındırmaq istəyən pis niyyətli qüvvələrin qarşısını almaq zəruridir.
Fərəhimiz hədsizdir. Düşmənin hücumuna əks hücum zamanı Milli Ordumuzun fədəkarlığı sayəsində 7 yaşayış məntəqəsinin və 2 hündürlüyünün i.ğaldan azad edilməsi Azərbaycan xalqını böyük qələbəyə daha da yaxınlaşdırır. Bu döyüşlər zamanı qəhrəmanlıqla həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyir, qisasınız alınacaq, ruhunuz şad olsun, deyirəm.
Dəmir Abdullayev
Ehtiyatda olan mayor