Yüksək bal toplayan gənclərlə onlayn görüş keçirildi.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 2019-2020-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış mingəçevirli abituriyentlərlə onlayn formatda görüş keçirib. İcra Hakimiyyətinin başçısının mingəçevirli gənclərlə keçirilən görüşünə eyni zamanda YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, şəhər Təhsil şöbəsinin müdiri Sahib Məmmədov və İcra Hakimiyyətinin məsul işçiləri də qatılıblar.
Qeyd edək ki, bu il Mingəçevir şəhərindən ali məktəblərə qəbul imtahanlarında iştirak edənlərin 62 faizi keçid balını keçərək tələbə adını qazanmaq şansını əldə etmiş, abituriyentlərdən 22 nəfər 600 baldan yuxarı bal toplamış, onlardan ikisi – şəhər Texniki Humanitar Liseyin şagirdləri – Mustafayev Samid və Mikayılov Ömər isə 650 baldan yuxarı bal toplayıblar.
Onlayn görüşü giriş sözü ilə açan Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov əvvəlcə yüksək bal toplamış şagirdləri bu nailiyyət münasibətilə təbrik edib, onlara gələcək tələbə həyatında uğurlar arzulayıb. İlham İsmayılov qeyd edib ki, Mİngəçevir təhsili hər zaman yüksək göstəricilərə görə respublikada ön sıralarda olub və bunun da əsas səbəbi ölkə prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın elm və təhsilin inkişafına xüsusi diqqət göstərmələridir. Bu diqqət və qayğının nəticəsidir ki, Mingəçevir məktəbləri mərhələli qaydada əsaslı təmir olunur və ən müasir inventar və avadanlıqlara təchiz edilir. Təkcə bu il Mingəçevirdə 13 və 16 saylı məktəblər əsaslı şəkildə təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Xüsusilə Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti vurğulanmalıdır. Belə ki, 13 saylı məktəbin yenidən qurulması və ən müasir avadanlıqla təchiz olunması Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində həyata keçirilib. Eyni zamanda Prezident İlham Əliyevin sərəncamına əsasən şəhər 12 saylı məktəbin əsaslı təmiri üçün vəsait ayrılıb və artıq bu məktəbdə də yenidənqurma işlərinə start verilib.
İcra Hakimiyyətinin başçısı pandemiya ilə əlaqədar mart ayından etibarən məktəblərdə tədrisin dayanmasına baxmayaraq belə göstəricilərin əldə olunmasını yüksək qiymətləndirib və şəhərdə tədrisin təşkilində əməyi olan bütün müəllimlərə öz təşəkkürünü bildirib. O həmçinin qeyd etdi ki, ölkə ərazisində pandemiya ilə dövlət səviyyəsində effektiv mübarizə aparılır və yaxın vaxtlarda normal həyat şəraiti yenidən bərpa olunacaq.
Görüşdə çıxış edən YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov Mingəçevirli gənclərin hər zaman elmdə yüksək nailiyyətləriylə seçildiklərini, gənclərin eyni zamanda, ictimai-siyasi həyatda da fəal olduqlarını vurğuladı. Cavanşır Yusubov gəncləri təbrik etdi və onlara gələcək işlərində uğurlar arzuladı.
Təhsil şöbəsinin müdiri Sahib Məmmədov çıxışı zamanı Mingəçevir təhsilinin nailiyyətlərindən bəhs edib və onlara göstərilən diqqət və qayğıya görə ölkə və şəhər rəhbərliyinə şəhərin bütün təhsil ictimaiyyəti adından təşəkkürlərini bildirdi.
Konfransda iştirak edən gənclər belə bir görüşün keçirilməsinə görə minnətdarlıqlarını dilə gətirdilər, gələcək tələbə həyatlarında da yüksək nailiyyətlər göstərərək Mingəçevirin adını yüksəldəcəklərinə söz verdilər.
Görüşdən sonra 600-baldan yüksək bal toplamış 22 mingəçevirli şagirdin hər birinə Şəhər İcra Hakimiyyətinin başçısı adından hədiyyələr göndərildi.
Məlumat üçün bildirək ki, İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bir gün əvvəl 650 baldan yuxarı bal toplamış gənclərlə ayrıca Dövlət Rəmzləri Muzeyində görüşmüş, onları təbrik etmiş və gənclərə hədiyyələr təqdim etmişdi.